Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə Qazaxıstan Respublikasında, Qazaxıstan Respublikasının Almaatı və Astana şəhərlərində, Qırğızıstan Respublikasında, Qırğızıstan Respublikasının Bişkek şəhərində, Türkmənistan Respublikasında, Türkmənistan Respublikasının Aşqabad şəhərində 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
C. HƏMİDOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı ezamiyyə xərclərinin normaları haqqında qərarına bir nömrəli əlavəyə əsasən Qazaxıstan Respublikasında 130 ABŞ dolları məbləğində, Qazaxıstan Respublikasının Almaatı və Astana şəhərlərində 200 ABŞ dolları məbləğində, Qırğızıstan Respublikasında 130 ABŞ dolları məbləğində, Qırğızıstan Respublikasının Bişkek şəhərində 160 ABŞ dolları məbləğində, Türkmənistan Respublikasında 95 ABŞ dolları məbləğində, Türkmənistan Respublikasının Aşqabad şəhərində 130 ABŞ dolları məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
- Birinci instansiya məhkəməsi qətnaməsinin apelyasiya qaydasında ləğv oiunması üçün hansı əsasların olması vacibdir?
Ayişə DAŞDƏMİROVA, Gədəbəy rayonu.
- Birinci instansiya məhkəməsi qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün aşağıdakı əsasların olması vacibdir: o Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; o Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; o Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi; o Birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi- nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- İşsiz statusu verilməsi qaydaları barədə məlumat verməyinizi xahiş edirəm. Tərlan MUSAYEV, Salyan rayonu.
- Məşğulluq haqqında Qanunun 4 - cü maddəsinə əsasən: İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qaybiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd) peşə və ixtisasını təsdiq edən (sənəd zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır, ilk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında(zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. İşsizlərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır: o 15 yaşına çatmayanlar; o pensiya (avilə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; o qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); o ilk dəfə işaxtaranlar; o azadlıqdan məhrum etmə cəzasını çəkənlər. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.
- Mayın 1-dən İyulun 30-na qədər H. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursunda olmuşam. Dəfələrlə Lerik rayon Maliyyə İdarəsinə müraciət etsəm də mənə çatan ezamiyyə xərclərini vermirlər. Sizdən xahiş edirəm ezamiyyə xərclərinin hansı qaydada verilməsi, hesablanması və müddəti barədə məlumat verəsiniz?
Zakir SƏFƏROV, Lerik rayonu.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı ezamiyyə xərclərinin normaları haqqında qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35.0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərində 25.0 manat, respublika tabeli digər şəhərlərdə 20.0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15.0 manat müəyyən edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə daxili xərclər) təqdim edilən sənədlər əsasında öyrənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli 11/30-108 saylı "İşçilərin Ezamiyyə qaydaları"nın 1-4-cü bəndlərinə əsasən : Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbəri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq " Ezamiyyə vəsiqəsi" verilir. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir. İşçilərin ezamiyyə müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına hansı qaydada immiqrasiya oluna bilərlər?
X. TAĞIYEV, Bərdə rayonu.
- İmmiqrasiya haqqında Azərbaycan Respublikası Qanununa əsasən 18 yaşına çatmış fəaliyyət qabilyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına immiqrasiya üçün müvafiq icra hakimiyyəti orqanına, bilavasitə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi yaxud konsul idarələri vasitəsi ilə vəsadət verə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vəsadətlərində Azərbaycan Respublikasına immiqrasiyanı əsaslandırmalıdırlar. İmmiqrasiya haqqında vəsadətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən aşağıdakı sənədlər əlavə edilir: o Doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan başqa sənəd. o Ailə tərkibi haqqında ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiya haqqında yazılı razılığı. o İmmiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış. o Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxs ölkədə qaldıqları vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin və ya onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd. o Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığını təsdiq edən sənəd. o Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd. Azərbaycan Respublikasında immiqrasiya haqqında vəsadətin rədd edilməsi əsaslarının mövcud olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanın tərəfindən əlavə sənədlər tələb edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) altı ay müddətində Azərbaycan Respublikasıına immiqrasiya haqqında vəsadətə baxır və qərar qəbul edir. İmmiqrasiya haqqında vəsadət verildikdə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilir.
- Dəniz səviyyəsindən yüksəkdə işləri yerinə yetirən fəhlə və mütəxəssislərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır? A.ƏSKƏROV, Sumqayıt şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin " Siyahısının iqtisadiyyatın bütün sahələrində ümumi peşələr bölməsinin 53-cü bəndinə əsasən: Dəniz səviyyəsindən yüksəkdə işləri yerinə yetirən fəhlə və mütəxəssislərin : o 2000 m - dən 2300 m-ə qədər - 6; o 2301 m - dən 3000 m-ə qədər - 12; o 3001 m - dən 4000 m-ə qədər - 18; o 4001 m və daha yuxarı 24 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.