Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
– Hörmətli redaksiya! Mən sizin qəzetin daimi oxucularından biriyəm. İş təcrübəmin az olduğu səbəbindən bəzən işdə çıxılmaz vəziyyətdə qalıram, ya da ki, cavablar məni tam qane etmir. Aşağıda qeyd etdiyim suallara cavab tapmaqda mənə köməklik göstərməyinizi xahiş edirəm.
X. CUMAYEVA, Oğuz şəhəri.
1. – Əksər müəssisələrdə əlillik qrupuna görə işləyən işçilər var, hətta "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən onlar üçün kvota ayrılmışdır. 2-ci qrup əlillik dərəcəsi olan işçi işdə işləyə bilərsə hansı əsasa görə işləyə bilər, əgər işçi iş qabiliyyətli deyilsə onu başqa işə keçirmək və ya işdən azad etmək olarmı? Bəzi hallarda işçi işə qəbul olunduqdan sonra səhhəti ilə əlaqədar müalicə olunur və ona əlillik dərəcəsi təyin edilir və işə qayıtdıqdan sonra həmin işçiyə verilən imtiyazlar iş rejiminə, əmək funksiyasına ( beş və ya altıgünlük iş həftəsində həftəlik norma 40 saat olmalıdır) uyğun olmur. Həmin işçinin şəxsi razılığı ilə qeyd etdiyim normaya görə işçi ilə yeni əmək müqaviləsi bağlana bilərmi? - 02 iyul 2001 - ci il tarixli "Məşğulluq haqqında" AR Qanununun 9 - cu maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar nəzərdə tutulmuşdur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müəssisə, idarə və təşkilatlarda bu vətəndaşlar üçün kvota müəyyən edilmişdir. Bu kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisədəki işçilərin orta siyahı sayının 5%- dən çox olmamaq şərti ilə təyin edilir. Qeyd etmək lazımdır ki, bu kvotaya tək ikinci qrup əlillərə deyil, digər qruplardan olan əlillərə, 20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, əlil uşaqları tərbiyə edən qadınlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına və şəhid ailələrinə də aid edilir. Əlillik qrupu olan şəxslərin əmək qabiliyyətini itirmək faizi və iş qabiliyyəti Tibbi - Sosial Ekspert Komissiyasının rəyi əsasında təyin edilir. Eyni zamanda bu kateqoriyadan olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən yalnız Tibbi - Sosial Ekspert Komissiyasının rəyi əsasında onların əmək qabiliyyətsiz olduğu halda xitam verilə bilər. Bu işçilər Əmək Məcəlləsinin 231 - ci maddəsində nəzərdə tutulan qaydada səhhətinə görə yüngül işdə işləməyə ehtiyacı olduqda işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Dövlət tərəfindən sosial müdafiəyə ehtiyacı olan işləyən vətəndaşlara, o cümlədən işləyən əlillərə qanunla bir çox imtiyazlar nəzərdə tutulur. İşəgötürən belə imtiyazlı işçilərin müalicə oluması üçün müvafiq şərait yaratmağa, onlara sağlamlıqlarının imkan verdiyi iş rejimində işləyərək əmək funksiyalarını həyata keçirməyə müvafiq şərait yaratmağa borcludur. Belə hallarda işçinin razılığı ilə, yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla, yeni əmək müqaviləsi bağlanıla bilər.
2. – Bayram günlərinin məzuniyyət müddətinə əlavə edilməsi ləğv edilibmi? – Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Əmək Məcəlləsinə edilən 10 oktyabr 2006 - cı il tarixli əlavəyə əsasən Əmək Məcəlləsinin 114 - cü maddəsinə aşağıdakı məzmunda 5 - ci hissə əlavə edilmişdir: "5. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir".
3. – İşçi məzuniyyətdə oduğu dövrdə müalicə olunur və xəstəlik vərəqəsi təqdim etməklə məzuniyyət müddətinin istifadə etmədiyi günlər üçün uzadılmasını xahiş edir. Bu, nə dərəcədə düzdür? (Onda hər on işçidən biri bu prosesə əl atmaq istəyir). – Hər bir işçi məzuniyyətdə olduğu dövrdə xəstələnərsə və müvafiq xəstəlik vərəqi təqdim edərsə təqdim olunmuş günlərin sayına uyğun olaraq məzuniyyət müddəti artırılır. Nəzərə almaq lazımdır ki, burada əsas məqsəd məzuniyyətlərin artırılması deyil, işçinin xəstələndiyi gündən məzuniyyət günlərinin axınının dayanması və xəstəlik vərəqi bağlandıqdan sonra məzuniyyət günlərinin davam etməsi başa düşülməlidir. Belə hallarda təqdim olunmuş xəstəlik vərəqələrinə uyğun olaraq idarə, təşkilat və müəssisə rəhbərləri tərəfindən əsaslandırılmış əmrlər verilməli və işçilərin məzuniyyət günlərinin artırılması əsaslandırılmalıdır. Azərbaysan Respublikası Nazirlər Kabinetinin "Məcburi Dövlət Sosial Sığorta Ödəmələrinin hesablanması və ödənilməsi haqqında əsasnamə"nin təsdiq edilməsi barədə 15 sentyabr 1998 - ci il tarixli 189 saylı Qərarının 12 - ci maddəsinə əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətinin itirdiyi bütün günlər üçün verilir. Bu qərarın 13-cü maddəsinə əsasən isə əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötürü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Belə hallarda işçilərin məzuniyyət günləri də artırılmır. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq etməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir. Belə hallarda məzuniyyət müddəti də artırılır. Xəstəlik vərəqələrinə görə məzuniyyət günlərinin artırılmaması və buna görə müavinətlərin ödənilməməsi o halda mümkün ola bilər ki, işçi işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə qəsdən öz sağlamlığına zərər vuran və yaxud da özünü yalandan xəstə kimi qələmə verən hərəkətlər etsin, törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirsin. Məhkəmənin qərarı ilə məcburi müalicəyə (ruhi xəstələrdən başqa) və ya məhkəmə tibbi ekspertizaya göndərilsin. Məzuniyyət dövründə həkimin təyin etdiyi rejimi pozan və yaxud da müəyyən olunmuş vaxtda həkimin müayinəsinə gəlməyən işçilərin məzuniyyət müddəti artırılmır və onlar bu müddət üçün müavinətdən məhrum olunurlar. Qeyd etmək lazımdır ki, xəstəliyə görə məzuniyyətlərin artırılmaması və müavinətlərin ödənilməməsi o halda baş verə bilər ki, bunun üçün kifayət qədər əsaslar olsun və idarə, müəssisə və təşkilat rəhbərlərinin əsaslandırılmış əmri ilə təsdiq olunsun. Eyni zamanda belə hallarla bağlı yarana biləcək əmək mübahisələri ilə əlaqədar tərəflərin məhkəməyə müraciət etmək hüquqları var.
4. – İşçi analıq məzuniyyətinə çıxarsa həmin iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyəti ona hansı qaydada verilməlidir? İşçi əmək məzuniyyətini almayıbsa və işə qayıtdıqdan sonra onu tələb edə bilərmi, hansı qaydada? Həmin işçi analıq məzuniyyəti başa çatdıqdan sonra ərizəsi əsasında uşağa qulluğa görə qismən ödənilən (iki il) sosial məzuniyyətdən istifadə etdikdən sonra işə çıxarsa, istifadə etmədiyi əmək məzuniyyətini tələb edə bilərmi? – Əmək Məcəlləsinin 125 - ci maddəsinə əsasən: - Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda sonrakı məzuniyyət 70 təqvim günü müddətində verillir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: - Normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü). - Doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü). - İki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Əmək Məcəlləsinin 126 - cı maddəsinə əsasən, 2 ayadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117 - ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127 - ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək onu qulluq etməkdən ötürü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçilər yazılı ərizələri əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə - hissə istifadə edə bilər. Sosial məzuniyyət hüququndan istifadə edən işçilərin məzuniyyətlərinin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri ilə (sərəncamı, qərarı) rəsmiləşdirilir. Belə məzuniyyətlərin verilməsi barədə olan əmrlərdə və onların yerinə müvəqqəti olaraq işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsinin bağlanmasında sosial məzuniyyət hüququndan hissə - hissə istifadə edə bilən işçilərin istədikləri vaxt öz daimi iş yerlərinə qayıtmaq hüququ nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 134 -cü maddəsinə əsasən, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə müvafiq qaydada əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Göstərilən əsasla siz sosial məzuniyyətdən, o cümlədən qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan və öz əmək fəaliyyətinizə başladığınız dövrdə istifadə etmədiyiniz əmək məzuniyyəti hüququnuzdan istifadə etməklə növbəti əmək məzuniyyətinə çıxa bilərsiniz. Bununla bərabər nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 132.2 - ci maddəsinə əsasən, bu Məcəllənin 127 -ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
5. – İki il üçün əmək məzuniyyəti olan işçi həmin məzuniyyətlərdən birdəfəlik istifadə etmək istəyərsə məzuniyyətlər arasında gün fərqi ola bilərmi, yoxsa birdəfəlik istifadə etməlidir? Bəzən işçi məzuniyyətindən istifadə etməyərək müxtəlif bəhanələrlə məzuniyyətini hər il növbəti ilə keçirir. – Əgər işçilərin peşə və ya vəzifəsində, yerinə yetirdikləri əmək funksiyalarında, əmək şəraitində, əmək stajında və s. hallarda dəyişiklik olmayıbsa, bu halda iki iş ili üçün hər ilə görə məzuniyyət günlərinin müddətində fərq olmamalıdır. İşçilərin müxtəlif bəhanələrlə məzuniyyətlərinin bir ildən başqa ilə keçirilməsi barədə sualınız isə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 135 -ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə müvafiq iş ilinə görə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Göründüyü kimi, Əmək Məcəlləsinə görə işçiyə müvafiq iş ilinə görə əmək məzuniyyətinin verilməməsi qadağan edilir və istifadə edilməmiş əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilir. Bu səbəbdən işçinin bir ildən digər ilə keçirilən əmək məzuniyyəti olmamalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.