Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Əlilliyə görə əmək pensiyası və onun məbləği barədə məlumat verməyinizi xahiş edirəm. Pərvanə QULİYEVA, Astara rayonu.
- Əlilliyə görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 11 - 13 cü maddələri ilə tənzimlənir. Qanunun bu maddələrinə əsasən: Əlilliyə görə əmək pensiyası sığorta olunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Müddətli həqiqi hərbi (alternativ) xidmətdən olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunan bir il stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120% (I qrup gözdən əlillərə 200%), II qrup əlillərə 100%, III qrup əlillərə isə 55% həcmində müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184 - ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə pensiyanın sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK/(TxK), burada SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27 - ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi "Əmək pensiyaları haqqında" Qanunun 10.3 - cü maddəsində göstərilən qaydada müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH + SH + YH, burada P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.
- Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kimlər hesab olunur? Qulamrza VƏLİYEV, Xaçmaz rayonu.
- "Əmək pensiyaları haqqında" AR Qanununun 14 - cü maddəsinə əsasən: Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edən tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsaiti mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: - 18 yaşına çatmamış: - 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşından yuxarı; - ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə; - yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sığorta olunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. Xəbərsiz itkin düşmüş və ya ölmüş sığorta olunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.
- İpoteka qoyanın hansı hüquq və vəzifələri vardır? Xalidə NOVRUZOVA, Bakı şəhəri, Fatmayı kəndi.
- İpoteka qoyanın aşağıdakı hüquqları vardır: - İpoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və ya istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək; - ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək; - "İpoteka haqqında" AR Qanununun 30 - cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək; - ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: - ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək; -ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək; - ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər tədbirlər görmək.
- Hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqdan sonra xitam verilir. Hakimlərin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər: - öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı ərizə verdikdə; - hakim vəzifəsindən kənarlaşdırıldıqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; - AR vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə: - altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə Məhkəmə-Hüquq Şurası tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının müvafiq rəyi olduqda; - təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə; - işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobud surətdə pozduqda.
- Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması hansı qaydada aparılmalıdır? Günel BABAŞOVA, Bakı şəhəri.
- Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən, o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. - şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
- Vətəndaşlara digər yaşayış sahəsi verilməklə onlar dövlət və ictimai yaşayış sahəsindən çıxarıla bilərlərmi? Fərid FİKRƏTOĞLU, Siyəzən rayonu.
- Vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə dövlət ictimai mənzil fondunun yaşayış evlərindən aşağıdakı hallarda çıxarılırlar: - yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda; - ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda; - ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış sahəsinə çevrilməli olduqda.
- Qanunla vətəndaşların qəbul edilməsi qaydaları necə tənzimlənir? Validə HÜSEYNOVA, Şəki şəhəri.
- Bəli, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 6 - cı maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyət orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşları dərhal qəbul etməlidirlər.
- Orderin etibarsız hesab edilməsi hansı nəticələrə səbəb olur? Sevil ƏLİYEVA, Bakı şəhəri.
- Mənzil Məcəlləsinin 99 - cu maddəsinə əsasən, yaşayış sahəsi orderi almış şəxslərin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində order etibarsız hesab edildikdə, bu şəxslərə digər yaşayış sahəsi verilmədən çıxarılmalıdır. Orderdə göstərilmiş vətəndaşlar əvvəl dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsindən istifadə etmişlərsə, onların əvvəl qaldıqları yaşayış sahəsi və ya digər yaşayış sahəsi verilməlidir. Yaşayış sahəsi orderi digər əsaslara görə etibarsız hesab edildikdə, orderdə göstərilmiş vətəndaşlar digər yaşayış sahəsi və ya əvvəl qaldıqları sahə verilməklə çıxarılmalıdırlar.
- Notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları hansı notariat hərəkətlər apara bilər? Sevda ASLANOVA, Qazax rayonu.
- "Notariat haqqında" AR Qanununun 18- ci maddəsinə əsasən, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətləri aparırlar: - miras əmlakının mühafizəsi üçün tədbirlər görürlər; - vəsiyyətnamələri təsdiq edirlər; - əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddətli icarəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər; - sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; - sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.