Ölkə banklarının sağlamlaşdırılmasına zərurət var
Bu gün bankların kredit imkanlarından yararlanmaq istəyənlər kifayət qədərdir. Amma kommersiya banklarımızın kredit faizlərinin çox yüksək olması onların bu istəyini reallaşdırmağa imkan vermir. Məcburiyyət qarşısında qalanlara da yüksək faizlə kredit götürməkdən başqa çıxış yolu qalmır. Çünki ölkədə fəaliyyət göstərən bütün banklar demək olar ki, eyni şərtlərlə və faiz dərəcələri ilə kredit verirlər. Məsələnin dərinliyi araşdırılanda məlum olur ki, Mərkəzi Bankın faiz dərəcəsi 2 faizdir. Buna baxmayaraq, kommersiya banklarının təklif etdikləri istehlak və digər kreditlərin orta faiz dərəcəsi 20 faizdir. Bu isə kommersiya kreditlərinin faizi ilə Mərkəzi Bankın faiz dərəcəsi arasında 10 dəfə fərqin olması deməkdir.
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovun fikrincə, kommersiya banklarının faiz dərəcələrinin aşağı salınmaması bank sistemində yeni böhrana yol aça bilməklə yanaşı, real sektorun da inkişafının qarşısını alır: "Hazırda problemli kreditlər məsələsi kommersiya banklarını düşündürən əsas məsələlərdəndir. İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problem və yubanmalar vətəndaşların yalnız ödəmə qabiliyyətinin aşağı olması ilə deyil, eyni zamanda kommersiya banklarının uzun müddət kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsi ilə bağlıdır. Qlobal maliyyə böhranından öncə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir iqtisadi qanunla izah edilə bilməzdi". Öyrəndik ki, Qərb ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə təklif edirdi. Hətta bu faiz dərəcələri böhran öncəsi 30 faizi də arxada qoymuşdu. İqtisadçının qənaətincə, kommersiya banklarının şişirdilmiş gəlir qazanmaq istəyi Azərbaycanda qlobal maliyyə böhranın təsirlərinin bankların bütün qurumlarından daha tez hiss etməsinə səbəb oldu. Əlbəttə ki, kommersiya banklarının kreditləri paylaşdıran zaman onun qaytarılması mexanizmini və eləcə də mümkünlüyünü öncədən görməsi olduqca vacibdir. Aydındır ki, bahalı kredit siyasəti dayanaqlı ola bilməz və bu, sadəcə, qısamüddətli dövrdə səmərəlidir. Bu baxımdan, Azərbaycanın bank sektorundakı böhran və eləcə də kreditlərin qaytarılması problemi öncədən proqnozlaşdırılırdı: "Bu eyni zamanda ölkədə kommersiya banklarının "Piramida prinsipi" ilə işləməsi ilə bağlı idi. Qlobal maliyyə böhranı piramidanın bir hissəsinin uçmasına və ümumilikdə piramidanın dağılmasına səbəb oldu. Artıq böhranlı kreditlərin ümumi kredit portfelində payı qlobal standartları keçərək 4 faizdən artıqdır. "Piramida prinsipi" real sektorun da inkişafına ciddi maneə yaradır". V.Bayramov təəssüflə qeyd etdi ki, kommersiya bankları köhnə səhvləri təkrar edirlər. Aydındır ki, kommersiya banklarının likvidliyi aşağıdır və onların maliyyə resurslarına ciddi ehtiyacı var. Maliyyə resurslarının cəlb edilməsində də problemlər mövcuddur. Xarici maliyyə mənbələri məhduddur, əmanətlərin həcmində ciddi artımlar yoxdur və istehlak kreditlərinin faizlərinin və ümumən kreditlərin özünün geri qaytarılmasında problemlər dərinləşir: "Bununla belə, bu heç də kommersiya banklarını "izafi gəlir" əldə etməyə istiqamətləndirməməlidir. Bankların yenidən sağlamlaşdırılması ölkədə real sektorun inkişafı və kreditorların ödəmə qabiliyyətinin yüksəlməsi ilə bilavasitə bağlıdır. Bahalı kredit siyasətinin davam etdirilməsi sahibkarlar üçün əlavə xərclər yaratmaqla yanaşı kreditlər qaytarılmasında da problemlər yaradır. Bahalı kredit siyasətindən imtina likvidliyin uzunmüddətli dövrdə yüksəlməsinə səbəb ola bilər". Mərkəz rəhbəri təklif edir ki, kommersiya banklarında uzunmüddətli inkişafı təmin etmək və eləcə də yeni böhranın yaranmasının qarşısını almaq üçün 2010-cu ildə Mərkəzi Bankın bir sıra tədbirlər həyata keçirməlidir. "Əvvəla, gələn ildən başlayaraq kommersiya banklarının təklif etdiyi kredit faizləri ilə Mərkəzi Bankin faiz dərəcəsi arasına müəyyən müddət üçün əlaqənin yaradılması vacibdir. Artıq bəzi Avropa ölkələrində belə asıllıq tətbiq edilir. Hətta Bosniya və Hersoqovinada, Serbiyada, Macarıstanda kredit faizlərini qeyri-leqal olaraq yüksəldən banklara qarşı cərimələr tətbiq edilir. Rusiyada da oxşar sistem tətbiq edilməkdədir. Təbii ki, liberal iqtisadiyyat kommersiya banklarının kredit faizlərinə inzibati müdaxiləni məqbul saymır. Bununla belə, nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı hətta Avropanın liberal ölkələrinin də iqtisadi siyasətinə korrektələr etməsinə səbəb olub. Bu baxımdan Mərkəzi Bankın faiz dərəcəsi ilə kredit faizlərinin səviyyəsi arasında əlaqə heç də bazar iqtisadiyyatının fundamental dəyərlərinə zidd hesab edilməməlidir", - deyə V.Bayramov bildirdi. Bununla yanaşı, belə əlaqə tətbiqi qısamüddətli dövrü əhatə etməlidir və uzunmüddətli olmamalıdır. Eyni zamanda ekspert vurğulayır ki, kredit faizlərinin tənzimlənməsi həyata keçirilərsə, kommersiya banklarında "qara kredit bazarının" yaradılmasının qarşısının alınması üçün Mərkəzi Bank banklara nəzarəti gücləndirməlidir. Əks halda, belə inzibati müdaxilələr kommersiya banklarının kreditləri "qara bazar" metodu ilə, yəni "stol altdan" təkilf etməsinə səbəb ola bilər. Əgər İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı mübarizə aparırsa, niyə Mərkəzi Bank faiz dərəcələrinin süni artımlarına qarşı mübarizə aparmamalıdır? Etiraf etmək lazımdır ki, İqtisadi İnkişaf Nazirliyinin süni qiymət artımlarına qarşı mübarizəsi 2009-cu ildə səmərəli olub. Bu baxımdan Mərkəzi Bankın da oxşar fəaliyyəti həyata keçirməsi olduqca vacibdir. İqtisadçı-alimin fikrincə, kommersiya banklarının kredit faiz dərəcələrinin Mərkəzi Bankın faiz dərəcəsi ilə əlaqələndirilməsi böhran dövründə müraciət edilən metodlardan biridir. Təbii ki, böhrandan sonrakı dövrdə kredit faizlərini bazarın müəyyənləşdirilməsi yenidən bərpa edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, burada söhbət, sadəcə, "kredit tavanın" müəyyənləşdirilməsindən gedir və bu heç də kredit faizlərinin inzibati yol ilə konkretləşdirilməsi deyil. Həmin tavan daxilində kommersiya bankları kredit faizlərini sərbəst şəkildə müəyyənləşdirə bilirlər. V.Bayramov həmçinin bəzi kommersiya banklarında kreditlər təklif edilən zaman "qeyri-leqal ödənişlərinə" qarşı mübarizənin gücləndirilməsini təklif edir: "Kreditlərin bölgüsü şəffaf deyil, institutsional monitorinq imkanları zəifdir. Bu isə kreditlərin real sektoru "bahalaşdırmasına" səbəb olur və eyni zamanda heç də kredit almaq istəyən bütün vətəndaşların kreditlərə çıxış imkanları olmur. Bank sektoru həssas olduğundan Mərkəzi Bankın bu problemə qarşı mübarizəni gücləndirməsi olduqca vacibdir. Əks halda bu sektordakı problemlərin dərinləşməsi ehtimalları yüksəlir". Mərkəz rəhbəri əlavə etdi ki, kommersiya banklarının fəaliyyətinə nəzarətin gücləndirilməsi və onların bahalı kredit siyasətindən dayanaqlı kredit siyasətinə istiqamətləndirilməsi olduqca vacibdir. Əks halda banklar yeni böhran təhlükəsi ilə üz-üzə qala bilərlər. Maraqlıdır, iqtisadçının iradları ilə banklarımız nə dərəcədə razıdır? Bu və digər məsələlərə aydınlıq gətirmək məqsədi ilə suallarımızı "Bank of Azerbaijan"nın İdarə Heyətinin sədri Xəyal Şərif-zadəyə ünvanladıq. İdarə heyətinin sədri ilk olaraq Mərkəzi Bankın faiz dərəcəsi ilə bazarda kreditlərin orta faiz dərəcələri arasında fərqlərin olmasını təbii hesab etdiyini qeyd etdi: "Fərqlərin az və ya çox olması birbaşa cəlb olunan vəsaitlərin maya dəyərindən asılıdır. Cəlb olunan vəsaitlər əsasən əhalinin əmanətləri və xarici mənbələrdən cəlb olunan vəsaitlərdən ibarətdir. Bunun kimi fərqlər tək bizim ölkədə deyil, ümumən dünyada qəbul edilmiş bir prinsipdir. Misal olaraq Avropada orta bazarda kreditlərin faiz dərəcəsi LIBOR faiz dərəcəsindən artıqdır. Hazırda orta hesabla LİBOR +7 və ya 8 faiz dərəcədir. Bizim ölkədə cəlb olunan resurslarin maya dəyərləri orta hesabla 12-14 faiz təşkil edir və banklar tərəfindən risk dərəcəsini əlavə edərək orta kommersiya kreditlərin faiz dərəcəsini 20-22 faizə gətirib çıxarır. Real sektorun inkişafının qarşısının alınması məsələsinə gəlincə, diqqətinizə çatdırım ki, layihələr təkcə kommersiya bankları tərəfindən maliyyələşdirilmir. Onların böyük əksəriyyətinə dövlət və müxtəlif hökumət qurumları kifayət qədər aşağı faizlə kredit ayırır". Azərbaycan banklarının vətəndaş üçün üstünlüyünə gəlincə, X.Şərif-zadə bunu onların stabilliyi ilə əlaqələndirdi: "Bu, həm bankların xarici resurslardan cüzi asılılığı, həm də Dövlət tərəfindən himayəsi ilə əlaqədardır. Bizim bank öz növbəsində Azərbaycan bank sektorunun yaşadığı, keçirdiyi təcrübədən nəticə çıxararaq vətəndaşa daha təkmil, daha müştəriyönumlü, risklər baxımından daha optimal kredit və qeyri-kredit məhsullar, xidmətlər təqdim etməyə çalışır. Unutmayaq ki, bankın istifadəçiləri tək borcalanlar deyil. Bankın depozitorlarının da maraqlarını güdmək bizim başlıca vəzifəmizdir". Bankların likvidliyinə təsir göstərən əsas meyarlara gəlincə isə, bu, onun aktivlərinin keyfiyyəti ilə bağlıdır: "Təbii ki, bahalı kredit siyasəti aktivlərin keyfiyyətinə təsir göstərə bilər. Lakin banklar kredit siyasətini elə qurmalıdırlar ki, risk baxımından bahalı olan resursun baha qiymətə satışı aktivlərin keyfiyyətinə mənfi təsir göstərməsin. Bu da ilk növbədə bazarın seqmentləşdirilməsindən, risk baxımından daha əlverişli seqmentləri kreditləşdirməkdən, kredit təhlilinin daha mükəmməl aparılmasından ibarətdir".
Gülər KƏRİMLİ.
|