Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Qanunla müəssisələrdə hansı ictimai özünüidarə orqanlarının fəaliyyətinə icazə verilir? X. SALAMOV, Mingəçevir şəhəri.
- Əmək Məcəlləsinin 21-ci maddəsinə əsasən, müəssisələrdə aşağıdakı ictimai özünüidarə orqanlarının fəaliyyətinə icazə verilir: - Müəssisələrdə həmkarlar ittifaqları təşkilatları ilə yanaşı qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanları, habelə işəgötürülənlərin nümayəndəli orqanı nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər. - Müəssisənin mülkiyətçisi, işəgötürəni həmkarlar ittifaqları təşkilatlarının və işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanlarının fəaliyyəti üçün kollektiv müqavilələrdə nəzərdə tutulan və ya bu təşkilat və ictimai özünüidarə orqanlarının işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların arasında bağlanmış müqavilə əsasında müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir. - Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir. - Bu maddədə "ictimai özünüidarə orqanları" dedikdə əmək kollektivi şurası, sədrlər (direktorlar) şurası, ixtiraçılar, səmərələşdiricilər, yaradıcılıq, qadınlar, veteranlar cəmiyyətləri və müvafiq normativ-hüquqi aktlar əsasında əmək münasibətləri iştirakçılarının təsis etdikləri digər ictimai birliklər başa düşülməlidir.
- Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş tərbiyəçilərin yetirmələrindən aliment verilməsini tələb etmək hüququ varmı? H.HÜSEYNOV, Bərdə rayonu.
- Ailə Məcəlləsinin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Faktik tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda məhkəmə yetirmələri onları saxlamaq vəzifəsindən azad edə bilər. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur.
- Hansı torpaqlar tarix-mədəniyyət təyinatlı torpaqlar hesab olunur?
S. MİRZƏYEV, Balakən rayonu.
- Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən: - Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıq, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir. - Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir.
2 sualıma cavab verməyinizi xahiş edirəm.
1) - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 3 uşağı olan qadınların pensiya yaşı 51-dir. Bilmək istəyirəm, bu bənd faktiki olaraq 3 uşaq dünyaya gətirmiş, lakin üçüncü uşağı doğulduqdan sonra başqasına övladlığa verilmiş (qanuni şəkildə, sənəd əsasında) və ya tələf olmuş qadınlara, həmçinin faktiki olaraq 2 uşaq dünyaya gətirmiş, lakin üçüncü uşağı da övladlığa götürmüş (qanuni şəkildə, sənəd əsasında) qadınlara da şamil olunurmu?
2) -Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə əsasən, təhsil məzuniyyətinə buraxılmış tələbəyə məzuniyyətə görə ödənişin verilməsi onun imtahan sessiyasının hansı qiymətlərlə başa vurması və ya hər hansı bir fəndən imtahandan keçə bilməməsindən (kəsiri qalmasından) asılıdırmı? Ümumiyyətlə, təhsil məzuniyyətinin ödənişli və ya ödənişsiz verilməsi işəgötürənin mülahizəsinə əsasən həll oluna bilərmi? Ceyhun ZAMANOV, Şəmkir şəhəri.
1. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır:
3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda;
10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən, ananın vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ananın valideynlik hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 3 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 3 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin 55 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun bu maddəsinə əsasən, 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün qadınların 3 uşağı doğub onları səkkiz yaşınadək tərbiyə etməsi və azı 5 il sığorta stajı olmalıdır. Qanunun bu maddəsini əsas tutaraq hesab edirəm ki, əgər 3 uşaq dünyaya gətirmiş, lakin üçüncü uşağı doğulduqdan sonra onu səkkiz yaşınadək tərbiyə etmədən başqasına övladlığa vermiş və ya uşaq tələf olmuşsa, belə qadınların 51 yaşında pensiya almaq hüququ yaranmır. Əgər 3 uşaq dünyaya gətirmiş, lakin üçüncü uşağı doğulduqdan sonra onu səkkiz yaşınadək tərbiyə edərək onu qanunla nəzərdə tutulan qaydada başqasına övladlığa vermiş və ya uşağı tələf olan qadınların 51 yaşında pensiya almaq hüququ vardır. Digər bir sualınızla əlaqədar bildirirəm ki, 2 uşaq dünyaya gətirmiş və sonradan üçüncü uşağı qanuni surətdə övladlığa götürmüş qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququ o halda yarana bilər ki, uşaq körpə yaşlarından övladlığa götürülsün və ən azı 8 yaşınadək həmin qadın tərəfindən tərbiyə edilərək böyüdülsün.
2. - Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə: müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün, dövlət imtahanlarını vermək üçün, diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyətləri verilir. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir. Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən, ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü, qalan kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir. Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas məktəblərinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər. Bu maddələrdə göstərilən ödənişli təhsil məzuniyyətləri işəgötürənin mülahizəsindən, iradəsindən və ya digər hər hansı bir səbəblərdən asılı olmayaraq təhsil müəssisəsinin verdiyi arayış əsasında işçiyə təqdim olunmalı və işəgötürən tərəfindən bu barədə müvafiq əmr tərtib olunmalıdır. Digər hallarda isə təhsil alan işçilərə ödənişsiz məzuniyyətlərin verilməsi işəgötürənin mülahizəsinə və tərəflərin qarşılıqlı razılığına əsasən AR Əmək Məcəlləsinin 128-131-ci maddələrində nəzərdə tutulan qaydada həyata keçirilə bilər. Təhsil məzuniyyətinə buraxılmış işçiyə məzuniyyətə görə ödənişin verilməsi onun imtahan sessiyasının hansı qiymətlərlə başa vurması və ya hər hansı bir fəndən imtahandan keçə bilməməsi ilə heç bir halda əlaqələndirilə bilməz. Bu hal yalnız təhsil alan işçi ilə tədris müəssisəsi arasında olan münasibətlərə aiddir və ödənişli təhsil məzuniyyətinin verilməsinə heç bir təsiri yoxdur. Bu məzuniyyətlərin verilməsi üçün əsas isə təhsil müəssisəsinin verdiyi arayış və işəgötürənin tərtib etdiyi məzuniyyət barədə olan əmridir. Hesab edirəm ki, yalnız bir hal ödənişli təhsil məzuniyyəti almış işçinin ziyanına işləyən və onun əmək intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Bu, müvafiq ödənişli təhsil məzuniyyətinə çıxmış işçinin heç bir üzrlü səbəb olmadan verilmiş məzuniyyətdən təyinatı üzrə istifadə etməməsidir. Bu faktı təsdiq edən sənəd isə yalnız təhsil alan işçinin müvafiq tədris mövsümü sessiyalarında, laboratoriya işlərində, yoxlamalarda və imtahanlarda, dövlət imtahanlarında, diplom layihəsində iştirak etməməsi barədə tədris müəssisəsinin rəsmi bildirişi səbəb ola bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.