Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bazarda rəqabət şəraiti yaxşılaşdıqca, bu proseslər qiymətə də təsir etməlidir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən təxminən 2,5 dəfə aşağı salınması barədə qərar çıxarıb. Bununla yanaşı, ölkənin aparıcı internet provayderi olan "Delta Telecom" şirkəti sentyabrın 1-dən oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul edib. Məsələyə münasibət bildirən RİTN rəsmiləri internet xidmətləri bazarında fəaliyyət göstərən digər provayderlərin də öz növbələrində xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq, mövcud tarifləri endirəcəyinə əminlik ifadə ediblər. Lakin ötən təcrübə heç də müsbət nəticə verməyib. Yəni bundan öncə internet tariflərinin ucuzlaşdırılması qərarına çox az şirkət dəstək verdi və bəziləri ümumiyyətlə xidmət haqlarında endirim etmədi. Tarifləri ucuzlaşdıran şirkətlər də internetin sürətini o qədər zəiflətdi ki, istifadəçilər sürətli internet əldə etməkdən ötrü ödənişləri əvvəlki və ondan da artıq tariflər əsasında aparmağa məcbur oldular. Bu nöqteyi-nəzərdən internet tariflərinin növbəti azalması onsuz da qənaətbəxş olmayan xidmətin səviyyəsini bir az da pisləşdirəcək. Ölkəmizdə fəaliyyət göstərən "Azintex" şirkətindən bildirildi ki, internetin ucuzlaşması barədə verilən qərar onların kommersiya maraqlarına cavab vermir, lakin buna baxmayaraq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Bu isə xidmətin səviyyəsinin aşağı salınması ilə mümkün olmayacaq. Şirkətdə hesab edirlər ki, genişzolaqlı internet xidmətləri bazarının daha intensiv inkişaf etməsinə imkan yaratmaq və istifadəçilərə keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadəsinə şərait yaratmaq lazımdır. Məsələyə münasibət bildirən Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bir internet istifadəçisi kimi həm göstərilən xidmətin keyfiyyətli olmasında, həm də qiymətin münasibliyində maraqlı olduğunu qeyd etdi: "Amma təəssüf ki, şirkətlər çıxarılan qərarlara çox vaxt əməl etmirlər. Məsələn, mən ADSL-ə qoşulmuşam. Təbii ki, oturduğum ofisdə 5-6 kompyuter mövcuddur. Əvvəlki qiymət azalması zamanı da 45 manat ödəyirdim, sonra da həmin ödəməni davam etdirdim. Onlar deyirdilər ki, guya əvəzində kompensasiya kimi internetin sürətini artırmışıq. Ancaq praktik olaraq sürət aşağı idi və mən bir istifadəçi kimi internet xidmətindən narazıyam. Təbii olaraq bazarda rəqabət şəraiti yaxşılaşdıqca, bu proseslər qiymətə də təsir etməlidir". Müsahibimiz vurğuladı ki, Azərbaycanın informasiya bazarına inteqrasiyasının sürətlənməsi internet xidmətlərinin yüksəlməsinə və qiymətlərin də dünyada mövcud olan qiymətlərə uyğunlaşmasına imkan verməlidir: "Bütün dövlətlərdə qiymətlər kifayət qədər aşağıdır. Bu sahənin ekspertlərinin qənaətinə görə, qiymətlər bizdə əvvəllər də yuxarı olub. Bunun yüksək olması bu sahədə bəzi şirkətlərin inhisarçı mövqedə olmasından irəli gəlir. Hesab edirəm ki, ən azı bundan sonra internet qiymətlərinin düşməsini hiss etməliyik. Onunla bərabər xidmətin səviyyəsi də qənaətbəxş olmalıdır". RİTN-in internet tariflərinin azaldılması barədə qərarın icrasını bu sahədə fəaliyyət göstərən şirkətlərin öz insafına buraxmasına gəlincə, millət vəkili bildirdi ki, nazirliyin belə bir mövqeyi düzdür: "Çünki xidmət alan tərəflə xidmət verən tərəf arasında müqavilə vardır. Mövcud qanunvericiliyə görə, iki tərəf arasında yaranan münasibətlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müdaxilə edə bilməz. Əslində bu, internet provayderləri ilə internet istifadəçiləri arasında olan məsələdir". N.Məmmədov onu tövsiyə edir ki, tərəflər müqavilə şərtlərinə əməl etməlidirlər. Əgər müqavilə pozulursa, bu zaman müəyyən variantlar var. "Burada ən gözəl vasitələrdən biri internet provayderinin xidmətindən imtina etmək və daha keyfiyyətli xidmət göstərən tərəfə keçməkdir. Bunun başqa yolu yoxdur. Təbii ki, müqavilənin şərtləri pozularsa, məhkəməyə müraciət etmək olar. Amma məhkəməyə müraciət edənlər həm süründürməçiliklə, həm də kənar xərclərlə üzləşə bilərlər. Ona görə də ən yaxşı variant digər provayderin xidmətinə müraciət etməkdir". Hazırda Azərbaycanda hər 100 nəfərdən 37-si internet istifadəçisidir. Gülər KƏrimli.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.