Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.
Təzə doğulmuş uşağa görə birdəfəlik müavinət almaq hüququ olan və olmayan şəxslər barədə məlumat verməyinizi xahiş edirəm. Hansı halda təzə doğulmuş uşağa görə birdəfəlik müavinət verilmir?
Südabə RZAYEVA, Quba şəhəri.
- Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 4-cü bölməsinin 73-77-ci maddələrinə əsasən, uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Təbii iqlim şəraitindən asılı olaraq əməkhaqqına rayon əmsalı tətbiq edilən yerlərdə yaşayan şəxslərə müavinətin məbləği yüksəkliyə görə müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir. Ananın işləmədiyi hallarda və əgər hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə verilir. Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir. Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir. Uşaq ölü doğulduqda müavinət verilmir. "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli Fərmanının (01 sentyabr 2008-ci il tarixdən qüvvəyə minən) 1.2.2-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasında uşağın anadan olmasına görə müavinət 50 manat təyin edilmişdir. "Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilmişdir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.
Dövlət rüsumunun tutulduğu hallar, ödəyiciləri, hesablanması və ödənilməsi qaydaları haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.
Vahid TAPDIQOV, Bakı şəhəri.
- “Azərbaycan Respublikasında dövlət rüsumunun tutulması qayda və şərtləri Dövlət rüsumu haqqında” qanunla tənzimlənir. Bu qanuna əsasən Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Konstitusiyanın 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi; notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması; vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı; Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlığından çıxma; Azərbaycan Respublikasında və ya respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması; standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi; xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi; hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı; qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi; Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi; daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı; qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası; baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi; pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi; dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçikhəcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçikhəcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçikhəcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi; mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi; tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi; xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması; dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir. Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət büdcəsinə keçirilir. Dövlət rüsumları milli valyutada nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi verilir. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu, dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.
Xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısı hansı qaydada həyata keçirilir?
Sənan ORUCOV, Xırdalan şəhəri.
- Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda alqı-satqı tərəflər arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqı müqavilələri mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl etməklə bağlanılır.
İşəgötürən əmək kitabçasını itirərsə hansı tədbirlər görməlidir və əgər heç bir tədbir görmürsə onda hansı məsuliyyəti daşıyır? İşçi öz əmək kitabçasını itirərsə nə etməlidir? Əmək kitabçasının bərpa olunma prosesi necə həyata keçirilir?
İsmixan HÜSEYNOV, Bakı şəhəri.
- İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir və onun qorunması işəgötürənin əsas vəzifələrindən biridir. Bu səbəbdən işçilərin əmək kitabçaları odadavamlı seyflərdə qorunub saxlanılır və onun işəgötürən tərəfindən itirilməsi, fors-major hadisələri istisna olunmaqla, nadir hallarda mümkündür. Əgər əmək kitabçası işəgötürən və ya onun digər vəzifəli şəxsi tərəfindən itirilərsə, əmək kitabçasının dublikatı verilməli və bununla əlaqədar edilən bütün hərəkətlər və çəkilən xərclər işəgötürənin vəsaiti hesabına edilməlidir. Əgər işəgötürən könüllü olaraq bu hərəkətləri etmirsə, işçi bu hüququnun bərpası ilə əlaqədar müəssisənin yerləşdiyi rayon məhkəməsinə müraciət etməklə öz hüququnu bərpa edə bilər. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat" sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.
Cinayət işlərində mülki iddia verilməsi mümkündürmü?
Elşad HƏSƏNOV, Ağdam rayonu.
- Bəli. Cinayət Məcəlləsinin 183 - cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət tərkibi başlayandan məhkəmə istintaqı başa çatanadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxs və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət tərkibi üzrə, kimin kimə, hansı əsasla və hansı məbləğdə mülki iddia verilməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və ya iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda, müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.
Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə hansı məbləğdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur?
İlqar ABBASOV, Astara şəhəri.
- Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə: beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat məbləğində dövlət rüsumu tutulur.
Şəkərli diabet xəstəsiyəm. Mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilərmi? Ümumiyyətlə, hansı işçilərlə hansı hallarda əmək müqaviləsinin ləğv olunması qadağan edilir?
Nailə İSLAMOVA, Şəki şəhəri.
- Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Yuxarıda göstərilən müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi ilə (müddətli əmək müqaviləsinə xitam verilməsi) xitam verilən hallara şamil edilmir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə hansı miqdarda cərimə nəzərdə tutulub?
İzzət HÜSEYNLİ, Bakı şəhəri.
- İnzibati Xətalar Məcəlləsinin 152-4-cü maddəsinə əsasən, sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir. Bu xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. Bu xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir.
Məhkəmə - Hüquq Şurası üzvlərinin hansı hüquqları vardır?
Ofeliya MƏMMƏDOVA, Bakı şəhəri.
- Məhkəmə-Hüquq Şurası üzvlərinin aşağıdakı hüquqları vardır: o Məhkəmə- Hüquq Şurasının iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək; o Məhkəmə- Hüquq Şurasının səlahiyyətlərinə aid məsələnin həllində iştirak etmək; o Məhkəmə- Hüquq Şurasında məsələlərə baxılarkən məruzəçiyə, Şuranın iclasında iştirak edən digər şəxslərə suallar vermək; o Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən Məhkəmə- Hüquq Şurasında baxılmağa hazırlanan məsələ ilə əlaqədar sənədləri və başqa məlumatları tələb etmək; o Məhkəmə- Hüquq Şurasının iclasında təqdim edilmiş ərizələr, vəsadətlər və digər materiallarla tanış olmaq; o Məhkəmə- Hüquq Şurasının qəbul ediləcək qərarına dair fikir söyləmək; o Məhkəmə- Hüquq Şurasının qərarı ilə tam və ya qismən razı olmadıqda xüsusi rəy vermək; o Məhkəmə- Hüquq Şurasının səlahiyyətinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək; o Məhkəmə- Hüquq Şurasının qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
2003-cü ildə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmişəm. Həmin il Füzuli rayonunda yerləşən hərbi hissəyə göndərilmişəm. 2009-cu ildə ordudan tərxis olunmuşam. Ancaq hərbi hissə bu müddət üçün mənə mənzil kirayəsinin pulunu ödəməyib. Bilmək istəyirəm ki, hərbi hissə mənə kirayə pulu ödəməlidirmi?
Kamil Zəkəryəyev, Şəki şəhəri.
- "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
- Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumunun hansı həddə müəyyən edilməsi barədə məlumat almaq istəyirəm.
Rüstəm ORUCOV, Tovuz rayonu.
- 2010-cu il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" qanuna əsasən, 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir.
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması hansı hallarda ola bilər?
Əflatun HƏSƏNOV, Gəncə şəhəri.
- "Daşınmaz əmlakın Dövlət Reyestri haqqında" qanunun 14-cü maddəsinə əsasən, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğuya cavab 10 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axımını dayandırmır. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər edilməlidir. Daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir.
- 2009-cu ilin noyabr ayının 16-dan 2010-cu ilin yanvar ayının 14-nə kimi Respublika Klinik Xəstəxanasının terapiya şöbəsində ezamiyyətdə olmuşam. Ezamiyyə xərclərinin hansı qaydada verilməsi, hesablanması və müddəti barədə məlumat verəsiniz.
Allahyar VƏLİYEV, Daşkəsən şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35.0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25.0 manat, respublikatabeli digər şəhərlərdə 20.0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15.0 manat müəyyən edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın 1-4-cü bəndlərinə əsasən: dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbəri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq " Ezamiyyə vəsiqəsi" verilir. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir. İşçilərin ezamiyyə müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). Əvvəllər də bu suala cavab verilməsi bir çox hallarda mübahisə yaradıb. Bu mübahisə də ondan ibarətdir ki, yuxarıda göstərilən normativ-hüquqi aktlarda yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz kimi konkret müddət göstərilib, həkimlər isə təkmilləşdirmə kurslarına 2 ay müddətinə göndərilirlər. Hesab edirəm ki, 40 gündən yuxarı olan və mübahisə yaradan 20 gün müddəti istənilən halda ezamiyyə xərcləri kimi həkimlərə ödənilməlidir və bu problemin həll edilməsi həkimlərin deyil, onları təkmilləşdirmə kurslarına ezam edən müəssisə, idarə və təşkilat rəhbərlərinin vəzifəsidir. Bu normativ-hüquqi aktların tətbiqi ilə əlaqədar mübahisə yarandığı halda və ya onların rəsmi şərhi ilə əlaqədar birbaşa olaraq onları qəbul edən orqanlara müraciət etməyinizi məsləhət görürük.
- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Qənimət HÜSEYNOV, Hacıqabul rayonu.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin: o Avtoklavçının 18 təqvim günü, o Sterilizasiya aparatçısının 18 təqvim günü, o Baytar həkiminin 24 təqvim günü, o Həkim, zooloq və entomoloqun 24 təqvim günü, o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü, o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü, o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü, o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə istehlak edilmiş təbii qaza görə əhalinin borcları silinmişdir. Bu borcların silinməsinin hansı müddəti əhatə etməsi barədə məlumat verəsiniz.
Mikayıl RƏSULOV, Qax rayonu.
- Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli Fərmanı ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmişdir.
- İxtisasca ali təhsilli energetikam. 1974-cü ildən 2009-cu ilə qədər Əli Bayramlı (Şirvan), Mingəçevir şəhərlərindəki elektrik stansiyalarında çalışmışam. 2008-ci ildə “Tərəqqi” medalına layiq görülmüşəm. Bu fəxri ada görə 60 manat müavinət alırdım. Əmək müqaviləsinə (təqaüdə çıxmaqla əlaqədar) xitam verildikdən sonra müavinətin verilməsi dayandırıldı. İndi müavinəti hansı təşkilatın köməyi ilə ala bilərəm?
Novruzəli QARAYEV, Mingəçevir şəhəri.
- Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulduğundan daha çox güzəştli əmək və sosial-iqtisadi şərtlərdə əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi, müavinətlərin və mükafatların verilməsi və digər güzəşt və əvəzlər nəzərdə tutula bilər. Sualınızın məzmunundan da göründüyü kimi, "Tərəqqi" medalı ilə təltif edilməyinizlə əlaqədar 2008-ci ilin oktyabr ayından 2009-cu ilin iyul ayına qədər sizə 60 manar müavinətin verilməsi "Azəreneji" ASC-nin qüvvədə olan son kollektiv müqaviləsinin şərtlərinə əsasən ödənilmişdir. Müavinətin ödənilməsi sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar dayandırılmışdır. Bildirmək istəyirəm ki, kollektiv müqavilədə belə güzəştlərin nəzərdə tutulması mümkündür və bu güzəştlərin həm işlədiyi müddətdə, həm də əmək müqaviləsinə xitam verildikdən sonra işçilərə tətbiq olunması bu müqavilənin şərtlərinə daxil edilə bilər. Lakin bu razılaşmanın əmək müqaviləsinə xitam verilmiş işçilərə qarşı tətbiq olunması şərti məcburi deyil. Bu şərtin olması kollektiv müqavilənin bir tərəfi olan işəgötürənlə, digər tərəfi olan həmkarlar ittifaqları və ya müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi olan əmək kollektivi arasında olan razılaşmadan asılıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə isə "Tərəqqi" medalı ilə təltif edilmiş şəxslərə müavinətlərin və ya digər pul ödəmələrin verilməsi nəzərdə tutulmamışdır.
- 40 ildən artıqdır ki, Sabirabad rayonunun Qaragüney kəndində yaşayıram. Şirvan şəhərində işləyirəm. İşlədiyim müəssisə tərəfindən mənə Şirvan şəhərində mənzil verilib. Qış aylarında şəhərdə yaşayıram. Bu yaxınlarda məlum olub ki, mənim həyətyanı torpağım (bələdiyyə sədrinin dediyinə görə) bələdiyyə fondunun hesabında göstərilib. Mən bələdiyyə sədrindən soruşdum ki, hansı səbəbdən 40 ildən artıq istifadəmdə olan həyətyanı sahəm bələdiyyə torpağı olmalıdır? O bildirdi ki, kənddə qeydiyyatınız olmadığından o torpağı yalnız hərrac yolu ilə ala bilərsiniz. Mən nə üçün 40 ildən artıq istifadəmdə olan həyətyanı sahəmi hərrac yolu ilə almalıyam?
İman MAHMUDOV, Şirvan şəhəri.
-Qeyd etdiyiniz həyətyanı torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulan qaydada şəxsi mülkiyyət hüququ ilə sizə məxsusdursa, onun bələdiyyə fondunda olan torpaqlara aid edilməsi qanuni deyil. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 2-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bu torpaq sahəsi üzrə bələdiyyə orqanları ilə aranızda mübahisə yaranmışsa, bu mübahisə yalnız məhkəmə vasitəsilə həll edilə bilər. Belə ki, "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" qanunun 5-ci maddəsinə əsasən, bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. Bu münasibətləri tənzimləyən "Torpaq bazarı haqqında" qanunun 8-ci maddəsinin birinci hissəsinə 28 oktyabr 2008-ci il tarixli qanunla əlavə edilmişdir. Bu əlavəyə əsasən "Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər".
- Torpaq sahəsi üzərində hüquqların yaranması üçün hansı əsasların olması vacibdir?
Firus HƏSƏNOV, Lerik rayonu.
- Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: o Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr. o Hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər. o Məhkəmənin torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü. o Vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.