Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə hansı xərclər aid edilir?
Aygün Lahıcova, Bakı şəhəri.
- Məhkəmədə mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: - Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. - Yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər. - Tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar olan xərclər. - Tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri. - Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər. - Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. - Cavabdehin axtarılması ilə əlaqədar ödənilən xərclər. - Qətnamənin icrası ilə əlaqədar ödənilən xərclər. Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə qərarı ilə tərəflərdən tutula bilər.
- Hansı şəxslər vərəsə ola bilməyən valideynlər hesab edilirlər?
Həmid XƏLİLOV, Ucar rayonu.
- Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdəliklər qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
- Vətəndaş öldükdə şəxsiyyət vəsiqəsi hansı orqana təhvil verilir?
Oruc HÜSEYNOV, Şəki rayonu.
- "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi Vətəndaşlıq Vəziyyəti Aktının Qeydiyyatı Orqanına təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
- Bilmək istəyirəm ki, dövlət qulluqçularının pensiyaları nə vaxt artırılıb? L. RZAYEV, Bakı şəhəri, Əmircan qəsəbəsi. - "Əmək pensiyaları haqqında" Qanunun müvafiq maddəsinə əsasən, bu kateqoriyadan olan şəxslərin pensiyalarının artımı fəaliyyətdə olan dövlət qulluqçularının vəzifə maaşları artırılacağı təqdirdə yenidən hesablanacaqdır.
- Dövlət qulluqçusu kimi pensiyaçıyam. Pensiyanın düzgün hesablanması barədə mənə izahat verməyinizi xahiş edirəm . N. Z. BULUDOV, Biləsuvar rayonu. - Əvvəla, onu nəzərinizə çatdırırıq ki, dövlət qulluqçusu pensiyası vətəndaşlara bu hüququ qazandığı gündən təyin edilir. Sonralar isə onların pensiyalarının artımı dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin əməkhaqlarının artımı ilə bağlıdır. Yeri gəlmişkən xatırladırıq ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.11.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi və 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Sualları cavablandırdı: Kazbek ƏLƏKBƏROV, AHİK-in şöbə müdiri.
- Notarius tərəfindən şəxsin sağ olması faktının təsdiq edilməsi hansı qaydada aparılır?
Əli DADAŞOV, Quba rayonu.
- Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq edir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir.14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir. Şəxsin sağ olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur. Notarius tərəfindən maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verilməlidir.
- Uşağın anadan olmasına görə birdəfəlik dövlət müavinəti, bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə müavinətin məbləği barədə məlumat verməyinizi xahiş edirəm. S.HƏSƏNOV, Sumqayıt şəhəri.
- Azərbaycan Respublikası Prezidentinin 2008-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minən Fərmanına əsasən, uşağın anadan olmasına görə müavinət 50 manatdır. 01 sentyabr 2008-ci il tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə müavinətin məbləği 10 manat məbləğində müəyyən edilmişdir.
- Həyat yoldaşım ötən il dekabrın 15-də vəfat edib. DSMF-in İmişli Rayon Şöbəsindən mənə 225 manat dəfn xərci ödənildi. Bildiyimə görə isə, dəfn xərci mərhumun ailəsinə onun pensiyasının 6 aylıq məbləği həcmində verilməli idi.
Rəna SADIQOVA, İmişli rayonu, Məmmədli kəndi.
- "Əmək pensiyaları haqqında" Qanunun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə vəfat etmiş pensiyaçının əmək pensiyasının baza və sığorta hissəsinin üç aylıq məbləğində dəfn üçün müavinət verilir. "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Qanunun 14.2-ci maddəsində isə bu ödəmə vəfat edən şəxsin pensiyasının 6 aylıq məbləği həcmində müəyyən olunub. Əgər sualınızda göstərildiyi kimi, həyat yoldaşınız dövlət qulluqçusu kimi pensiya alırdısa, ona "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan qaydada dövlət qulluqçusu pensiyaçısı kimi təyin olunmuş pensiyanın 6 aylıq məbləğində dəfn xərci ödənilməlidir.
- Qanunvericiliklə donorun hansı hüquqları vardır?
Ülvi KƏRİMİ, Bakı şəhəri.
- "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Qanunun 7-ci maddəsinə əsasən, donorun aşağıdakı hüquqları vardır: - tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq; - pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq; - donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunvericiliklə müəyyən edilmiş qaydada almaq. Şəxs donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.
- Əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablanması zamanı staja görə ödəniş faizi hansı normativ aktda əks olunur? Məsələn, 5 ildən yuxarı ümumi staja görə ödəniş faizi neçə faizdir. Mümkünsə, normativ aktın dəqiq adı və tarixini bildirəsiniz.
Cavanşir Əliyev, Şəmkir rayonu.
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı iş stajına görə ödəniş faizi Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnamənin 62-ci bəndinə əsasən, 5 ilə qədər ümumi iş stajı olan işçilərə müavinət bütün hallarda qazancın 60 faizi miqdarında, 5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə müavinət bütün hallarda qazancın 80 faizi miqdarında, 8 il və daha çox ümumi iş stajı olan işçilərə müavinət bütün hallarda qazancın 100 faizi miqdarında verilir.
- Dövlət qulluqçuları üçün mədəni davranış nə deməkdir?
Şahnaz QULİYEVA, Xırdalan şəhəri.
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluqçuları üçün mədəni davranış dedikdə dövlət qulluqçusu üçün bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olması başa düşülür.
- Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını saxlamaq hüququ varmı?
Salman PİRİYEV, Salyan rayonu.
- Bəli, "Azərbaycan Respublikası vətəndaşlığı haqqında" Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.
- 2008-ci ildə yaşa görə pensiyaya çıxmışam. Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon şöbəsində məndən 2004-2005-ci illərdə aldığım əməkhaqqı barədə arayışı istəyirlər. Həmin illərdə mən işləməmişəm. Bunu əsas tutaraq mənə minimum həddə, yəni 75 manat pensiya təyin edilib. 35 il əmək stajım və yüksək əməkhaqqım olduğu halda 75 manat pensiya təyin olunması nə qədər düzdür?
- Meşə fondu torpaqlarının icarə müqaviləsinin hansı əsas şərtləri vardır?
Əli QASIMOV, Qax rayonu.
- Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir; - İcarəyə verilən sahənin sərhədləri . - İşin həcmi (ölçüləri). - İcarənin müddəti . - İcarə haqqının miqdarı və onun ödənmə qaydası. - İcarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri. - Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
- Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi hansı hallarda mümkündür?
Tural HÜSEYNOV, Bakı şəhəri.
- Spirtli içkilərdən və narkotik vasitələrdən sui- istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş və bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya müəssisələrinin ərizəsi üzrə qaldırıla bilər. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya müəssisəsində yerləşdirilmişdirsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
- Kadrların yenidən hazırlanması proqramlarına uyğun olaraq işlədiyim idarənin göndərişi ilə, orta aylıq əməkhaqqım saxlanılmaqla, Bakı şəhərində qiyabi qaydada ikinci ali təhsil alıram. Mənim qış və yay imtahan sessiyalarında iştirakım ilə əlaqədar ezamiyyə xərclərinin hesablanması qaydasını bildirməyinizi xahiş edirəm.
Səfa SƏFƏRƏLİYEV, Qəbələ rayonu.
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli (11/30-108 saylı) "İşçilərin ezamiyyə qaydaları"nın 1-4-cü bəndlərinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
- Başqa vəzifəyə keçirilən işçi ilə mütləq yeni əmək müqaviləsi bağlanmalıdır, yoxsa bunu əmək müqaviləsinə edilən dəyişiklik kimi əlavə formasında da etmək olar?
Bənövşə NOVRUZOVA, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
- Məzuniyyətdə olan işçi öz arzusu ilə vaxtından əvvəl məzuniyyətdən geri qayıda bilərmi və əgər qayıtmaq hüququ varsa, həmin dövrün əməkhaqqısı hansı qaydada hesablanır?
Ofelya KƏRİMOVA, Gəncə şəhəri.
- Əmək Məcəlləsinə görə, məzuniyyətdə olan işçinin öz arzusu ilə vaxtından əvvəl məzuniyyətdən geri qayıtma hüququ yoxdur. Bu Məcəllənin 137-ci maddəsinin 4-cü bəndinə əsasən, işçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər. Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci və 4-cü bəndlərinə əsasən, müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi işəgötürən tərəfindən ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
- Hansı şəxslər vərəsə ola bilməyən valideyinlər hesab edilirlər? Gülər İSAYEVA, Bakı şəhəri.
- Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə Argentina və Braziliyada 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
Ülvi OSMANOV, Bakı şəhəri.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına bir nömrəli əlavəyə əsasən, Argentinada 195 ABŞ dolları məbləğində, Braziliyada 225 ABŞ dolları məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyət daşıyırlarmı? R.TAPDIQOV, Şirvan şəhəri.
- "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Qanunun 22-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyət daşımırlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.