Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sürət qatarları sərnişinləri vaxtından da tez mənzil başına çatdıracaq
Bir müddət öncə ölkəyə sürət qatarlarının gətiriləcəyi bildirilsə də, nədənsə sözügedən məsələ bu günə kimi öz həllini tapmayıb. Lakin son günlər sürət qatarlarının gətiriləcəyi məsələsi yenidən gündəmə gəlib. Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, sürət qatarlarının gətirilməsi məsələsi maliyyə probleminə görə ləngiyir: "Gələcəkdə Bakı-Böyük Kəsik-Bakı dəmir yolu xətti ilə sürət qatarları xəttinin çəkiləcəyi planlaşdırılır. Bunun üçün sözügedən istiqamətdə dəmir yolu xəttinin açılışı da nəzərdə tutulub".
Söhbət əsnasında öyrəndik ki, artıq bu ideyanın reallaşdırılması üçün paytaxta koreyalı mütəxəssislər dəvət olunublar. Onlar ölkənin dəmir yolu xətlərinin vəziyyəti ilə tanış olduqdan sonra bildiriblər ki, yüksək sürət qatarlarının hərəkətini gerçəkləşdirmək üçün ilk növbədə ölkə ərazisində yeni dəmir yolu xətlərinin salınmasına ehtiyac var. Bu işlərin həyata keçirilməsi üçün isə Dünya Bankının Azərbaycana 450 milyon dollar həcmində kredit ayıracağı ilə bağlı razılaşma əldə olunub. Həmin vəsait hesabına 240 km. uzunluğu olan dəmir yolu xəttinin tikintisi nəzərdə tutulub. Bununla yanaşı, yeni lokomotivlər alınacağı, siqnalizasiya, enerji sistemi quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda sərnişin qatarlarının sürət xətti saatda 100 kilometr təşkil edirsə, sözügedən layihə həyata keçiriləndən sonra bu hədd saatda 120-150 kilometrə çatacaq. N.Əzməmmədov adıçəkilən layihənin həyata keçirilməsinin vaxtının dəqiq məlum olmadığını da dilə gətirdi. Hələlik Beynəlxalq Bank tərəfindən kredit üçün nəzərdə tutulan vəsait ayrılmayıb: "Pul ayrılandan sonra bu barədə dəqiq məlumat vermək mümkün olacaq və nəzərdə tutulan istiqamətdə işlərə başlanılacaq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.