Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Müvafiq strukturlar süni qiymət artımına yol verənlərin cəzalandırılacağını iddia edirlər
Dünya ölkələrində bayram ərəfəsində qiymətlər aşağı düşdüyü halda ölkəmizdə bunun tam əksi baş verir. İşbazlar bayramın gəlişini bəhanə edərək süni qiymət artmından əsaslı şəkildə yararlanmağa çalışırlar, bununla da insanların bayram əhvali-ruhiyyəsini korlayırlar. Novruz bayramı ərəfəsində ərzağın qiymətində baş alıb gedən bahalaşma buna əyani sübutdur. Bəzi işbazlar baş verənləri əhalinin alıcılıq qabiliyyətinin artması ilə əlaqələndirirlər. Mövcud hal yalnız Novruz bayramında deyil, Yeni ilin gəlişinə bir neçə həftə qalmış da bazarlarımızda müşahidə edilir. Necə deyərlər, əhali artıq bunu normal hal hesab edir. Bazarlarda bu Novruz ərəfəsində yaşananları təxmin etsək də, başverənləri gözlərimizlə görmək istədik. Bu məqsədlə paytaxt bazarlarının bir neçəsinə alıcı gözü ilə baş çəkdik. İlk olaraq 8-ci kilometr bazarında olduq. Novruz süfrəsində çərəzlər menyuda liderlik etdiyinə görə, elə ilk olaraq onun qiyməti ilə maraqlandıq. Qiymətlər gözlədiyimizdən də çox qalxmışdı. Məsələn, bir neçə həftə öncə 5-7 manata satılan qoz ləpəsini indi nə az, nə çox - 10-12 manatdan ucuz almaq mümkün deyildi. Bahalaşma bayram şirniyyatlarının indiqridentlərindən də yan keçməyib. Belə ki, kərə yağı, şəkər tozu, süd, qənnadı məmulatları və düyünün də qiyməti xeyli artıb. Məsələn, Zellandiya istehsalı olan kərə yağı fevral ayında yanvarla müqayisədə 40 qəpik bahalaşaraq 5 manat 50 qəpiyə çatıb. Qeyd edək ki, dekabrda həmin məhsulun 1 kq-ı 4 manat 70 qəpik təşkil edirdi. Almaniya və Fransa istehsalı olan kərə yağları daha çox bahalaşıb. Bazarda kənd təsərrüfatı məhsullarının da qiymətinin xeyli artdığını müşahidə etdik. Belə ki, bahalaşma daha çox soğan, kartof, kələm, yerkökü, bibər, pomidor, üzümə təsir edib. Onlar elə bil qiymət deyişməsinə başlayıblar. Kartofun qiyməti 2,5 dəfə artıb. Noyabrın ilk günlərində əla sort sayılan kartofun 1 kq-ı 40 qəpiyə, dekabrda 50 qəpiyə, yanvarda 60 qəpiyə, fevralın ilk həftəsində 70 qəpiyə, hazırda isə 80-90 qəpiyə satılır. Maraqlıdır, müvafiq strukturlar süni qiymət artımının qarşısını almaq üçün hansı tədbirləri görməyi planlaşdırırlar? Bu məqsədlə bir sıra aidiyyəti qurumlarla əlaqə saxladıq. Məlum oldu ki, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayram ərəfəsində süni qiymət artımına qarşı reydlər keçirir. Nazirlik əhalini istehlak mallarının qiymətinin əsassız artırılması halları ilə rastlaşdıqda istehlak bazarına nəzarət üzrə Dövlət Xidmətinə məlumat verməyə çağırır. Qurumdan həmçinin o da bildirildi ki, bayramın gəlişi ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına olan tələbatının artmasından sui-istifadə edib, ərzaq mallarının qiymətlərini əsassız şəkildə artıranlar ciddi cəzalandırılacaq. Apardığımız araşdırmalardan belə qənaətə gəldik ki, aidiyyəti strukturlar bayram ərəfəsində kənd təsərrüfatı məhsullarına da nəzarəti gücləndirəcəklər. Bu məqsədlə bir sıra ərazilərdə yarmarkalar təşkil olunmaqdadır. Həmin yarmarkalar da nəzarətdən kənarda qalmayırlar. Kənd Təsərrüfatı Nazirliyi həm də Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının sayını artıracaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, hələlik Bakı şəhərinin 7 rayonunun ərazisində 15 yerdə şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir: "2009-cu ilin axırınadək 359 yarmarka keçirilib və 80 min tondan artıq müxtəlif kənd təsərrüfatı məhsulları satılıb. Ümumilikdə yarmarkalara respublikanın 42-dən çox rayonundan kənd təsərrüfatı məhsulları göndərilib". Xidmət rəhbəri Novruz bayramı ərəfəsində yarmarkalarda qiymətlərin bazarlardan ən azı 20-30 faiz ucuz olacağına əminlik ifadə edir. Maraqlıdır, millət vəkilləri yaşanan bahalaşma haqqında nə düşünürlər? Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, bayramlar gələndə onsuz da həmişə qiymətləri qaldırırlar: "Qalxan qiymətlər də bazarın tələbatına uyğun qiymətlər deyil. Bazarlar da müəyyən insanlara qulluq edir. Yəni orda da müəyyən inhisarçılar var. Dövlət tərəfindən nəzarət forması da Azərbaycanda çox güclü deyil. Baxmayaraq ki, bazarlarda azad qiymətlərdir, amma qiymətləri elə səviyyədə götürmək lazımdır ki, inhisarçılar məhsulları istədikləri dəyərlə sata bilməsinlər. Ona görə də bu sahədə müəyyən problemlər yaranır". Millət vəkili Nazim Məmmədovun fikrincə, bahalaşmaya səbəb yeni maliyyə ilinin başlamasıdır: "Büdcə ili fevralın 15-dən həyata keçməyə başlayır. Nazirlər Kabineti müəyyən layihələrə qərar verir, tikinti işləri üçün vəsait buraxılır. İqtisadi artımın inflyasiyaya təsir etməsi isə qanunauyğunluqdur". Amma Nazim Məmmədov bahalaşmaya təsir edən subyektiv amilləri də istisna etmir. Onun fikrincə, ayrı-ayrı inhisarçılar da bazara təsir göstərirlər. Millət vəkili ümid edir ki, Rəqabət Məcəlləsi bu il qəbul olunacaq və işləyəcək: "Mən istəyərdim ki, rəqabətlə məşğul olan qurum prezident yanında olsun".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.