Ümumdünya Ərzaq Təşkilatı xəbərdar edir

Ümumdünya Ərzaq Təşkilatı bu il taxıl istehsalçısı olan ölkələrdə hava şəraitinin pis keçməsi ilə yanaşı, bir sıra ölkələrdə əkin sahəsinin də ötən illə müqayisədə azaldığını da vurğulayır. Əsas taxıl tədarükçüsü olan ABŞ, Braziliya və Avropa ölkələrində maliyyə böhranı ilə əlaqədar istehsalın azalacağı gözlənilir. Həmin ölkələrdə iri fermer və kooperativlər taxılçılığa sərmayə qoymaq istəmir. Taxıl əkininə çəkilən xərclər maya dəyərini bəzən ödəmir, ona görə də fermerlər hazırda bu sahəni gəlirli hesab etmirlər.
Dünya taxıl bazarında problemlər olsa da, Azərbaycanda bu tendensiya gözlənilmir. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bildirib ki, bu il ölkəmizdə 2,2 milyon ton taxıl istehsal olunacaq və ölkənin ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına ödəniləcək. Nəticədə Azərbaycana xarici ölkələrdən buğda idxal olunmayacaq. KTN rəsmisi ölkəmizdə yüksək repreduksiyalı taxıl sortunun yetişdirildiyini və istehsalın artmasında yeni toxum sortlarının xüsusi rol oynayacağını bildirir. Nazirlikdə hesab edirlər ki, bir neçə ildən sonra xaricdən gətirilən yüksək keyfiyyətli toxum hesabına məhsuldarlığı 30 faiz artırmaq mümkün olacaq.
İdxal olunan taxıla vergi rüsumlarının tətbiq edilməsinə gəlincə, S.Vəliyev bu addımın heç bir problem yaratmayacağını bildirir. Onun fikrincə, Nazirlər Kabinetinin qərarı ilə bu ilin may ayından etibarən ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV tətbiq etməsi yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır. Həmin qərar taxıl məhsullarının qiymətlərinə təsir göstərməyib və bundan sonra da etməyəcək. Mütəxəssis dünya taxıl bazarında gözlənilən fəsadların ölkəmizə təsir göstərməyəcəyini əmin edərək vətəndaşların etibarlı şəkildə taxıl ehtiyatları ilə təmin olunacağını əmin edir.
Fermerlər və taxıl emalı müəssisələri isə KTN-in idarə rəisindən fərqli olaraq narahatdırlar. Onlar əsas problem kimi taxılın satış bazarının olmamasını göstərirlər. Fermerlərin fikrincə, artıq taxıl biçininin başlanmasına baxmayaraq, məhsulu kimə satacaqlarını bilmirlər. Fermerlər də hər il zərərlə üzləşir. Onlar əkdiyi məhsulların satış qiymətindən narazıdır. Taxıl emalı və tədarük məntəqələrin məhsulun hər kq-nı 15 qəpikdən götürür. Çörəkbişirmə müəssisələri isə 1 kq. undan 2 çörək bişirir və 60 qəpik əldə edir. Onların bütün xərcləri çıxdıqdan sonra 1 kq. taxıldan qazancı 15 qəpik olur, amma fermerin ən yaxşı halda qazancı 3 qəpik olur. Fermerlərin sözlərinə görə, indiki qiymətlərlə taxıl əkmək sərfəli sayılmır. Bir hektar sahənin becərilməsi 500 manata başa gəlir və indiki qiymətlərlə taxıl əkmək sərfəli sayılmır. Məhsulun 1 kq-nın maya dəyəri 12-15 qəpiyə başa gəldiyi halda, onu dəyərindən zərərinə satan fermer, təbii ki, maraqlı olmayacaq. İndi bir çox bölgələrdə fermerlər taxılı daha çox özlərinin una olan ehtiyaclarını qarşılamaq üçün əkirlər.
Ümumiyyətlə, fermerlərə subsidiyalar verilsə də, onlar çəkdiyi xərclərini ödəyə bilmirlər. Taxılın maya dəyərinə təsir edən başlıca faktor yanacaqla bağlı xərclərdir. Bütün ölkələrdə böhranla bağlı yanacağın qiyməti ucuzlaşıb və fermerlər bundan müəyyən dərəcədə faydalanmağa başlayıblar. Respublikamızda isə taxılın maya dəyərində yer tutan faktorlar əvvəlki kimi qalır.
Taxıl emalı müəssisələrinin sahibləri isə ölkəyə gətirilən taxıla ƏDV-nin tətbiqindən sonra vergi və kommunal güzəştlərin edilməsini zəruri hesab edirlər. Məsələn, "Fatıoğlu" və "Karat" müəssisələrində hesab edirlər ki, fermerlərdən taxılın normal qiymətə alınması üçün hökumət emal müəssisələrinə stimullaşdırıcı və güzəştli şərtlər tətbiq etməlidir. Eyni zamanda taxıl istehsalçılarına verilən subsidiyaların həcmi artırılmalıdır.



«Ümumdünya Ərzaq Təşkilatı xəbərdar edir»   -
«Ülfət Qazeti»   -