Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Prezident aidiyyəti orqanları sərt tədbirlər görməyə çağırdı
Son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət məntəqələrində və bazarlarda qida məhsullarının keyfiyyət göstəriciləri ilə bağlı monitorinqləri gücləndirməsinə baxmayaraq, yenə də bu sahədə problemlər qalmaqdadır. Xüsusilə regionlardakı ticarət məntəqələrində keyfiyyətsiz malların çeşidi artıb. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında narahatlığını ifadə edib. Ölkə başçısı deyib: "Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunu araşdırın. Bəlkə biz cəza tədbirlərini daha da sərtləşdirək. Çünki bu, insanların birbaşa sağlamlığına mənfi təsir göstərir. Zəhərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər. Ona görə idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni primitiv üsullarla hazırlanan qida məhsullarına çox ciddi nəzarət olmalıdır". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hər gün mağazalardan tonlarla keyfiyyətsiz məhsullar çıxarılsa da qurtarmır. Çünki idxala, istehsala və satışa nəzarət güclü deyil. Bu gün xaricdən gətirilən yağların demək olar ki, hamısı keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəlidir. Eləcə də toyuq və mal əti, kolbasaların böyük əksəriyyəti istifadə üçün yararsızdır. E.Hüseynov bildirib ki, saxta və keyfiyyətsiz malların idxalı və satışı ilə bağlı iqtisadi qanunvericilikdə, eyni zamanda Mülki Məcəllədə bir sıra sanksiyaların tətbiq olunması öz əksini tapıb. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, həmin şəxslər 2-3 min manat, hüquqi şəxslər isə 3-5 min manat arası cərimə edilir. Həmçinin bununla bağlı cinayət məsuliyyəti də nəzərdə tutulub. "Tacirlər və İstehsalçılar" İctimai Birliyinin sədri Sevgim Rəhmanov isə hesab edir ki, bəzi dövlət qurumları saxta malların aşkar olunması üçün lazımi fəaliyyət göstərmir. Gizli sexlərdə istehsal olunan, mənşəyi bəlli olmayan və xaricdən qanunsuz yolla gətirilən məhsulların çox vaxt monitorinqləri aparılmır. S.Rəhmanov yoxlamaların daha effektiv aparılması üçün "Ticarət haqqında" qanunun qəbul olunmasını vacib sayır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Fazil Talıblı isə qeyd edir ki, komitənin mütəxəssisləri son dövrlər ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədi ilə müəssisələrdə monitorinqləri gücləndiriblər. Monitorinqlər zamanı kolbasa və sosiska məmulatları, tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan, qızardılmış çörək tikələri (suxarı) istehsal edən bu müəssisələrdə normativ sənədlərin tələblərinə cavab verməyən, sertifikatsız məhsulların istehsal olunduğu, istehsalda istifadə olunan ölçmə vasitələrinin dövlət yoxlamasından keçirilmədiyi aşkarlanıb. Komitə bu müəssisələrin fəaliyyətinin dayandırılması üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.