Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
40 ildən çox işləməklə əmək pensiyasına çıxmışam. Gözlərimdən xəstəyəm. Müalicə almaq üçün hansı təşkilata müraciət edirəmsə, işlədiyim müəssisələrin ləğv olunduğu bildirilərək yollayış verməkdən imtina edilir. İşlədiyim müəssisələrin ləğv olunduğunu nəzərə alaraq yollayış almaq üçün hansı təşkilata müraciət etməyim barədə məlumat verməyinizi xahiş edirəm.
Qüdrət MƏRDANOV, Gəncə şəhəri.
- Hazırda əmək pensiyasında olmağınızla əlaqədar işləmədiyiniz və əmək fəaliyyətində olduğunuz müəssisələrin ləğvi ilə əlaqədar müalicə üçün yollayışın verilməsi üçün yazılı Ərizə ilə işlədiyiniz sahə və ya peşə üzrə Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət edə bilərsiniz. Ərizənizə müalicə ilə əlaqədar tibbi sənədləri əlavə etməklə, Həmkarlar İttifaqı Respublika Komitəsindən aidiyyəti üzrə sanatoriyaya yollayışın verilməsini xahiş etməlisiniz.
Yoldaşımla bir şöbədə işləyirəm, mən şöbə rəisiyəm, yoldaşım mühəndisdir. İşlədiyimiz müəssisəyə gələn audit yoxlaması bildirdi ki, yaxın qohumların, ailə üzvlərinin bir-birindən asılı vəziyyətdə işləməsi yolverilməzdir. Bilmək istəyirəm ki, belə vəziyyət qanunla necə tənzimlənir?
Sevda ƏLİYEVA, Bakı şəhəri.
- Qeyd etdiyiniz yaxın qohumların, ailə üzvlərinin bir-birindən asılı vəziyyətdə işləməsinin yolverilməzliyi dövlət funksiyalarını yerinə yetirən vəzifəli şəxslərə, onlara bərabər tutulan şəxslərə və bu sahədə işləyən işçilərə aiddir. Əgər siz dövlət funksiyalarını yerinə yetirən vəzifəli şəxssinizsə, o halda sizinlə həyat yoldaşınızın bu qaydada işləməsi yolverilməzdir. Belə ki, "Korrupsiya ilə mübarizə haqqında" qanunun 14-cü maddəsinə əsasən, dövlət funksiyalarını yerinə yetirən vəzifəli şəxslər və onlara bərabər tutulan şəxslər onların yaxın qohumlarının (valideynlərin, ər-arvadın, övladların, bacıların, qardaşların) tabeliyində, nəzarəti altında olan, hesabat alan vəzifələri tuta bilməzlər. Belə şəxslər bu qaydanı pozarlarsa, tutduqları vəzifədən azad edilərlər və qanunvericilikdə nəzərdə tutulmuş qaydada başqa işə keçirilirlər. Bu səbəbdən işdən azad edilmiş şəxslər başqa orqanlarda, müəssisələrdə, idarə və təşkilatlarda dövlət funksiyalarını yerinə yetirən vəzifələrə və onlara bərabər tutulan vəzifələrə qəbul oluna bilməzlər.
Torpağa basdırılmış və ya tapılmış dəfinəyə mülkiyyət hüququ kimə məxsusdur?
Həsən ƏLİYEV, Bakı şəhəri.
- Mülki Məcəllənin 187-ci maddəsinə əsasən, dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid elmi dəyərli əmlak olduqda dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir.
Qanunla nəvələrin baba və nənəni saxlamaq vəzifəsi hansı halda yarana bilər?
İlqar ABBASOV, Astara rayonu.
- Ailə Məcəlləsinin 90-cı maddəsinə əsasən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdir.
İşçilərə intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs barədə məlumat verməyinizi xahiş edirəm.
Orucəli HƏSƏNOV, Şirvan şəhəri.
- İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Yuxarıda göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.
Fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqd etibarlı hesab edilə bilərmi?
Zaur OSMANLI, Bakı şəhəri.
- Mülki Məcəllənin 343-cü maddəsinə əsasən, spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd etibarsızdır və himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bu maddənin qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin müstəqil bağlama hüququ çatan xırda məişət əqdlərinə şamil edilmir.
Ümumi mülkiyyətdə olan əşya və əmlaklar girov qoyula bilərmi? İntizam ŞAHVERDİYEV, Bakı şəhəri.
- Mülki Məcəllənin 277-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. Ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən hər biri ümumi əşyaya hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov saxlayanın tələbi ilə həmin pay satıldıqda digər mülkiyyətçilərin bu payı almaqda üstünlük hüququ vardır.
50 ildən yuxarı fasiləsiz iş stajım var. Bu stajın 33 ili dövlət qulluğunda, 17 ili isə başqa sahələrdə olmuşdur. Hazırda Hacıqabul Poçt Filialında şöbə rəisi və Poçt Filialı Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Bilmək istəyirəm ki, mənə əmək veteranı verilə bilərmi? Əgər verilə bilərsə hara və kimə müraciət etməliyəm və hansı sənədləri təqdim etməliyəm? Bu barədə məlumat verməyinizi xahiş edirəm.
İsmixan TALIBOV, Hacıqabul şəhəri.
- "Veteranlar haqqında" qanunun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş, uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Bu Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Nazirlər Kabinetinin 1995-ci il 23 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Əsasnaməsinə əsasən: uzun illər ictimai əməklə məşğul olan, yaşa görə pensiya hüququ qazanmış: kişilərin 40 ildən artıq əmək stajı olduqda, qadınların isə 30 ildən artıq əmək stajı olduqda əmək veteranı almaq hüququ yaranır. Pensiyaya çıxmış şəxslərə əmək veteranı adı onların axırıncı işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanları tərəfindən verilir. Bütün digər hallarda, o cümlədən müəssisənin yuxarı icra hakimiyyəti orqanı olmadıqda isə işləyən, yaxud da pensiyaya çıxmış şəxslərə əmək veteranı adı və vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Əmək veteranı adı 1 ay müddətində verilir. Göstərilən normativ-hüquqi aktlara əsasən, 40 ildən yuxarı əmək stajınız olduğu üçün sizin əmək veteranı adı almaq hüququnuz vardır. Bunun üçün siz ərizə ilə Hacıqabul Poçt Filialının tabe olduğu yuxarı orqana müraciət etməlisiniz. Ərizəyə əmək kitabçasının təsdiq olunmuş surətini və təltif olunduğunuz və ya fəxri adlara layiq görüldüyünüz halda bu sənədlərin surətini əlavə etməlisiniz.
Mən həyətyanı torpaq sahəsi üçün daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunun 26.1.2-ci maddəsinə əsasən 50 manat məbləğində dövlət rüsumu ödəməli olduğum halda, məndən xidmət xərcləri adı ilə əlavə olaraq 30 manat (cəmi:80 manat) da tələb edirlər. Bilmək istəyirəm, bu nə dərəcədə doğrudur?
İsmayıl İSMAYILOV, Şəki şəhəri.
- "Dövlət rüsumu haqqında" qanunun 26.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün - 30 manat, bu Qanunun 26.1.2-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün - 50 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Əgər siz daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi və daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün müraciət etmisinizsə, bu halda sizdən 80 manat (50 manat və 30 manat) məbləğində dövlət rüsumunun alınması qanunun tələblərinə uyğundur.
İcbari tibbi müayinələrdən keçməkdən boyun qaçıran işçilər üçün hansı tədbirlər görülə bilər?
İlkin OCAQOV, Bakı şəhəri.
- Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onlar hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməlidirlər. İşçilərin icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.
İşçi əmək fəaliyyətinə başladıqda, ilk ay üçün onun əməkhaqqından vergi və digər ödəmələr tutula bilərmi?
Cavanşir İBRAHİMOV, Lerik şəhəri.
- İşçinin hansı vaxtda əmək fəaliyyətinə başlamasından asılı olmayaraq bütün aylar üçün, o cümlədən də ilk ay üçün əməkhaqqından gəlir vergisi, məcburi sosial sığorta haqqı, məhkəmə qətnaməsi ilə əlaqədar ödəmələr və sair məcburi ödəmələr tutulur. Hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır. Bu məhdudiyyətlər islah işləri çəkərkən və habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.
Hərbi xidmətə çağırılmışam. Bilmək istəyirəm ki, fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içirmi?
Samir QULİYEV, Bakı şəhəri.
- İlk dəfə fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaş xidmətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içir. Bu and aşağıdakı məzmunda olur: "Mən, fövqəladə hallar orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, fövqəladə hallar orqanları əməkdaşının şərəf və ləyaqətini uca tutacağıma and içirəm". Fövqəladə hallar orqanlarının and içən əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Məzuniyyətə çıxarkən bizim müəssisədə işləyən işçilərə müavinət verilir. Mənim 120 manat məbləğində gəlir vergisi tutulmayan imtiyazım vardır. Növbəti ayın 1-dən əmək məzuniyyətinə çıxmağıma baxmayaraq, məzuniyyət, müavinət və məzuniyyətdən əvvəlki ayın əməkhaqqı bir yerdə toplanaraq hamısından bir yerdə vergilər tutulur. Bu zaman mənim 120 manat məbləğində gəlir vergisi tutulmayan imtiyazım bir dəfə tətbiq edilir. Bu qaydada hesablamanın düzgün olub-olmaması barədə məlumat verməyinizi xahiş edirəm.
Valeri İBRAHİMOV, Göygöl şəhəri.
- Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, işçilərin aylıq gəlirlərindən gəlir vergisi tutulur. Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Bu Məcəllənin 140-cı maddəsinə əsasən isə, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Sualınızda qeyd etdiyiniz əmək məzuniyyəti, müavinət və məzuniyyətdən əvvəlki ayın əməkhaqqı eyni ayda sizə hesablanaraq ödənilir. Qeyd olunan normativ-hüquqi aktlara əsasən isə, sizin bu ödəmələriniz bir aya düşdüyündən, bu səbəbdən də əmək məzuniyyəti, müavinət və məzuniyyətdən əvvəlki ayın əməkhaqqının bir yerdə verilməsi və gəlir vergisinin tutulması düzgündür.
Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin hansı təminatları vardır?
Zülfi OCAQOV, Bakı şəhəri.
- İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əməkhaqqı saxlanılır. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.
Hansı hallarda şəxslərin sosial sığorta almaq hüququ yaranır?
Sahib ŞAHMAROV, Bakı şəhəri, Sahil qəsəbəsi.
- Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunan şəxslərin sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: o pensiya yaşına çatmaq; o əlil olmaq; o ailə başçısını itirmək; o əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); o hamiləlik və doğum; o uşağın anadan olması; o uşağa qulluq; o ölüm; o sanatoriya-kurort müalicəsi zərurəti; o işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Əcnəbilər müvəqqəti olduqları yer üzrə qeydiyyata hansı qaydada alınmalıdırlar?
Almaz MƏMMƏDOVA, Bakı şəhəri.
- "Yaşayış yeri və olduqları yer üzrə qeydiyyat haqqında" qanunun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə qeydiyyata alınır. Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış yerinə gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu əcnəbinin qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Əcnəbi olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi hansı şəxslərə şamil edilmir?
Pərvanə QAYIBOVA, Xırdalan şəhəri.
- Aşağıdakı şəxslərə Əmək Məcəlləsi şamil edilmir: hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Milli Məclisin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.
Həyat yoldaşımla ayrılmışıq. Birgə nikahdan olan uşağımız məhkəmə qərarı əsasında mənim himayəmə verilib. Hazırda uşağımın xarici ölkədə müalicəsinə ehtiyac vardır. Lakin həyat yoldaşım onun xaricə müalicəyə getməsinə razılıq vermir. Mən hara müraciət etməliyəm?
Səbinə MƏMMƏDOVA, Bakı şəhəri.
- "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 2-ci maddəsinin 4-cü bəndinə əsasən, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Əgər həyat yoldaşınız birgə nikahdan olan uşağınızı xarici ölkəyə müalicəyə aparmağınıza notariat qaydada razılıq vermirsə, siz müvafiq tibbi sənədləri və digər sənədləri toplamaqla məhkəməyə müraciət etməklə məhkəmə qərarı əsasında uşağınızın xaricə aparılmasına razılıq ala bilərsiniz.
İşçi müəssisədə müəyyən vəzifədə yarımştat işləyir. Həmin vəzifə üzrə tam ştat üçün əməkhaqqı qanunvericiliklə müəyyən olunmuş minimum əməkhaqqına bərabərdir. Həmin işçi yarımştat işlədiyi üçün işəgötürən ona minimum əməkhaqqının yarısı həddində əməkhaqqı verə bilərmi?
Sənan HACIYEV, Xırdalan şəhəri.
- Minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. İşçi yarımştat və ya aylıq iş normasının yarısı həddində işləyərsə, ona minimum əməkhaqqının yarısı həddində əməkhaqqı verilə bilər. Hazırda Azərbaycan Respublikasında minimum əməkhaqqının məbləği 85 manat məbləğində müəyyən edilmişdir.
Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin hansı şərtləri vardır?
Əfruz BƏDƏLOV, Mingəçevir şəhəri.
- Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir.Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.
Çernobıl əlillərinə verilən güzəşt və müavinətlər barədə məlumat verməyinizi xahiş edirəm.
R. PAŞAYEV, II qrup Çernobıl əlili, Sumqayıt şəhəri.
- Ölkə Prezidentinin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanı ilə sosial müavinətlərin aşağıdakı məbləği müəyyənləşdirilmişdir: l qrup əlillərə - 55 manat ll qrup əlillərə - 40 manat lll qrup əlillərə - 35 manat. Radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün müavinət 160 manatadək yüksəldilmişdir. Digər qərarla Çernobıl qəzası iştirakçıları və onların ailə üzvləri, sanatoriya-kurort müalicəsi ilə (işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən) təmin olunurlar. Onu da nəzərinizə çatdırırıq ki, Respublika Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanına görə, bir neçə müavinət almaq hüququna malik vətəndaşlara onlardan yalnız biri - ən yüksəyi ödənilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.