Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
MİLLİ BANK İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİNDƏ BÜROKRATİYADAN NARAHATDIR
Milli Bankın rəhbəri Elman Rüstəmov köhnə manat kütləsinin məhv edilməsinə hazırlıq işləri görüldüyünü bəyan edib. Hazırda denominasiya prosesi ilə əlaqədar dövriyyədəki köhnə manat kütləsi tam sıradan çıxma mərhələsindədir. İndi bankların aktivində cəmi 11 milyon manat dəyərində köhnə pul qalıb. Mərkəzi Bank köhnə əsginazları ilin ikinci yarısında məhv etməyi planlaşdırır. Xarici dövlətlərdən alınmış ən modern texnologiya əsginazların məhv edilməsinə yönəldiləcək. E.Rüstəmov dövriyyəyə yeni pul vahidlərinin buraxılmasının planlaşdırıldığını da diqqətə çatdırıb. Yaxın vaxtlarda 1 və 5 manatlıq qəpiklərin buraxılması nəzərdə tutulur. Manatın möhkəmlənməsinə gəlincə, Mərkəzi Bankın rəhbəri bu prosesin ilin sonuna kimi davam edəcəyini söyləyib. Son 5 ayda milli valyuta 1,4 faiz möhkəmlənib. Dolların ucuzlaşması ilə əlaqədar Milli Bank valyuta bazarına müdaxilə etməyə məcbur olub. Bank sterlizasiya tədbirləri çərçivəsində 216 milyon manat vəsait xərcləyib. MB valyuta bazarında dolların ucuzlaşmasının qarşısını almaq məqsədi ilə sterlizasiyanı davam etdirmək niyyətindədir. İpoteka kreditlərinin verilməsində son dövrlər müşahidə olunan durğunluğun aradan qaldırılması üçün Milli Bank hökumətə müraciət edib. E.Rüstəmov indiyədək büdcədən ayrılmış 46,6 milyon manat vəsaitin 1400 kredit xəttinə yönəldiyini bildirib və ilin ortasına kimi bütün vəsaitlərin sərf olunması başa çatıb. Buna görə də əlavə vəsaitlərin əldə olunmasına ehtiyac var. E.Rüstəmov büdcədən ipoteka kreditləşməsi üçün əlavə vəsaitlər ayrılmadığı halda hökumətin başqa fondlardan pul yönəldəcəyini güman edir. Milli Bankın rəhbəri həmçinin ipoteka kreditlərinin verilməsində bürokratik halların olmasından narahatçılığını ifadə edib. Mərkəzi Bankın rəhbəri bəyan edib ki, bankların bu prosesdə bürokratik maneələr yaratmasının qarşısını almaq üçün MB nəzarət tədbirlərini gücləndirməli olacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.