Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycanda ailələrin yoxsul olmasının səbəbi onlarda uşaqların və əlillərin sayının çox olmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı Sosial Yardım Şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, ünvanlı sosial yardım alanların 49,9 faizini çoxuşaqlı ailələr təşkil edir: "Bununla bağlı 4 rayonda monitorinq aparılaraq qanunvericilikdə dəyişikliklərin edilməsindən ötrü təkliflər nəzərdə tutulub. Hazırda isə aztəminatlı ailələrin sosial reabilitasiyası proqramının hazırlanmasına başlanıb. Bu proses ilin ortasında başa çatdıqdan sonra sənəd aidiyyəti qurumlara təqdim ediləcək". Görülən işlərin yeni mərhələsi kimi ailələrin reabilitasiyası yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması nəzərdə tutulur. Bunun üçün nazirlik tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi işinə başlanıb. Artıq bütün ölkə ərazisini əhatə edən korporativ şəbəkədə aztəminatlı ailələrin sosial-demoqrafik qruplar üzrə tərkibi, onların gəlirləri və əmlakları barədə məlumat bazası yaradılıb. Şöbə müdiri əlavə edib ki, ünvanlı sosial yardımın verildiyi üç il ərzində dövlət büdcəsindən ayrılan vəsait 4,6, bir ailəyə ödənilən vəsaitin həcmi isə 2,6 dəfə artıb. Onu da qeyd edək ki, ötən il 144829 ailə ünvanlı sosial yardım alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hər bir ailəyə verilən müavinətin həcmi 113,30 manat təşkil edib. Yeri gəlmişkən, ötən il ərzində əhalinin sosial müdafiəsi mərkəzlərində 50 araşdırma aparılıb. Aparılan araşdırmalar zamanı ciddi nöqsanlara yol verdiklərinə görə 5 nəfər tutduğu vəzifədən azad edilib, 79 nəfərə isə töhmət verilib. Nəticədə 80600 manat qanunsuz ödənilən vəsait təqsirkar şəxslər tərəfindən tutularaq büdcəyə qaytarılıb. Qeyd edək ki, Dünya Bankının "Pensiya və sosial təminat" layihəsi çərçivəsində ünvanlı dövlət sosial yardım proqramının icrası ilə bağlı monitorinq məqsədi ilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faiz əməl olunub.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.