Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Anomal istilərdə bir çox müəssisələrdə iş dayandırıldığı halda Ulyanov avtozavodunda, əksinə, iş saatı 10 saatadək uzadılıb.
Şirkətin mətbuat katibi Alla Akimova bildirib ki, müəssisə daxilində işçiləri istidən qorumaq üçün hər bir şərait yaradılıb: "Gün ərzində zavodda kondisionerlər işləyir, rütubəti aradan qaldırmaq üçün müxtəlif texniki avadanlıqdan istifadə edilir. İşçilər sərin sularla təmin olunurlar. İş saatının uzadılması üçün isə işçilərə əlavə vəsait ödənilir".
Rusiyanın "Severstal" şirkətinin İtaliyada fəaliyyət göstərən "Luccini" filialının işçiləri etiraz aksiyası keçiriblər. Buna səbəb isə şirkətin dəyərindən çox aşağı qiymətə satılmasıdır.
Artıq şirkətin 51 faiz səhmlərini rusiyalı sahibkar Aleksey Mordaşov alıb. Şirkət nümayəndələri bildiriblər ki, səhmlərin satılması "Severstal"in maddi durumunu gücləndirilmək üçün yeganə yoldur: "İşçilərin etirazına baxmayaraq, biz "Luccini"ni avqust ayında satmağı planlaşdırırıq". Məlumat üçün bildirək ki, hazırda sözügedən şirkətin borcu təxminən üç milyon avro civarındadır.
İyunun 21-dən 25-dək Kanadanın Vankuver şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 2-ci Dünya Qurultayı keçirildi.
155-ə yaxın ölkədən həmkarlar ittifaqları nümayəndələrinin qatıldığı tədbirdə bir sıra qlobal problemlər müzakirə olundu. Miqrant işçilər, iqlim dəyişikliyi, layiqli əmək, qloballaşma və digər məsələlərlə bağlı çoxsaylı qətnamələr qəbul edildi. BHİK-in nizamnaməsinə əlavə və dəyişikliklər olundu. BHİK-in 2006-2009-cu illərdəki fəaliyyətinə dair hesabatı müzakirə olundu və növbəti illər üçün fəaliyyət proqramı təsdiq edildi. Qurultayda BHİK-in prezidenti Şaran Barrou açılış nitqi söylədi. Ev sahibləri-Kanada Əmək Konqresinin prezidenti Ken Georgetti və Vankuver şəhərinin meri Qreqor Robertson tədbir iştirakçılarını salamladılar. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Xuan Samoviyanın təbrik nitqi səsləndirildi. Açılış mərasimindən sonra plenar müzakirələri başlandı.
Fransanın minə qədər fermeri Parisin mərkəzini traktorlarla bağlayıb. Onlar bu aksiyanı istehsal etdikləri məhsulların ucuz qiymətə alındığına etiraz əlaməti olaraq keçirirlər.
Fransanın telekanallarından biri xəbər verir ki, fermerlərin əsas tələblərindən biri buğdanın qiymətinin qaldırılmasıdır. Ölkənin 14 bölgəsindən paytaxta 1500-ə qədər traktor gətirilib. Şəhərin onlarla mərkəzi küçəsi və bulvarlara gedən yollar kəsilib.Aksiya Fransa fermerlərinin həmkarlar ittifaqı tərəfindən təşkil olunmuşdur. Parisin əhalisi fermerlərin tələbləri ilə həmrəydir.
"Airbus" aviatikinti konserninin işçiləri istehsalı dayandırmaq qərarına gəliblər. Onlar əməkhaqları qalxmasa və iş yerlərinin sayı çoxalmasa tətillərini davam etdirəcəklərini bildiriblər.
Məlumat üçün deyək ki, "Fors Uvrier" həmkarlar ittifaqının sədri Jan Fransua Kniperin sözlərinə görə, bu aksiyanın keçirilməsi bir neçə gün əvvəl beş böyük həmkarlar ittifaqı təşkilatı liderlərinin görüşü zamanı planlaşdırılıb. Bu təşkilatlar məşğulluq, iş şəraiti və əməkhaqqı problemlərini həll etmək üçün ilk dəfədir bir araya gəliblər.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.