Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Son dövrlərdə gender bərabərliyi haqqında tez-tez danışılır. Gender bərabərliyi nə deməkdir? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
Elsevər Əmrahov, Bakı şəhəri.
- İctimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti; gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti; bərabər imkanlar - insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar; cinsi mənsubiyyətə görə ayrı-seçkilik, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük; əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış və sair münasibətlər "Gender bərabərliyinin təminatları haqqında" qanun ilə tənzimlənir. Bu qanuna əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur: qadınlar üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar; kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış; kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı; Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması; kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması; gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi. Gender bərabərliyinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. İşəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin bu sahədə aşağıdakı vəzifələri vardır: işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq; cinsindən asılı olmayaraq eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək; cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısını almaq üçün lazımi tədbirlər görmək. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir. Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir. Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Ayrı-seçkiliyə görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Ayrı-seçkiliyə məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. Dövlət mülkiyyət növündən asılı olmayaraq bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır. Tədris müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər: qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi;təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması. Dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir. Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir. Siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Bu tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada zərər ödənilir.
- Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətlərinin necə tənzimlənir?
Mövlud HƏSƏNOV, Tovuz rayonu.
- Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri Əmək Məcəlləsinin müəyyən etdiyi əmək münasibətlərinin tənzimlənməsi qaydaları və normaları tətbiq edilməklə və ya onların mülahizələri ilə müəyyən edilən qaydada tənzimlənir. Lakin bu təsərrüfatların üzvlərinin əmək münasibətləri mövcud qanunvericiliyə zidd qaydada müəyyən edilməməlidir. Müstəsna hallarda ailə müəssisələrində 14 yaşından 15 yaşınadək olan yeniyetmələrin işə cəlb edilməsinə yol verilə bilər. Lakin onlar ağır, həyatı üçün təhlükəli, zərərli işlərə, habelə gecə işlərinə cəlb edilə bilməzlər. Bu yaş həddində olan yeniyetmələr yalnız xırda xarakterli işlərin görülməsinə, əmək vərdişlərinin yaradılmasına xidmət edən, peşə, sənət öyrədilməsi üçün zəruri olan işlərə cəlb edilə bilərlər. Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri, bir qayda olaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənir. Bu təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə-kəndli təsərrüfatı başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər.
- Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi zamanı təyin edilən cərimələrin miqdarı nə qədərdir?
Saleh HƏSƏNOV, Şirvan şəhəri.
- "İnzibati xətalar haqqında" qanunun 152-ci maddəsinə əsasən: o 152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - 40 manat miqdarında cərimə edilir. o 152.2. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - 60 manat miqdarında cərimə edilir. o 152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - 80 manatdan 100 manatadək miqdarda cərimə edilir. o 152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 140 manatdan 180 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
- Meşə fondundan istifadənin hans ı növləri vardır?
Paşa QOCAYEV, Oğuz rayonu.
- Qanunvericiliklə meşə fondundan istifadə növləri aşağıdakılardır: o Oduncaq tədarükü; o Ikinci dərəcəli meşə ehtiyatları tədarükü ( kötük, lif, qabıq və başqaları); o Meşədən əlavə istifadə (ot çalanı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, polad qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə); o Elmi-tədqiqat məqsədləri üçün; o Mədəni-sağlamlaşdırma, turizim və idman məqsədləri üçün; o Ovçuluq təsərrüfatı; Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirilə bilər.Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəçisinə verilə bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.