Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

1946-c

27.01.12 - 18:4714 baxılıb

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


İşçi...

13.01.12 - 17:5729 baxılıb

İşçilərin icbari tibbi müayinədən keçirilməsi hansı hallarda məcburi qaydada həyata keçirilir?

Fərid HƏSƏNLİ,
Göyçay rayonu.


- Əmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.


Eşitdi...

29.12.11 - 17:4250 baxılıb

Eşitdiyimə görə, güzəştli şərtlərlə mənzil növbəsinə götürülən xəstəliklərin siyahısı keçmiş SSRİ Səhiyyə Nazirliyinin 1983-cü il, 330 saylı əmri ilə tənzimlənirdi. Həmin əmrdə göstərilən xəstəliklərin siyahısı hazırda Azərbaycan Respublikasında qüvvədədirmi?

Nazim BEHRUD,
Bakı şəhəri.


- Hazırda Azərbaycan Respublikasında yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 2010-cu ildən qüvvəyə minən Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 50.1.4-cü maddəsinə əsasən, bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Mənzil Məcəlləsinin 56.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran və xroniki xəstə olan vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilə bilər.


Ər-arv...

23.12.11 - 19:4054 baxılıb

Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə hansı qaydada verilir?

Aytən MƏMMƏDOVA,
Bakı şəhəri.


- "Notariat haqqında" qanunun 61 və 62-ci maddələrinə əsasən: ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə onların birgə ərizəsi əsasında notarius tərəfindən verilir. Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər .
Yaşayış mənzilinə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.
Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələri yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.


Azərba...

16.12.11 - 19:0865 baxılıb

Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi nə vaxt verilməlidir?

Simuzər BƏDƏLOVA,
Astara şəhəri.


- "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun 4-cü maddəsinə əsasən: şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum haqqında şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəd əsasında ,yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.


Dövlə...

09.12.11 - 17:3858 baxılıb

Dövlət ehtiyacları üçün torpaqların alınması zamanı alınmanın təsirinə məruz qalan şəxslərin və torpaqların siyahıya alınması hansı qaydada həyata keçirilməlidir?

İbrahim HACILI,
Tovuz rayonu.


- Dövlət ehtiyacları üçün torpaqların alınması zamanı alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar qanunvericiliyə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpağın siyahıya alınması zamanı aşağıda göstərilən şəxslər də nəzərə alınır: alınmanın təsirinə məruz qalan şəxslərin siyahıyaalınma tarixinədək doğulmuş, onlar tərəfindən qanunvericiliyə uyğun olaraq övladlığa götürülən uşaqları, habelə həmin şəxslərin siyahıyaalma tarixindən sonrakı altı ayadək olan müddətdə doğulmuş uşaqları və siyahıyaalınma tarixinədək qanunvericiliyə uyğun olaraq övladlığa götürmək haqqında müraciət etmiş və siyahıyaalınma tarixindən sonrakı altı ayadək olan müddətdə övladlığa götürülən uşaqları;alınmanın təsirinə məruz qalan vəfat etmiş şəxsin varisləri.


Azərba...

02.12.11 - 18:4962 baxılıb

Azərbaycan Respublikasının Odlar Yurdu Universitetinin hüquq fakültəsini və Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının yenidən hazırlanma kursunu bitirərək tarix müəllimi ixtisasına yiyələnmişəm. 9 illik pedaqoji iş stajım var. Mən orta məktəb direktoru vəzifəsində işləyə bilərəmmi?

Kərim KƏRİMOV,
İmişli rayonu.


- Pedaqoji ali təhsili olan, təcrübəsi və peşəkarlığı imkan verən hər bir müəllim məktəb direktoru vəzifəsində işləyə bilər. Lakin bildiyiniz kimi, bu şərtlərlə bərabər, digər əsas şərt həmin müəllimin bu vəzifəyə təyin edilməsidir.


İşçi...

25.11.11 - 17:0269 baxılıb

İşçilərin icbari tibbi müayinədən keçirilməsi hansı hallarda məcburi qaydada həyata keçirilir?

Vüsal TAĞIYEV,
Şirvan şəhəri.


- Əmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.


Əməkh...

18.11.11 - 13:1362 baxılıb

Əməkhaqqından tutulan məbləğlərin miqdarı məhdudlaşdırıla bilərmi?

Vüsal HÜSEYNOV,
Bakı şəhəri.


- Hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır. Göstərilən məhdudiyyətlər islah işləri çəkərkən və habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.


advokat

03.11.11 - 19:3577 baxılıb

Hörmətli Redaksiya! Mən 1 aklada həkim işləyirəm. Stasionarda gecə növbəsinə çıxıram. Növbətçilik müddətim 60 saatdan artıq olmur. Onun da 24 saatı pulsuzdur. Yerdə qalan saatların pulu 50 faiz ödənilir. Mühasibatlıqdan bu ədalətsiz "qaydaların" səbəbini soruşanda deyir ki, bizə müfəttiş belə deyib. Bəlkə siz deyəsiniz, bu ödəmə hansı normativ sənədlərə əsasən aparılır?

Nadir HACIYEV,
Quba şəhəri.


- Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək münasibətlərinə daxil olan və əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirən hər bir işçinin əməkhaqqı ödənilməlidir və bu münasibətlərdə haqqı ödənilməyən və ya pulsuz işlədilmə anlayışı yoxdur. Əmək münasibətlərinə daxil olan hər bir işçinin, o cümlədən də həkimin əməkhaqqı əmək müqaviləsi və Əmək Məcəlləsində nəzərdə tutulan qaydada tarif maaşı və ona edilən əlavələr şəklində ödənilməlidir. Bu əsasdan sizin işlədiyiniz saatların müəyyən hissəsinin pulsuz olması və ya 50 faiz ödənilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun deyil.
Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Bu Məcəllənin 98-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə, digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin.
Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 164-cü maddələrinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.


Gəmil

28.10.11 - 17:0780 baxılıb

Gəmilərdə işləyən qaz qaynaqçıları üçün iş həftəsinin müddəti qanunvericiliklə neçə saat təyin olunmuşdur?

Fərahim SULTANOV,
Bakı şəhəri.


- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 saylı qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 26-cı bölməsinin 37 və 38-ci bəndlərinə əsasən, gəmidaxili işlərdə məşğul olan qaz qaynaqçısı və gəmidaxili işlərdə məşğul olan elektrik qaz qaynaqçıları üçün qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.


Əritm

14.10.11 - 20:40127 baxılıb

Əritmə sexində işləyən qaz qaynaqçıları, rəngsaz və elektrik montyorlarının əmək şəraitinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Sənan QULAMOV,
Sumqayıt şəhəri.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na əsasən əritmə sexində işləyən:
o Qaz qaynaqçısının - 18;
o Rəngsazın, nasos qurğuları maşinistinin, nümunə götürənin - 6;
o Metallurgiya avadanlığının təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələrin - 12;
o Əllə qaynağın elektrik qaynaqçısı və elektrik avadanlığına xidmət üzrə elektrik montyorunun - 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


Ərin n...

08.10.11 - 18:38116 baxılıb

Ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırıla bilərmi?

Roza ÇƏLƏBİYEVA,
Bakı şəhəri.


- Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı oimadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz, bu dövrdə ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırılır.


advokat

30.09.11 - 17:19154 baxılıb

Səhhətinə görə işçilər daha yüngül işə keçirilə bilərmi?

Natiq MEHDİYEV,
Quba şəhəri.


- Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.
Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa azmaaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır.
İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.


57 yaşım var. Həyat yoldaşım vəfat edib. Himayəmdə 2005-ci ildə vəfat etmiş 27 yaşlı oğlumun həyat yoldaşı, 9 və 12 yaşlı iki qız övladı yaşayır. Dövlət tərəfindən hər uşağa 30 manat olmaqla 60 manat pul vəsaiti ödənilir. Məşğulluq İdarəsinə müraciət etsək də, münasib işlə təmin edilməmişik. Bilmək istəyirəm ki, vəfat etmiş həyat yoldaşımın iş stajı nəzərə alınmaqla mənə əlavə pensiya ödənişi hesablana bilərmi? Eyni zamanda öyrənmək istəyirəm ki, 2 azyaşlı uşağı olan dul qadına dövlət tərəfindən hansı köməklik göstərilməlidir?

M.AXUNDOVA,
Lənkəran şəhəri.

- "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Bu Qanunda qulluq stajına və digər şərtlərə görə əmək pensiyasına əlavələr nəzərdə tutulsa da, qeyd etdiyiniz halla əlaqədar əmək pensiyasına əlavələr nəzərdə tutulmamışdır.
Qanunun 14.1-ci maddəsində vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 18.1-ci maddəsinə əsasən isə, ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
2010-cu il sentyabrın 1-dən qüvvəyə minən "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasında vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ailə başçısını itirməyə görə aylıq müavinət - 45 manat məbləğində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) isə aylıq müavinət - 35 manat məbləğində nəzərdə tutulmuşdur.
2011-ci il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təsdiq edilmişdir. Sizin başqa gəliriniz olmadığından dövlətdən ünvanlı dövlət sosial yardımı almaq hüququnuz vardır. Bu məqsədlə siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran Rayon Məşğulluq Mərkəzinə müraciət etməlisiniz.


Sabirabad rayonunda nənəmin adına 54 kvadratmetr ev və 4,5 sot həyətyanı torpaq sahəsi olub. Nənəm rəhmətə getməmişdən əvvəl özünün tikdirdiyi və mülkiyyətində olan 54 kvadratmetr evi və 4,5 sot həyətyanı sahəni 1958-ci ilin dekabr ayının 20-də anamın adına vəsiyyətnamə əsasında rəsmiləşdirib. Bu sənəddən bizim xəbərimiz olmamışdır, təsadüf nəticəsində biz bu sənədi əldə etmişik. Göstərilən ünvana getdikdə anama məxsus evin söküldüyünü və yeni ev tikilməklə həyətyanı torpaq sahəsinin daş hasara alındığını gördüm.
Hörmətli redaksiya! Bilmək istəyirəm ki, mən anamın adına olan və başqaları tərəfindən qanunsuz olaraq tutulan 54 kvadratmetr evi və 4,5 sot torpaq sahəsini geri ala bilərəmmi?

Cahangir CAVADOV,
Şirvan şəhəri.


- Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Sualınızda qeyd etdiyiniz kimi, Sabirabad rayonunda ananızın adına 54 kvadratmetr ev və 4,5 sot torpaq sahəsinin olması faktı sizə uzun müddətdən sonra məlum olmuşdur. Prosessual iddia müddətləri üzrlü və ya üzrsüz səbəblərdən buraxılmışdır. Eyni zamanda bu miras əmlakına digər vərəsələr də iddia edə bilər. Həmin torpaq sahəsi hazırda başqa şəxslərin faktiki istifadəsindədir və orada müəyyən tikinti işləri aparılıb. Bu torpaq sahəsinə və tikintiyə dair ola bilər ki, aidiyyəti üzrə dövlət orqanları və ya bələdiyyə tərəfindən başqa qərar və sərəncamlar verilib və ya hazırda bu daşınmaz əmlak hüquqi cəhətdən başqa şəxslərin mülkiyyətindədir. Bütün bu məsələlərin araşdırılması, hüquqi qiymət verilməsi və iddia tələbinizi həyata keçirmək üçün siz həmin daşınmaz əmlakın yerləşdiyi Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlisiniz. Qeyd etdiyiniz hüquqlarınızı yalnız məhkəmə qərarı vasitəsilə həyata keçirə bilərsiniz.


Şəxsin müəyyən yerdə olması faktı təsdiq edilə bilərmi?

Babək OSMANLI,
Xırdalan şəhəri.



- Notarius şəxsin xahişi ilə onun müəyyən yerdə olması faktını təsdiq edə bilər. 14 yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir. Şəxsin müəyyən yerdə olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
Notarius maraqlı şəxslərə şəxsin müəyyən yerdə olması faktını təsdiq edən şəhadətnamə verməlidir. Notarius şəxsin xahişinə əsasən, onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verilməlidir. Fotoşəkil şəhadətnamənin verilən nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Həm də möhürün bir hissəsi fotoşəkilin üzərinə, bir hissəsi isə şəhadətnaməyə düşməlidir. Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.


Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarına edilmiş dəyişikliklər barədə məlumat verməyinizi xahiş edirəm.

Səxavət MƏMMƏDOV,
Bakı şəhəri.


- Nazirlər Kabinetinin 20 sentyabr 2011-ci il tarixli, 144 saylı Qərarı ilə "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarında dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.


Hansı su yolları ümumi istifadədə olan su yolları hesab edilir?

Nəbi XASIYEV,
Göyçay şəhəri.


- Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasının mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Hüquqi və fiziki şəxslər onlara məxsus su nəqliyyatı vasitələrinin üzməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümumi istifadədə olan su yollarından istifadə edə bilərlər.


Rayon i...

23.09.11 - 14:58161 baxılıb

Rayon icra hakimiyyətlərində yardımçı təsnifatda vəzifə tutan və təqaüdçü yaşında olan şəxs işdən azad edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə ona hansı müavinətlər ödənilməlidir?

Şahlar QOCAYEV,
Gəncə şəhəri.


- "Dövlət qulluğu haqqında" qanunun 33.3-33.4-cü maddələrinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda, ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Dövlət qulluqçusu könüllü işdən çıxdıqda, əgər dövlət orqanının rəhbərliyinin qərarı olarsa, könüllü işdən çıxmaq haqqında ərizəni verdikdən sonra üç ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Müəyyən yaş həddinə, yəni 65 yaşa çatmasına görə istefaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği qədər birdəfəlik haqq verilir və ondan vergi tutulmur. Bu Qanunun 21.5-ci maddəsinə əsasən isə, yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Əmək Məcəlləsi ilə müəyyən edilir.


advokat

16.09.11 - 19:15141 baxılıb

Əmək pensiyasına çıxan işçilərin yaş hədləri haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.
M.MƏMMƏDXANOV,
Qusar Suvarma Sistemləri İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri.



- Vətəndaşların əmək pensiyasına çıxmaq hüququ "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir. Bu Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək (63 yaşadək), qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək (60 yaşadək) hər il altı ay artırılır.
Bu Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Bu Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Bu Qanunun 8.3-cü maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Bu Qanunun 9-cu maddəsinə əsasən: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ("Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarın) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri; cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
o kişilər-55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
o qadınlar-50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə.



Əgər işçi öz xahişi ilə 01.09.2011-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edirsə və işəgötürən tərəfindən əmək müqaviləsinə bu tarixdən xitam verilirsə, bu halda həmin tarix işçi üçün sonuncu iş günü hesab edilməlidirmi?
A.MƏRDANOV,
Bakı şəhəri.


- Əgər işçi öz xahişi ilə 01.09.2011-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edirsə və işəgötürən tərəfindən əmək müqaviləsinə bu tarixdən xitam verilirsə, bu halda həmin tarix işçi üçün sonuncu iş günü hesab edilir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Əmək Məcəlləsinin bu tələbinə əsasən, qeyd etdiyiniz halda əmək müqaviləsinə xitam verildiyi 01.09.2011-ci il tarixi işçi üçün sonuncu iş günü hesab edilir.
Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd etdiyiniz halda işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı əmək müqaviləsinə xitam verildiyi sonuncu gün hesab edilən 01.09.2011-ci il tarixdə verilməlidir.



Mənim 63 yaşım 2011-ci ilin aprel ayının 19-da tamam olub. Pensiya təyin edilməsi üçün 2011-ci ilin iyun ayında müraciət etmişəm. Bilmək istəyirəm ki, pensiyaya çıxmaq hüququm nə vaxtdan yaranıb və təyin edilmiş pensiya hansı aydan ödənilməlidir?
İsmixan FƏRZƏLİYEV,
Siyəzən şəhəri.


- "Əmək pensiyası haqqında" qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Qanunun bu maddəsinə əsasən, sizin pensiya almaq hüququnuz 2011-ci ilin aprel ayının 19-da yaranıb. 2011-ci ilin iyun ayında müraciət etdiyinizə görə əmək pensiyası həmin aydan təyin edilməklə ödənilməlidir.



Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər barədə məlumat verməyinizi xahiş edirəm.
Habil SÜLEYMANOV,
Şəki rayonu.


- Aşağıdakı şəxslərə Əmək Məcəlləsi şamil edilmir:
o hərbi qulluqçulara;
o məhkəmə hakimlərinə;
o Milli Məclisin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;
o xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;
o podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.




Mən hər hansı bir müəssisədə müqavilə əsasında öz razılığımla iş vaxtından əlavə axşam saat 1700-dan səhər saat 900-a qədər gözətçi işləyə bilərəmmi?
Abbasəli CƏFƏROV,
Bakı şəhəri, Hövsan qəsəbəsi.



- Xeyr, işləyə bilməzsiniz. Belə ki, Əmək Məcəlləsi qeyd etdiyiniz bu qaydada işçilərin əmək fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Burada tərəflərin razılığından asılı olmayaraq bu rejimdə sizin işləməyiniz əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır. Belə ki, sizin Əmək Məcəlləsinin 89-cu maddəsində göstərilən normal iş vaxtından əlavə işləmək istədiyiniz müddət (ay ərzində hər gün axşam saat 1700-dan səhər saat 900-a kimi) əsas iş vaxtı olan 8 saatdan əlavə, gündəlik 16 saat olmaqla, Əmək Məcəlləsində göstərilən normadan demək olar ki, bir neçə dəfə çoxdur.
Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə müstəsna hallarda yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Bu Məcəllənin 100-cü maddəsinə əsasən isə, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Əgər siz əvəzçilik qaydasında işləməyi nəzərdə tutursunuzsa, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Əvəzçilik üzrə iş vaxtının müddəti 4 saatdan çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.


İşlə...

09.09.11 - 15:27165 baxılıb

İşlədiyim müəssisə rəhbərinə müraciət etsəm də, mənə xasiyyətnamə verilmir. Xasiyyətnamənin verilməsi qanunla hansı qaydada nəzərdə tutulub?

İlkin MEHDİYEV,
Sumqayıt şəhəri.


- Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.
İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.


advokat

27.08.11 - 15:53168 baxılıb

1) Bələdiyyədə xəzinədar vəzifəsində işləyən işçi 01.04.2010-01.04.2011-ci iş ilinə görə əmək məzuniyyətindən istifadə edib. 01.04.2011-01.04.2012-ci iş ilinə görə əmək məzuniyyətindən işçi nə vaxt istifadə edə bilər?
2) Bələdiyyədə vergi müfəttişi işləyən və məcburi köçkün olan 1955-ci il təvəllüdlü, ali təhsilli işçinin əmək kitabçası olmadığı üçün əmək məzuniyyətinə çıxdıqda ona iş stajına görə əlavə məzuniyyət verilə bilərmi?

Sevda RZAYEVA,
Bakı şəhəri.


- 1. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Əmək Məcəlləsinin bu maddəsinə əsasən, qeyd etdiyiniz işçi əgər 01.04.2010-01. 04.2011-ci iş ilinə görə əmək məzuniyyətindən istifadə edibsə, 01.04.2011-01.04.2012-ci iş ilinə görə əmək məzuniyyəti: əmək məzuniyyətlərinin verilməsi üçün tərtib olunmuş növbəlilik cədvəlləri əsasında və ya işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən həmin iş ilində istənilən vaxtda verilə bilər. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
- 2. Məcburi köçkün olan işçinin sizin müəssisədə işlədiyi müddət yəqin ki, qeydə alınıb. Eyni zamanda onun məcburi köçkünlük (1990-1991-ci ildən sonrakı dövr) dövründən sonra əmək münasibətlərində olduğu stajlar da həmin müəssisələr tərəfindən qeydə alınmalıdır və bu əmək münasibətləri əmrlərdə, əmək müqavilələrində , əməkhaqqının ödənilməsində, arxiv və digər sənədlərdə öz əksini tapıb. Əmək Məcəlləsinə əsasən, əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əgər qeyd etdiyiniz işçi 1990-1991-ci ildən sonrakı dövrdə ən azı 15 ildən çox işləyib, bu halda işlədiyi idarə, müəssisə və təşkilatlardan bu barədə müvafiq arayışlar almaqla sizə təqdim etməlidir. Həmin arayışlar və sizdəki müddət də nəzərə alınmaqla həmin işçiyə iş stajına görə əlavə məzuniyyət verilə bilər. Bu işçinin məcburi köçkünlük dövründən əvvəlki stajı isə yalnız məhkəmə qaydasında müvafiq qaydada təsdiq olunmalıdır.


Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları hansı hüquqlara malikdir?

Ağamusa MUSAYEV,
Bakı şəhəri.


- "Könüllü fəaliyyət haqqında" qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları aşağıdakı hüquqlara malikdir:
o bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək;
o bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək;
o könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
o görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq;
o könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görmək.

Xarici ölkəyə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti barədə məlumat verməyinizi xahiş edirəm.

Ülvi MURADOV,
Bakı şəhəri.


- "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 11-ci maddəsinə əsasən, xarici ölkəyə daimi yaşayış üçün gedən vətəndaşlar:
o Azərbaycan Respublikasının Konstitusiyası ilə verilmiş bütün hüquqlardan, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada pensiya təminatı hüququndan istifadə edir və öhdələrinə düşən vəzifələri daşıyırlar;
o Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki dövriyyədən çıxarılmış əşyalar istisna olmaqla onlara və ailə üzvlərinə məxsus əmlakı xaricə apara bilərlər. Mədəni və tarixi sərvət sayılan incəsənət əşyalarının və digər dəyərli əşyaların xaricə aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir;
o Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınırlar və onların pasportlarında müvafiq qeydlər edilir;
o Azərbaycan Respublikasının məhkəmə qətnamələri üzrə alimentləri və ya başqa mülki öhdəlikləri yaşayış yerindən asılı olmayaraq vaxtında ödəməlidirlər.

Fövqəladə hallar orqanlarına ilk dəfə xidmətə qəbul edilən şəxslər üçün sınaq müddəti təyin edilə bilərmi?

İlkin QASIMOV,
Bakı şəhəri.


- Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında, qanunun 6-cı maddəsinə əsasən, fövqəladə hallar orqanlarına ilk dəfə xidmətə qəbul edilən şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 3 aydan 6 ayadək sınaq müddəti müəyyən edilə bilər.
Sınaq müddəti ərzində fövqəladə hallar orqanlarında xidmətə namizəd ilkin hazırlıq keçir və onun xidmətə yararlılığı müəyyən edilir. Sınaq müddəti ərzində namizədə xüsusi rütbə verilmir.
Sınaq müddəti başa çatdıqdan sonra müsbət rəy almış əməkdaş müvafiq fövqəladə hallar orqanlarında vəzifəyə təyin olunmaqla daimi xidmətə qəbul edilir. Sınaq müddəti fövqəladə hallar orqanına xidmətə qəbula dair əmrdə göstərilir. Fövqəladə hallar orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin məzunları və müdavimləri üçün, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir.
Sınaq müddəti fövqəladə hallar orqanlarında iş stajına hesablanır, xidmət illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır. Sınaq müddətində əməkdaşlara vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası ödənilir. Fövqəladə hallar orqanlarında sınaqkeçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sosial sığortanın iştirakçıları barədə məlumat verməyinizi xahiş edirəm.

Ramiz Hüseynov,
Şirvan şəhəri.


- Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.
Sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir.
Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.
Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.


Yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması hansı qaydada həyata keçirilə bilər?

Vəli HƏSƏNOV,
Sumqayıt şəhəri.



- Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:
o yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;
o yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);
o yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;
o yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;
o sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı;
o yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının rəyi.
Razılaşdırmanı həyata keçirən orqan Mənzil Məcəlləsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir.
Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.
Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu barədə müvafiq icra hakimiyyəti tərəfindən verilmiş yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.



Hazırda Gəncə Şəhər "Xidmət-İş" Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyirəm. Kiçik məbləğdə kredit almaq üçün banklara müraciət etmişəm, ancaq banklar AHİK-lə müqavilələri olmadığını səbəb gətirərək kredit verməkdən imtina edirlər. Bu, qanunla belədirmi?

Zülfüqar SULTANOV,
Gəncə şəhəri.


- Hesab edirəm ki, banklar tərəfindən sizə AHİK-lə müqavilələrinin olmaması səbəbinə görə kreditin verilməsindən imtina əsaslı deyil. Kreditin verilməsi üçün əməkhaqqı barədə arayış, zaminlik və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi kifayətdir.


advokat

22.08.11 - 11:40277 baxılıb

Müəssisə sexinin ərazisindən 100 metr kənarda fasilə zamanı işçinin ölümü istehsalatda bədbəxt hadisə sayılırmı və bu ölümə görə müəssisə rəhbərliyi məsuliyyət daşıyırmı?

Arif HÜSEYNOV,
Daşkəsən şəhəri.


Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:
o əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
o müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;
o müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;
o keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə;
o işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;
o istehsal avadanlıqları və obyektlərində qəza zamanı;
o növbə istirahətində olan işçilər (bələdçi, refrijerator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;
o işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;
o işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;
o əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;
o əmək vəzifələrini yerinə yetirərkən itkin düşmələr, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşəratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı.
İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:
təbii ölüm, özünə qəsd, intihar, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, dəniz istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu, əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;
texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr.
Məsafəsindən asılı olmayaraq qeyd etdiyiniz ölüm hadisəsi yuxarıda qeyd olunan şərtlərə aiddirsə və istehsalatla əlaqəlidirsə, həmin hadisə təhqiq olunmaqla qeydə alınmalıdır.
İstehsalatla bağlı istənilən bədbəxt hadisənin baş verməsi, onun səbəbindən asılı olmayaraq idarə, müəssisə və təşkilatlar üçün yaxşı olmayan hadisə kimi qiymətləndirilir, onların rəhbərləri üçün həm mənəvi və həm də inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Lakin istehsalatla bağlı olan bütün hadisələrdə işəgötürənin məsuliyyət daşıması olmaya da bilər. Belə ki, əgər bu hadisə istehsalatla bağlıdırsa, işəgötürən və müəssisə maddi məsuliyyət daşıyır və işçiyə dəymiş zərərin əvəzi kimi aylıq müavinət, tibbi xidmətlərin əvəzini, sığorta pulunu və bu ziyanla əlaqədar digər zərəri ödəyir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə o zaman cəlb oluna bilər və məsuliyyət daşıya bilər ki, bu hadisənin baş verməsində birbaşa və ya ehtiyatsızlıqdan onun günahı olsun. Məsələn, baş vermiş bədbəxt hadisənin əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində baş verməsi, işçiyə müvafiq təlimatın keçirilməməsi, işçiyə əmək müqaviləsində qeyd olunmayan işlərin yerinə yetirilməsinin tapşırılması, iş yerində müvafiq şəraitin yaradılmaması və sair.


Bu yaxınlarda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddində hansı dəyişikliklər edilmişdir?

Seymur QULİYEV,
Bakı şəhəri.


- Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi barədə Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilmişdir.
1. Əmək Məcəlləsinə aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilmişdir:
“10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.".
2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilmişdir:
"e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.".

Natamam iş ilinə görə kompensasiya necə ödənilməlidir?

Sevda Rzayeva,
Bakı şəhəri.



- Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Bu Məcəllənin 135-ci maddəsinə əsasən isə, bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək Məcəlləsinin bu tələblərinə əsasən, işçiyə əmək məzuniyyətinin verilməsi işəgötürənin əsas vəzifələrindən biridir və bu əmək münasibəti tərəflər arasında razılaşma əsasında deyil, bu Məcəllənin tələbləri əsasında həyata keçirilməli və işçi hər il üçün nəzərdə tutulan ödənişli əsas məzuniyyət hüququndan istifadə etməlidir. Bu əmək münasibətini tənzimləyən hüquq normaları, yerinə yetirilməsi işəgötürən tərəfindən məcburi olan imperativ hüquq normalarıdır. Bu hüquq normalarına əsasən, müvafiq iş ili tamam olmamış, işçiyə tam olmayan istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın verilməsi qadağandır. İşçi yalnız tam olan müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Digər hallarda isə əmək münasibətlərində olan işçiyə kompensasiya ödənilmir. Eyni zamanda bir faktı da qeyd etmək istəyirəm ki, Əmək Məcəlləsi ilə nəzərdə tutulan bu kompensasiya, heç də sistemli olaraq məzuniyyətə görə kompensasiyanın verilməsini nəzərdə tutmur. Belə istisnalara yalnız nadir və müstəsna hallarda yol verilə bilər ki, işəgötürənin həqiqətən işçini növbəti əmək məzuniyyətinə göndərməyə ondan asılı olmayan səbəblərdən imkanı olmamışdır. Əmək Məcəlləsinin bu şərtini pozan və ondan sui-istifadə edən işəgötürənlər dövlət nəzarətini həyata keçirən orqan tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada böyük məbləğdə cərimə edilə bilərlər.
Sizin işəgötürənlə bu barədə olan razılaşmanızın hüquqi əsası yoxdur və bu səbəbdən də natamam iş ilinə görə sizə kompensasiya ödənilə bilməz.


"Əmək pensiyaları haqqında" qanuna edilən son dəyişikliklər barədə məlumat verməyinizi xahiş edirəm.

Mələk MƏMMƏDOVA,
Bakı şəhəri.



- "Əmək pensiyaları haqqında" qanuna
26.3-1 - 26.3-3-cü maddələri əlavə edilmişdir:
"26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.
26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır.
26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.".
27-ci maddə aşağıdakı redaksiyada verilmişdir:
“27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.
27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür".


advokat

12.08.11 - 18:13248 baxılıb

Dövlət Sosial Müdafiə Fondunun Lerik Rayon Şöbəsinin əmək pensiyası ilə əlaqədar mənə verdiyi qərardan narazıyam. Konstitusiya hüquqlarım pozulduğu üçün hara müraciət etməliyəm?

Cavanşir İBRAHİMOV,
Lerik şəhəri.

- Əgər Lerik Rayon Şöbəsinin cavabı sizi qane etmirsə, bu barədə həmin təşkilatın yuxarı orqanı olan Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərsiniz.
Konstitusiyaya görə, Azərbaycan Respublikasında hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Müraciətiniz təmin olunmadığı halda cavabdehin hüquqi ünvanının olduğu məhkəməyə müraciət etməlisiniz.


Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarının 3.3 və 3.5-ci maddələri bir-birinə ziddir. Nəyə görə ödənc hesablanarkən 12 aylıq əməkhaqqı götürülür, kütləvi artım hesablanarkən isə əvvəllər işlədiyim iş yeri üzrə vəzifə maaşım? Bu uyğunsuzluğun aradan qaldırılması üçün hara müraciət etməliyəm?
Rafiq ŞƏFİYEV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği"nin 3.3-cü maddəsinə əsasən, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əməkhaqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əməkhaqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə müəyyənləşdirilir. Zərər vurulanadək zərərçəkən on iki aydan az işləmiş olduğu halda, onun orta aylıq əməkhaqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlədiyi aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
Bu Qərarla təsdiq edilmiş Qaydaların 3.5-ci maddəsinə əsasən, "İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əməkhaqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.
Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği" qüvvədə olan normativ-hüquqi aktdır. Bu Qərarın şərtlərinin yerinə yetirilməsi bütün idarə, müəssisə və təşkilatlar üçün məcburidir. Bu qərarla əlaqədar təklifləriniz barədə Nazirlər Kabinetinə müraciət edə bilərsiniz. Həmin Qərara düzəliş, əlavələr etmək və ya onu ləğv etmək səlahiyyəti bu orqana məxsusdur.


Tibb kollecində çalışan şöbə müdirlərinə, metodistlərə, bədən tərbiyəsi rəhbərlərinə və digər qulluqçulara 56, yoxsa 30 təqvim günü məzuniyyət verilir?
Zöhrab BAĞIROV,
2 nömrəli Bakı Baza Tibb Kolleci
Kadrlar Şöbəsinin müdiri.

- Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
o illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
o bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
o uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
o tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internat tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
o sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
o elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
o müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
Sualınızda qeyd etdiyiniz təhsil işçiləri Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsində göstərilən işçilərə aiddir və bu əsasdan da hesab edirəm ki, həmin işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.


Bakı Zərgərlik Zavodunda işləmişəm. TSEK-in qərarı ilə 2002-ci ildən 2-ci qrup ömürlük əmək əliliyəm. 2008-ci ilin sonuna qədər zavoddan mənə müavinət verilib. Sonrakı iki ilin hər birində 3 ay, 2011-ci ildə isə cəmi 1 ay müavinət almışam. Dəfələrlə zavod rəhbərliyinə müraciət etsəm də, aylıq müavinətim ödənilmir.

Məmməd SƏFƏRƏLİYEV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği"nə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əməkhaqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əməkhaqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
Əgər Bakı Zərgərlik Zavodu sizə təyin olunan aylıq müavinəti və ya digər zərəri ödəməkdən istənilən səbəbdən imtina edirsə, bu zaman siz həmin müəssisənin yerləşdiyi ərazinin məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə ödənilməmiş müavinəti və dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edə bilərsiniz.


1) 15.08.2010-15.08.2011-ci iş ilinə görə əmək məzuniyyəti hansı tarixdən verilə bilər?

2) İşçilər 2-ci qrup əlillik aldıqdan sonra hansı vəzifələr üzrə işləyə bilər?

İslam İSMAYILOV,
Oğuz şəhəri.

1. - Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Bu əsasdan da qeyd etdiyiniz işçiyə əmək məzuniyyəti 15.08.2011-ci il tarixə qədər verilməlidir.
Əmək Məcəlləsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əgər işçi 15.08.2011-ci il tarixə qədər əmək məzuniyyətinə göndərilməyibsə, onda ona həmin müvafiq iş ili üçün kompensasiya verilməlidir.

2. - Həm əlillik qrupunun verilməsi, həm də əmək qabiliyyətinin itirilməsi faizi tibbi sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Tibbi sosial ekspert komissiyaları bir qayda olaraq 2-ci qrup əlillərin əmək qabiliyyətinin olmaması barədə rəylər verirlər ki, bu qərarlar da işçilərin əmək fəaliyyəti ilə məşğul olmasını qadağan edir.


1 2 3 4 5 6 7 8 9 10 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.