OPEK neftin qiymətinin 149 dollara çatmasını arzulamır

Ümumiyyətlə, martın sonlarından etibarən "qara qızıl"ın qiymətində hər həftə artım meyli müşahidə olunmaqdadır. Mütəxəssislər hesab edirlər ki, neftin təhlükəli qiymət həddi kimi dəyərləndirilən 40 dollara enməsi ilə bağlı narahatlıqlar artıq aradan qalxıb. Xatırladaq ki, bu ilin əvvəllərində neftin bir barelinin qiyməti 40 dollara kimi ucuzlaşmışdı və birja analitikləri bundan aşağı qiymət əmsalını neft ixrac edən ölkələr üçün zərərli tendensiyalar yarada biləcək hal kimi səciyyələndirirdilər.
Ümumiyyətlə, son üç ayda neftin qiymətində 35-37 faiz artım müşayiət olunmaqdadır. Məhz bunu nəzərə alan ekspertlər may ayını neft bazarı üçün canlanma dövrü kimi xarakterizə edirlər. Bu ayın ilk ongünlüyündə neftin qiyməti hətta 72 dollara kimi yüksəlib. "Azərilayt" markalı Azərbaycan nefti isə həmin günlərdə 72, 5 dollara satılıb. Neftin birja qiymətləri üzrə hərraclarda aktivliyinin müşahidə olunması öz növbəsində yanacağın bahalaşmağa doğru getdiyini söyləməyə əsas verir. Artıq dünyanın aparıcı birja mütəxəssisləri də neft bazarında canlanmanın yarandığını söyləyirlər. Yaponiyanın, Böyük Britaniyanın və Amerikanın fond bazarlarında aktivliyin yüksəlməsi neftin qiymət artımı ilə bağlı nikbin proqnozların irəli sürülməsinə səbəb olub.
Dünyanın aparıcı iqtisadi tədqiqat və analitika mərkəzləri neftin bahalaşmasına impuls verən əsas amil kimi dünya iqtisadiyyatındakı cüzi də olsa artım meyillərini göstərirlər. Məsələn, birjadakı vəziyyəti şərh edən "Barclays Capital" investisiya şirkətinin analitikləri hesab edirlər ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində iqtisadi fəallıq qeydə alınmaqdadır. ABŞ-da bu ilin ilk 4 ayında 0,8 - 1,2 faizlik artım qeydə alınıb. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Çin, Yaponiya, Hindistan və digər inkişaf etmiş dövlətlərin də iqtisadiyyatında dirçəlişin ilkin simptomları özünü göstərməyə başlayıb. Artıq bu ölkələrin bank, qiymətli kağızlar və maliyyə sferasında da bir qədər canlanma müşahidə olunur. "Barclays Capital"ın ekspertlərinin qənaətinə görə, Amerikanın və Avropanın qiymətli kağızlar bazarında canlanmanın müşahidə olunması bazarın digər bölmələrinə də təsir edib. Son bir ayda qiymətli kağızların və səhmlərin kotirovkalarının yüksəlmə tendensiyaları, ABŞ-da neft və neft məhsullarına tələbin artması ümumi iqtisadi artıma stimul verib.
Avropa İttifaqının enerji məsələləri üzər komissarı Andreas Piebalqs deyib ki, son günlər dünya neft bazarlarında neftin qiymətinin artmasına ABŞ, Çin, Hindistan və Yaponiya kimi iqtisadi nəhənglərin hazırda daha çox yanacaq istifadə etməsi təsir göstərməkdədir. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsinə səbəb dünya iqtisadi böhranı nəticəsində yanacağa tələbin azalması olub. İndi tələb müəyyən dərəcə artmağa doğru gedir. Enerji bazarının qanunları hələ də dəyişməz olaraq qalır. Piebalqs onu da bildirib ki, yay aylarında Amerikada yanacağa olan tələbat 20-25 faiz artır. Ona görə də neftin yaxın vaxtlarda bir qədər də bahalaşmasını gözləmək olar.
OPEK-in baş katibi Abdullah Salem Əl-Bədri isə deyib ki, neftin qiymətinin əvvəlki pik həddə, yəni 140 dollara çatmasını arzulamırlar. Onun sözlərinə görə, bu, yaxşı nəticə deyildi və bazardakı bu qeyri-normal tarif siyasəti sonda böhranla başa çatdı. Baş katib hesab edir ki, neftin 100 dollardan yüksək olması həm istehsalçılar, həm də istehlakçılar üçün yaxşı nəticələr vəd etmir. OPEK-in baş katibi bildirib ki, qiymətlərin indiki reallıqda ən yaxşı həddi 75-80 dollar olmasıdır. Bu, hamının mənafeyinə uyğundur. Bundan yuxarı qiymət, əksinə, mənfi tendensiyalara səbəb ola bilər.



«OPEK neftin qiymətinin 149 dollara çatmasını arzulamır»   -
«Ülfət Qazeti»   -