Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
2009-cu ilin may ayında işə qəbul olunmuşam. Növbəti il üçün məzuniyyət qrafiki tutulanda mənim məzuniyyətim 2010-cu ilin iyul ayına salınıb. Ancaq kadrlar şöbəsindən bildirirlər ki, məzuniyyətə mütləq 1 ilin tamamında çıxmalıyam. Əks halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsi müdiriyyəti cərimə edəcək . Bu deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
Vaqif QULİYEV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Bu səbəbdən də bu əmək münasibətinin tənzimlənməsinin qanuni yolu odur ki, əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilərkən sizin məzuniyyət vaxtınız müvafiq iş ilində, yəni 2009-cu ilin may ayından 2010-cu ilin may ayına qədər olan 12 ay müddətində tərtib olunmaqla təyin edilsin. Belə ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Bu şərt nəzərə alınmaqla sizə əmək məzuniyyəti müvafiq iş ili üçün işlədiyiniz 12 ay daxilində verilməlidir. Əmək Məcəlləsinə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara; 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; hərbi qulluqçunun arvadına (ərinə); əlillərə; müharibə veteranlarına; Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə; yaşı on səkkizdən aşağı olan işçilərə; işləməklə yanaşı təhsil alan şəxslərə; bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. Eyni zamanda Əmək Məcəlləsinin 134-cü maddəsinə əsasən, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: əmək qabiliyyəti müvəqqəti itirildikdə; əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə; işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə; işçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək məzuniyyətlərinin qanunla nəzərdə tutulan qaydada verilməməsinə görə işəgötürənin cərimə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq İdarəsinin deyil, bu Nazirliyin nəzdində olan Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir. İnzibati Xətalar Məcəlləsinə 07. 12. 2007-ci il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilir.
Müəllim 1 ay müddətində Bakı şəhərinə kursa ezamiyyətə göndərilib. Bu dövrdə yemək və yataqxana ilə təmin olunmayıb. Müəllimin ezamiyyə xərci necə ödənilməlidir?
Ə.MƏMMƏDOV, Samux rayonu.
- Müəllim əmək münasibətlərində olduğu təhsil müəssisəsinin əmri və ya qərarı əsasında 1 ay müddətinə Bakı şəhərinə ezamiyyətə göndərilmişsə, onun ezamiyyə xərcləri "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı qərarı" və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"na əsasən ödənilməlidir. "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25,0 manat, respublikatabeli digər şəhərlərdə 20,0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15,0 manat müəyyən edilmişdir. Bu qərarla müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Nəqliyyat xərcləri (ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbəri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq "Ezamiyyə vəsiqəsi" verilir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyəti ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Mülki işlərdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında hansı qaydada məlumat verilir?
Mais HÜMBƏTOV, Gəncə şəhəri.
- Məhkəmə mülki işlərdə iştirak edən şəxsləri məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar etməlidir. Məhkəmə bildirişləri və çağırışları poçt vasitəsilə verilir. Mülki işlərdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında, yaxud ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər. Şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin məhkəməyə çağırışı da məhkəməyə çağırış vərəqi ilə həyata keçirilir. İşdə iştirak edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10 gündən gec olmayaraq verilir ki, işin istənilən vəziyyətində öz müdafiəsini hazırlamaq və vaxtında məhkəmə qarşısında dayanmaq üçün onların ixtiyarında kifayət qədər müddət olsun. Məhkəməyə çağırış vərəqələri işdə iştirak edən şəxsin ünvanına göndərilir. Şəxs faktiki olaraq məhkəməyə bildirilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun iş yerinə göndərilə bilər.Təşkilata ünvanlanmış çağırış vərəqəsi onun olduğu yerə göndərilir. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər sifarişli məktublar, yaxud xəbərdarlığın alınması barədə teleqramma, çağırış və bildirişlərin qeyd edilməsini təmin edən digər rabitə vasitələrindən istifadə etməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.