Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində xüsusi camaşirxanalarda çalışan işçilərin əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti neçə saatdır?
Vüqar ƏHMƏDOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 31-ci bölməsinin 4-13 -cü bəndlərinə əsasən: Mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində xüsusi camaşirxanalarda çalışan işçilərin: əllə işlərdə məşğul olan ütüləyicilərin, yükvuran fəhlənin, dozimerçinin, anbardarın, xüsusi geyimlərin təmiri ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinistlərin, təmirçi çilingərlərin, su kəmərlərinin təmiri ilə məşğul olan daxili sanitar- texniki sistemin və avadanlığın quraşdırıcısının, çirkli dəyişəklərin komplekləşdirilməsi ilə məşğul olan dəyişəklərin komplekləşdiricisinin, yuyucu maşınların operatorunun, dəyişəklərin quruducu qurğularının aparatçısının əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.
- Qanunla on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki-hüquq pozuntusu üçün məsuliyyət nəzərdə tutulurmu?
Orucəli VƏLİYEV, Qusar rayonu.
- On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda, zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçi, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər on dörd yaşından on səkkiz yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq tərbiyəçilikdə, müalicə müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini yetkinlik yaşına çatdıqdan sonra ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir.
- Hansı hallar işçinin maddi məsuliyyətini istisna edən hallar hesab olunur?
Ərkinaz MƏCİDOVA, Astara rayonu.
- İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət - sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısı alınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə, işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.
- 13.04.1987-ci il tarixdə Rostov vilayətinin Volqadonsk şəhərində həyatımı sığorta etdirərək, orada və Azərbaycana köçüb yaşadığım illərdə sığorta pulunu sığorta qeyd edilən ünvana göndərmişəm. Bilmək istəyirəm, mən hansı artımla və hansı miqdarda sığorta haqqımı adını çəkdiyim vilayətin sığorta idarəsindən ala bilərəm? Bu barədə olan sənədlərin surətini redaksiyaya təqdim edirəm.
Tofiq MƏLİKOV, Şirvan şəhəri.
- Redaksiyaya təqdim etdiyiniz sığorta haqqında sənədlərin surətindən də görünür ki, siz həqiqətən 13.04.1987-ci ildə Rostov vilayətinin Volqadonsk şəhərində həyatınızı sığorta etdirmisiniz. Volqadonsk Şəhər Dövlət Sığorta Müfəttişliyinin 13.04.1987-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, sizə bu sığorta pulu 31 mart 1992-ci ildə təqdim edilməli idi. Bu sənədlərə əsasən, bu pulun ödənilməsi üçün bankdakı hesab nömrənizi bildirmək məqsədi ilə, Volqadonsk Şəhər Dövlət Sığorta Müfəttişliyi 15.07.1992-ci il tarixli məktubla sizə müraciət etmişdir. Lakin ərizənizə əsasən müəyyən edilir ki, bizə məlum olmayan səbəblərdən, siz bu günə qədər bu pulu ala bilməmisiniz. Bildirirəm ki, əvvəllər bir dövlətin tərkibində olan və qanunvericiliyi bir-birindən fərqlənməyən Rusiya Federasiyası və Azərbaycan Respublikası hazırda ayrı-ayrı müstəqil dövlətlərdir və bu sahədə olan sığorta qanunvericiliyi də bir-birindən fərqlənir. Həmin dövrdə Rusiya Federasiyasında olan həyat sığortası haqqında qanunvericiliyə əsasən, həyat sığortası ilə əlaqədar tərəflər arasında yaranan mübahisələrə, iddia müddəti nəzərə alınmaqla, məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Hesab edirəm ki, yaranmış vəziyyətlə əlaqədar siz ilk növbədə bu sığorta pulunun ödənilməsi ilə əlaqədar Rostov vilayətinin Volqadonsk Şəhər Dövlət Sığorta Müfəttişliyinə müraciət etməlisiniz. Bu orqannın cavabı sizi qane etmədikdə, Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada, cavabdehin hüquqi ünvanının yerləşdiyi ərazinin məhkəməsinə, yəni Rostov vilayətinin Volqadonsk şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlisiniz. Belə ki, bu pulun ödənilməsi ilə əlaqədar 17 ildən artıq müddət keçmişdir, ödənilmə ilə əlaqədar mübahisə yaranmışdır və siz öz hüququnuzu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində yalnız məhkəmə qərarı əsasında həyata keçirə bilərsiniz.
- İrsi qan xəstəliyi olan şəxslər hansı hüquqlara malikdirlər?
Pərvin QULİYEV, Tovuz rayonu.
- "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun 7-ci maddəsinə əsasən, irsi qan xəstəliyi olan şəxslərin aşağıdakı hüquqları vardır: o Tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq; o sağlamlığının vəziyyəti, xəstəl iyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq; o ailənin planlaşdırılması məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədi ilə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq; o əmək qanunvericiliyi ilə müəyyən edlən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən ağır, zərərli və təhlükəli əmək şəraitində icra olunan peşələr (vəzifələr) və iş yerləri istisna olmaqla, istənilən iş yerlərində işləmək; o qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xüsusi təhsil almaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.