Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qanunla notariusların maddi məsuliyyəti nəzərdə tutulurmu?
Murad ƏHMƏDOV, Gəncə şəhəri.
- Bəli, qüvvədə olan “Notariat haqqında” qanunun 11-ci maddəsinə əsasən, notarisun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata, müəssisəyə və ya dövlətə maddi ziyan vurularsa o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşıyır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və məhkəmə qaydasında müəyyən edilir.
Nikahın bağlanmasına mane olan və qanunla qadağan olunan hallar barədə məlumat verməyinizi xahiş edirəm.
Şamama HÜSEYNOVA, Bərdə rayonu.
- Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: o yaxın qohumlar (valideynlər və uşaqlar, baba - nənə və nəvələr, doğma və ögey qardaş və bacılar); o övladlığa götürənlər və övladlığa götürülənlər; o ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; o ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Müəssisə və təşkilat rəhbərliyinin aliment ödənilməsi barədə saziş əsasında aliment tutmaq səlahiyyəti varmı?
Pərviz MUSAYEV, Sumqayıt şəhəri.
- Bəli, şəxsin işlədiyi təşkilat və müəssisənin müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqi əsasında hər ay onun əməkhaqqından və ya başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əməkhaqqı və başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
- Hansı torpaqlar dövlət ehtiyacları üçün alına bilən torpaqlar hesab edilir?
Məcnun İSAYEV, Qax rayonu.
- İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: o xüsusi mülkiyyətdə olan torpaqlar; o bələdiyyə mülkiyyətində olan torpaqlar; o dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.
Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi hansı qaydada həyata keçirilir?
Eldəniz ƏBDÜRRƏHİMOV, Şəki rayonu.
- "Yol hərəkəti haqqında" qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs: müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli; yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli; qanunvericiliklə müəyyən edilmiş məbləgdə haqq ödəməlidir. Sürücülük vəsiqəsi almaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sürücülük vəsiqəsinin verilməsi üçün bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədləri daxil olduğu həmin gün yoxlayır və orada göstərilmiş məlumatlar əsasında şəxsin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən: sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları; avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının məzunları. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" əsasnaməyə uyğun olaraq həyata keçirilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: onun etibarlıq müddətinin qurtarması; sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; onun yararsız hala düşməsi; onun itirilməsi; yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləgdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci - dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər. Qanunun tələblərinə zidd olaraq sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Fiziki şəxsin mülki hüquq qabiliyyəti dedikdə nə başa düşülür?
İkram MANAFOV, Xırdalan şəhəri.
- Mülki Məcəllənin 25-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
1948-ci il iyul ayının 1-də anadan olmuşam. Yeni "Əmək pensiyası haqqında" qanuna görə, nə vaxt pensiyaya çıxa bilərəm? DSMF-in Sumqayıt şəhər şöbəsində mənə deyirlər ki, 63 yaşında pensiyaya çıxa bilərəm. Qəzetiniz vasitəsiilə bu barədə olan qanun haqqında rəsmi məlumat verməyinizi xahiş edirəm.
Famil MƏMMƏDOV, Sumqayıt şəhəri.
- "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Bu Qanunun əvvəllər qüvvədə olmuş 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olmuşdur. "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli (2010-cu ilin yanvar ayının 1-dən qüvvədədir) qanuna əsasən 7-ci maddə üzrə: 1.1. "5 il" sözləri "12 il" sözləri ilə əvəz edilmiş; 1.2. Aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilmişdir: "Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır".
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti neçə gündür?
Arzuman SULTANOV, Şəki rayonu.
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləği nə qədərdir?
Fazil HƏSƏNOV, Bakı şəhəri.
- 2010-cu il sentyabrın 1-dən qüvvəyə minən "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2010-cu il tarixli Sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilmişdir: 1. Doktorantlara - 100 manat. 2. Ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə - 100 manat; magistr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə - 85 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 70 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 45 manat. bakalavr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə - 80 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 65 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 40 manat. 3. Orta ixtisas təhsili müəssisələrdə: əla qiymətlərlə oxuyan tələbələrə - 40 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 35 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 30 manat.
Müharibə veteranı olmaqla şəkərli diabet xəstəsiyəm. 1976-cı ildən eyni müəssisədə işləyirəm. Müəssisəmizin rəhbəri tez-tez dəyişir. Hər yeni gələn müdir bizi işdən azad etməklə hədələyir. Maraqlıdır, bu zaman şəkərli diabet xəstələrinin və müharibə veteranlarının işdə saxlanılması ilə əlaqədar hansı hüquqları vardır?
Yaqub ƏLİYEV, Mingəçevir şəhəri.
- Müəssisə rəhbərinin dəyişdirilməsi işçilərlə əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas vermir. İşçilərlə əmək müqaviləsinə xitam verilməsi yalnız Əmək Məcəlləsinin 68-76-cı maddələrinin şərtləri əsasında həyata keçirilə bilər. Əmək Məcəlləsi ilə şəkərli diabet xəstələrinin və müharibə veteranlarının işdə saxlanılması ilə əlaqədar aşağıdakı hüquq və təminatları vardır: Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verməlidir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv olunması qadağandır.
Məhkəmə qətnaməsi əsasında mənim 2 otaqlı mənzilim bölünərək 1 otaq mənə, digər otaq isə həyat yoldaşıma verilmişdir. Dövlət Reyestri Xidmətindən mənə bildirirlər ki, bu otaqların hər birinə texpasportun və çıxarışın verilməsi üçün hər bir otaq üçün 180 manat dövlət rüsumu ödəməliyəm. Texpasportun və çıxarışın verilməsi üçün dövlət rüsumunun məbləği barədə məlumat verməyinizi xahiş edirəm.
Cavanşir KAZIMOV, Siyəzən şəhəri
- "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün - 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün - 50 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur.
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hansı məbləğdə təyin edilmişdir?
Qüdrət İSMAYILOV, Bakı şəhəri.
- "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir.
Əmək müqaviləsi kollektiv qaydada bağlanıla bilərmi?
Asiman MƏMMƏDOVA, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir. Kollektiv əmək müqaviləsi bağlanılan hallarda işəgötürən kollektivin hər bir üzvü qarşısında bu Məcəllə və əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməlidir. Kollektiv əmək müqaviləsinə yalnız bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada xitam verilir.
Azərbaycan Respublikası vətəndaşlığı hansı əsaslarla əldə edilə bilər?
Maliki HƏSƏN, Astara rayonu.
- Şəxs Azərbaycan Respublikası vətəndaşlığını aşağıdakı hallarda əldə edir: Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; "Azərbaycan Respublikası vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Müəllim işləyirəm, 1998-ci ildən pensiya alıram. Digər müəllimlərlə müqayisədə pensiyam cəmi 100 manatdır. Pensiyalar arasnda uyğunsuzluq haçan aradan götürüləcək?
A.SƏRDAROV, Bakı şəhəri.
- Əvvəla qeyd edək ki, siz pensiyaya "Vətəndaşların pensiya təminatı haqqında" qanunla çıxmısınız. O illər pensiya təyinatı bir qayda ilə aldığınız əməkhaqqına görə hesablanıb. 2006-cı ildən əhalinin pensiya təminatı sosial sığorta sistemi üzrə "Əmək pensiyaları haqqında" qanuna görə vətəndaşların əmək stajına və yaxud əməkhaqqına uyğun olaraq aparılır. Pensiya Fonduna keçirdiyiniz əməkhaqqınızdan pul ödənişinə gəldikdə isə bildiririk ki, əmək fəaliyyətinizi dayandırdıqdan və tam pensiyaçı kateqoriyasına keçdikdən sonra şəxsi hesabınızda toplanan vəsaitlər müəyyən həcmdə sizin pensiyanızın üzərinə hesablanacaq.
Sorğunu şərh etdi: K.ƏLƏKBƏROV, AHİK-in şöbə müdiri.
Hansı torpaqlar dövlət ehtiyacları üçün alına bilər?
Vüsal HƏSƏNOV, Qax rayonu.
- "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun 5-ci maddəsinə əsasən, istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq, aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: o xüsusi mülkiyyətdə olan torpaqlar; o bələdiyyə mülkiyyətində olan torpaqlar; o dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.
Azərbaycan Respublikası qanunvericiliyi ilə Norveç, Niderland və San-Marinoda 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
İxtiyar MƏCİDOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına bir nömrəli əlavəyə əsasən, Norveçdə - 225 avro məbləğində, Niderlandda - 225 avro məbləğində və San-Marinoda - 215 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
Yaşayış sahəsindən digər məqsəd və təyinatlar üçün istifadə edilə bilərmi? İlkin QASIMOV, Bakı şəhəri.
- Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadəsinə yol verilir, o şərtlə ki, bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.