Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Hamilə və 3 yaşınadək olan qadınlarla əmək müqaviləsi bağlanmasının və ləğv edilməsinin hansı xüsusiyyətləri vardır? Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Hamilə və 3 yaşınadək olan qadınlarla əmək müqaviləsi bağlanmasının aşağıdakı xüsusiyyətləri vardır: Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 240-245-ci maddələri ilə qadınlar üçün bir çox güzəştlər nəzərdə tutulur. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş və 3 sentyabr 1981-ci ildən qüvvəyə minmiş QADINLARA QARŞI AYRI - SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA KONVENSİYAsına əsasən, bu Konvensiyanın məqsədləri üçün qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqlarını təmin edir, məşğulluq sahəsində qadınlar barəsində ayrı-seçkiliyi ləğv etmək məqsədi ilə kişi və qadınların bərabərliyi əsasında qadınların bərabər hüquqlarını, o cümlədən hamiləliyə, yaxud hamiləliyə və doğuşa görə məzuniyyətə görə işdən azad etməyi, yaxud işdən çıxarılarkən ailə vəziyyətinə görə ayrı-seçkilik qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə, qadağan etmək, qadınları xüsusilə hamiləlik dövründə, onların sağlamlığı üçün zərərli olduğu sübut olunmuş işlərdə işlədilməsini və əmək müqaviləsi bağlanmasından imtina edilməsini qadağan edir.
- Qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasında işçilərin respublika ərazisi daxilində tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti hansı müddətdə verilir?
Ramal NURİYEV, Bakı şəhəri.
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"na əsasən, Azərbaycan Respublikası ərazisində işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti, yolda olduğu vaxt nəzərə alınmadan, 5 gündən artıq olmamalıdır. Ezamiyyət müddətinin müstəsna hallarda, işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə İsveç və Bolqarıstanda 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
İkram MƏDƏTOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, İsveçdə 225 avro məbləğində, Bolqarıstanda 135 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
- Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında hansı təhsil hüquqlarına malikdirlər?
Səmayə QOCAYEVA, Bakı şəhəri.
- Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüquqlarına malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.
- Nikahın və təkrar nikahın ləğv olunması haqqında məhkəməyə təqdim olunan iddia ərizələrinin verilməsi üçün nə qədər dövlət rüsumu ödənilməlidir?
Sevinc QULİYEVA, Şəki şəhəri.
- "Dövlət rüsumu haqqında" qanunun 8-ci maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrinin verilməsi üçün - 5 manat, nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə - 20 manat məbləğində dövlət rüsumu ödənilir.
- "Dövlət sirri haqqında" qanun hansı şəxslərə şamil edilir?
Sənubər QULİYEVA, Sumqayıt şəhəri.
- "Dövlət sirri haqqıda" qanunun 3-cü maddəsinə əsasən, bu qanunun müddəaları AR ərazisində və onun hüdudlarından kənarda dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, dövlət sirri haqqında qanunvericiliyin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan vəzifəli şəxslər və vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, digər dövlətlər tərəfindən Azərbaycan Respublikasına verilmiş dövlət sirri təşkil edən məlumatlar bu qanuna müvafiq mühafizə edilir.
- Qanunla Azərbaycan Respublikasında təhsilin hansı pillələri və səviyyələri vardır?
Vüqar ABBASOV, Astara şəhəri.
- "Təhsil haqqında" qanuna əsasən, Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: Məktəbəqədər təhsil. Ümumi təhsil: ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil. İlk peşə-ixtisas təhsili. Orta ixtisas təhsili. Ali təhsil: bakalavriatura; magistratura; doktorantura. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
- Qanunvericiliklə yolda hərəkət sürətinin aşılmasına, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə və nəqliyyat vasitələrindən bayıra əşya atmağa görə hansı cərimələr nəzərdə tutulub?
Cabbar İSRAFİLOV, Sumqayıt şəhəri.
- "İnzibati xətalar haqqında" qanunun 151-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə ara məsafəsi, dayanma və ya durma, yedəyəalma, yükdaşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə - 15 manatdan 20 manatadək miqdarda cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır", 3.2 "Hərəkət qadağandır" yol nişanları tələblərinin və ya sərnişindaşıma, ötmə, manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə görə - 20 manatdan 40 manatadək miqdarda cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yol-nəqliyyat hadisəsi yerindən yayınmağa, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - 40 manatdan 60 manatadək miqdarda cərimə edilir.
- Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparıla bilərmi?
İlqar ABBASOV, Astara şəhəri.
- Bəli, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.
- Vətəndaş öldükdə şəxsiyyət vəsiqəsi hansı orqana təhvil verilir?
Firus ELDOSTU, Bakı şəhəri.
- "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun 7-ci maddəsinə əsasən, vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı orqanına təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
- 35 ildən artıqdır ki, əmək fəaliyyəti ilə məşğul oluram. İşlədiyim müddətdə dövlət tərəfindən təltiflərimi nəzərə alaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mənim dövlət pensiyama müəyyən məbləğdə əlavə edilə bilərmi?
Şahmalı BABAYEV, Goranboy rayonu.
- "Əmək pensiyaları haqqında" qanunun 44-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həmin orqanların büdcələrinin vəsaiti hesabına əmək pensiyaçılarının maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər. İşəgötürənlər kollektiv müqavilə və sazişlərə uyğun olaraq bağlanmış əmək müqavilələrinə (kontraktlara) əsasən əmək pensiyaçılarının maddi təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirə bilərlər.
- Yaşayış mənzilimin və digər daşınmaz əmlakımın dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə nə qədər rüsum ödəmək lazımdır?
N. ƏHMƏDOV, Bakı şəhəri.
- Dövlət rüsumu nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün aşağıdakı məbləğdə dövlət rüsumu tutulur: Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər üçün: daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün - 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün -50 manat, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması - 20 manat, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi üçün - 20 manat, ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün - 10 manat, torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün - 20 manat, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə - 10 manat.
- Mülki Məcəllənin 967-cı maddəsinə əsasən, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirri təşkil edən məlumatlar yalnız müştərinin özünə və ya nümayəndələrinə verilə bilər.Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
- Qanunvericiliklə torpaq sahəsinin bağışlanması tənzimlənirmi?
Anar MƏCİDOV, Bakı şəhəri.
- Bəli, Torpaq Məcəlləsinin 91-ci maddəsinə əsasən: 1. Torpağın mülkiyyətçisi Mülki Məcəllədə müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər. 2. Dövlət və bələdiyyə torpaqlarının bağışlanılmasına yol verilmir. Bu torpaqlar üzərində istifadə və icarə hüquqları qanunvericilikdə müəyyən edimiş qaydada bağışlana bilər. 3. Torpaq sahəsinin bağışlanması qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
- Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını saxlamaq hüququ varmı?
Eldar NEMƏTOV, Bakı şəhəri.
- Bəli, "Azərbaycan Respublikası Vətəndaşlığı haqqında" qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.
- İstehsalatda baş vermiş bədbəxt hadisələr təhqiq edilərkən hansı hallarda bu bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır?
Təbriz NƏBİYEV, Bakı şəhəri.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" qərarının 14-cü maddəsinə əsasən : İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, dəniz istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr.
- Əmək pensiyası hüququ verən sığorta stajının təsdiq edilməsi hansı dövlət orqanının səlahiyyətinə aiddir?
Azər NAMAZOV, Sumqayıt şəhəri.
- "Əmək pensiyaları haqqında" qanunun 25-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajı Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
- Bildirmək istəyirəm ki, müddətsiz 2-ci qrup əlil olsam da yaşa görə pensiya növünü seçmişəm. Yaşa görə pensiya alarkən əlilliyim nəzərə alınmaqla, mənə gəlir vergisindən güzəştlər və ya azadolmalar tətbiq edilməlidirmi?
Qurban ABAKAROV, Şəki şəhəri.
- Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar alan fiziki şəxslərin gəlirləri gəlir vergisindən azaddır.
- Alimenti vaxtında ödəməyən şəxslər məsuliyyətə cəlb oluna bilərmi?
Əzizə MƏMMƏDOVA, Gəncə şəhəri.
- Bəli, Ailə Məcəlləsinin 108-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinə görə ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Aliment alan həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.
- Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün nə qədər dövlət rüsumu ödənilməlidir?
Nurlan HACIYEV, Bakı şəhəri.
- «Dövlət rüsumu haqqında» Qanunun 10-cu maddəsinə əsasən, daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: o müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə-7 manat; o müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə: Bakı şəhərində-110 manat, digər şəhər və rayonlarda-44 manat dövlət rüsumu ödənilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.