Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İyunun 21-dən 25-dək Kanadanın Vankuver şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 2-ci Dünya Qurultayı keçirildi. 155-ə yaxın ölkədən həmkarlar ittifaqları nümayəndələrinin qatıldığı tədbirdə bir sıra qlobal problemlər müzakirə olundu. Miqrant işçilər, iqlim dəyişikliyi, layiqli əmək, qloballaşma və digər məsələlərlə bağlı çoxsaylı qətnamələr qəbul edildi. BHİK-in nizamnaməsinə əlavə və dəyişikliklər olundu. BHİK-in 2006-2009-cu illərdəki fəaliyyətinə dair hesabatı müzakirə olundu və növbəti illər üçün fəaliyyət proqramı təsdiq edildi.
Qurultayda BHİK-in prezidenti Şaran Barrou açılış nitqi söylədi. Ev sahibləri-Kanada Əmək Konqresinin prezidenti Ken Georgetti və Vankuver şəhərinin meri Qreqor Robertson tədbir iştirakçılarını salamladılar. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Xuan Samoviyanın təbrik nitqi səsləndirildi. Açılış mərasimindən sonra plenar müzakirələri başlandı. Qurultayın əsas müzakirə mövzularından biri qlobal böhran və onun milyonlarla insan həyatında törətdiyi fəsadlar oldu. BHİK-in Baş katibi Qay Rayder qurultayın plenar iclasındakı çıxışında işsizlik probleminin hazırda həmkarlar ittifaqını düşündürən ən ümdə məsələlərdən olduğunu vurğuladı. O bildirdi ki, böhran 34 milyon insanı işsiz qoymuşdur. Baş katib işsizliyə dair bu hesabatın BHİK-in gələcək fəaliyyətinə öz töhfəsini verəcəyinə inandığını söylədi. Toplantıya çox mötəbər qonaqlar da dəvət olunmuşdu. Argentinanın prezidenti xanım Kristina Fernandez de Kirxner də onların arasında idi. O, çıxışında dünyanı bürüyən maliyyə böhranı, o cümlədən 2001-ci ildə Argentinada baş vermiş böhran və onun aradan qaldırılması yollarından bəhs etdi. Dünya həmkarlar ittifaqlarının nümayəndələrini maliyyə bazarlarının nizamlanmasında iştirak etməyə çağırdı. Tədbirdə həmçinin BMT-nin inkişaf proqramının rəhbəri Helen Klark, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Paskal Lami, Dünya Bankının prezidenti Robert Zoellik, Beynəlxalq Valyuta Fondunun Baş direktoru Dominik Ştraus-Kahn və BƏT-in icraçı direktoru Kari Tapiola çıxış etmiş və qurultay nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışlar. Yunanıstanın Baş naziri Corc Papandrou videogörüntü ilə qurultaya müraciət etdi. Tədbirdə həmçinin yunan və türk həmkarlar ittifaqları nümayəndələri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı. Qurultay əsnasında Azərbaycan nümayəndə heyəti də bir sıra ölkələrdən olan nümayəndələrlə qarşılıqlı əlaqələrin yaradılması haqqında fikir mübadiləsi apardı. Tədbirin sonunda baş tutmuş səsvermə nəticəsində Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Maykl Zommer BHİK-in prezidenti, BHİK-in sabiq prezidenti, Avstraliya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Şaran Barrou isə BHİK-in Baş katibi seçildilər. Keçmiş baş katib Qay Rayder isə öz fəaliyyətini Beynəlxalq Əmək Təşkilatında baş direktorun müavini vəzifəsində davam etdirəcəkdir. Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını AHİK sədrinin müavini Aqil Dadaşov, Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarova və bu sətirlərin müəllifi Əsmər Həsənli təmsil etdilər. Tədbir Azərbaycan həmkarlar ittifaqları üçün xüsusən əlamətdar oldu. Belə ki, AHİK nümayəndəsi Cəmilə Səttarova Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçildi. Xatırladaq ki, Cəmilə Səttarova 2004-cü ildən BHİK-in İcraiyyə Komitəsinin üzvüdür. Yeri gəlmişkən, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası özündə 156 ölkədən 312 milli həmkarlar ittifaqı mərkəzini birləşdirir. BHİK-in hazırda 176 milyon üzvü vardır.
Əsmər HƏSƏNLİ, AHİK-in Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi.
Sabiq Baş katib Qay Rayderin BHİK-in II Dünya Qurultayındakı çıxışında qoyduğu məsələlərin aktuallığını nəzərə alaraq iqtisarla oxucularımıza təqdim edirik
- Mən bütün qonaqları və qurultay nümayəndələrini salamlayıram. Çıxışıma başlamazdan öncə cənab Ken Ceorcetiyə və onun əməkdaşlarına bizi Kanadada yüksək səviyyədə qəbul etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm.
Bu qurultayda dünyanın 4 bir yanından nümayəndələr iştirak edir və onlar planetin hər bir yerində əhalinin qlobal böhranla üzləşdiyindən xəbərdardırlar. Bu böhranı qlobal iqtisadiyyatın ilk ümumi böhranı adlandırmaq olar. Dünən Şeron Barrou öz nitqində böhranın xüsusiyyətləri və nəticələrindən söz açmışdır. Mən onun dediklərini təkrar etməyəcəm. Amma böhranın təsirinin hərtərəfli olduğunu vurğulamaq lazımdır. Maliyyə böhranına yaxın olan ölkələrdə böhranın təsiri xüsusən dağıdıcı gücə malik olmuşdur. Böhrandan uzaq olan ölkələrdə də bu təsir az və ya çox dərəcədə hiss edilmişdir. Böhran nəticəsində Avropa tamamilə iflic vəziyyətinə düşmüş, ABŞ-da 11 milyon insan işsiz qalmışdır. Yaponiya isə uzun müddət davam edən durğunluqla hələ də mübarizə aparır. Qlobal böhran şəraitində Asiyanın çox hissəsi, xüsusilə Çin və Hindistan, Amerika regionunda isə Braziliya yenilənmiş iqtisadi artımın lokomotivlərinə çevrilmişlər. Afrika qitəsinə gəlincə, bu barədə BHİK-in Afrika bürosunun rəhbərinin rəyi belə olmuşdur: "Əslində Afrikadakı böhran Lehrman qardaşlarının müflis olduğu dövrdən çox əvvəl mövcud olmuşdur". Qurultayın başlanğıcında ilk növbədə biz bu məsələyə diqqət yetirməliyik: böhrana son qoyulması və qlobal ədalətin bərpa olunmasının ancaq bir yolu var, o da birgə fəaliyyətdir. Vankuver qurultayı bizim qələbə uğrunda sosial strategiyamızın ayrılmaz hissəsi olmalıdır. Dünyada baş verən qloballaşma prosesində fundamental dəyişikliklərin həyata keçirilməsinin vaxtı gəlib çatmışdır. Dünən Şaron və Ken öz çıxışlarında bizim qarşımızda duran əsas vəzifələri sadaladılar. Vurğulamaq istəyirəm ki, hökumət də bu işdə oz rolunu oynamalıdır. Cənab Papandrounun dünən qeyd etdiyi kimi, demokratiyada həlledici rolu maliyyənin gücü deyil, insan faktoru oynayır. Hazırda isə hökumətin tədricən yoxa çıxması və onun maliyyə diktatorluğu ilə əvəz olunması prosesi gedir. Bu bizim həll etməli olduğumuz 6 əsas məsələnin məğzidir və biz bu məsələlərin hər biri ilə bağlı təcili iş aparmalıyıq, əks halda əlimizə düşmüş imkanı itirə bilərik. Hörmətli qurultay iştirakçıları! Əsas məsələ hamını layiqli işlə təmin etməkdir. İş problemi böhrandan əvvəl də mövcud olmuşdur. Böhran onsuz da kəskin olan bu problemi daha da dərinləşdirmiş və işsizlərin sayını 34 milyona çatdırmışdır. Qlobal böhran nəticəsində insanlar daha çox qeyri-formal iqtisadiyyata üz tutur və təhlükəli iş yerlərində aşağı əməkhaqqı ilə çalışırlar. Çox vaxt sosial təminat, kollektiv müqavilə, əməkçi birlikləri yaratmaq və ona qoşulmaq kimi hüquqlardan da məhrum olurlar. Bir çox insan qazandığı əməkhaqqı ilə nəinki ailəsinin, heç özunün də maddi ehtiyaclarını ödəyə bilmir. Bu, dözülməz bir ədalətsizlikdir, amma, təəssüf ki, bu, reallıqdır. Təəssüf ki, dünyamızda ədalət və sülh tam mənada təmin edilməmişdir. Dünyanın müxtəlif ölkələrində hələ də qarşısı alınmamış müharibələr çoxsaylı insan tələfatına səbəb olur. Buna misal olaraq, Fələstin-İsrail münaqişəsini göstərmək olar. Biz, həmkarlar ittifaqlarının nümayəndələri olaraq, bu münaqişənin həlli yolunda əlimizdən gələni əsirgəməməliyik. Hörmətli qurultay iştirakçıları! Qlobal maliyyə böhranından daha önəmli iqlim dəyişikliyidir. Düşünürəm ki, keçən il Kopenhagen görüşündən sonra nəzərəçarpan uğurlara imza atmışıq. İqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox əmək və daha az karbon qazının tələb olunduğu cəmiyyətə kecmək lazımdır. Bununla nəinki ətraf mühit mühafizə edilə, həm də iş yerləri müdafiə oluna bilər. Qlobal ədalətə gedən yol yaşıl olmalıdır və BHİK bunun sırf biznes olması fikri ilə qəti razılaşmır, ancaq bu yolla qlobal böhranı dəf etmək olar. Hörmətli qurultay iştirakçıları! Düşünürəm ki, qeyd etdiklərim növbəti 4 il ərzində həll etməli olduğumuz məsələlərdəndir. Bilirəm ki, bütün bu fikirlər sizə ambisiyalı görünür, amma bu məsələlər beynəlxalq aləmin gündəliyində özünə yer tapır. Bu məsələlər hər birimizin ölkəsində, təşkilatlarında həll etməli olduğu məsələlər olmalıdır. Bizim Vankuver şəhərindəki əsas vəzifəmiz qlobal ədalət üçün proqramı hazırlamaq və onu həyata keçirmək üçün BHİK-i təchizatlandırmaqdan ibarətdir. Ümid edirəm ki, müzakirələr və hesabat BHİK-in bundan sonrakı fəaliyyətinə öz töhfəsini verəcəkdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.