Əmanət sahibləri üçün xoş sürpriz
Xatırladaq ki, bu qərardan əvvəl əmanətlərin sığortalanması ilə bağlı məbləğ 6 min manata bərabər idi və bu, böyük məbləğdə əmanət qoymaq istəyənlərdə müəyyən tərəddüdlər yaradırdı. Yəni əhalinin banklara yatırdığı vəsaitlərin 6 min manatlıq hissəsi sığortalanırdı. Bundan yuxarı məbləğə isə Fond zəmanəti öz üzərinə götürmürdü. Sığorta Fondunun qaydalarına əsasən, əgər hər hansı iştirakçı bank iflasa uğrayardısa, həmin bankda 20 min manat məbləğində depoziti olan vətəndaşın 6 min manatı geri qaytarılırdı, qalan məbləğin ödənilməsi isə bankla vətəndaş arasında məhkəmə yolu ilə həll olunurdu. İndi isə belə bir problem yoxdur və böyük məbləğdə əmanətlərin də sığortasını dövlət, yəni Əmanətlərin Sığortalanması Fondu öz üzərinə götürür. Bu gün əmanətlərin böyük əksəriyyətinin məbləğinin 30 min manatdan aşağı olmasını nəzərə alsaq, bundan sonra bütün bank depozitlərinin sığorta olunacağı istisna deyil. Onu da qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb və vətəndaşların banklara yatırdığı vəsaitlərin təhlükəsizliyi ilə bağlı zəmanət funksiyasını öz üzərinə götürən strukturdur. Kommersiya bankları bu quruma üzv olaraq hər il müəyyən məbləğdə vəsait ödəyir, Fond isə həmin bankların depozitlərinə cavabdehliyi öz üzərinə götürür. Respublikamızın təxminən 35 bankı bu quruma üzv olub. Əmanətlərin Sığortalanması Fondu bu addımı atmaqla vətəndaşların banklara depozit qoymasına stimul yaratmaq niyyəti güdür. Çünki dünya maliyyə böhranı ilə əlaqədar vətəndaşların gəlirləri də azalıb və onlar banklara riskli şəraitdə pul qoymaq istəmirlər. Banklardakı əmanətlərin strukturuna diqqət yetirdikdə vətəndaşların daha çox kiçik və orta məbləğli depozitlərə üstünlük verdiyini görmək olar. Yəni banklardakı əmanətlərin əksəriyyəti 3-5 min və 10-15 min manatlıq depozitlərdir. Az sayda vətəndaşlar 20, 25, 30 min manatlıq depozit hesablarına malikdir. 30 min manatdan artıq depozitlərin sayı isə çox azdır. Həmin məbləğə malik depozit sahibləri indiyədək sığorta məbləğinin kiçik olmasından ehtiyat edirdilər. Hazırda isə ölkəmizin bank bazarındakı əmanətlərin məbləğinin 30 min manata çatdırılması vətəndaşların bundan sonra depozitlərinin gələcək taleyi barədə heç bir narahatçılıq keçirməsinə əsas qalmır. Hər bir əmanət sahibi tam əmin ola bilər ki, bank bazarında fors-major hal baş verdikdə, hansısa kommersiya bankı müflis olaraq bağlansa onun pulunu Əmanətlərin Sığortalanması Fondu 90 gün müddətində geri qaytaracaq.
|