Rusiya Avropanı yenə qazsız qoymaq niyyətindədir
Elşad Nəsirli: “Avropa İttifaqı ölkələrinə qaz nəqlini nəzərdə tutan kəmərin fəaliyyəti dayandırıla bilər”
Rusiya Yeni il ərəfəsində Avropa ölkələrini yenidən qazsız qoymaqla hədələyib. Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, 2010-cu ildə Avropaya nəql olunacaq qazın tranzit tariflərinə yenidən baxılması zərurəti meydana çıxarsa, bu, ilk növbədə Avropa dövlətlərinə zərər verəcək. Xatırladaq ki, Ukrayna Rusiya ilə 2009-cu ilin yanvarında imzalanmış tranzit müqaviləsinin müddətinin 2010-cu ildə bitdiyini bəyan edərək, sazişə yenidən baxılmasının vacibliyini bildirib. Rəsmi Kiyev 2010-cu ildə qaz marşrutunun tranzit tariflərini artırmaq niyyətindədir. Rusiya Prezidenti isə Ukrayna hökumətinin bəyanatını məsuliyyətsizlik kimi dəyərləndirib, "Mən bu müqaviləyə yenidən baxılması təkliflərini tamamilə məsuliyyətsizlik hesab edirəm" - deyən Prezident Medvedev onu da qeyd edib ki, əgər Ukrayna razılaşmaya əməl etməsə, Avropaya bu qış qaz nəqlində problemlər meydana çıxacaq. Politoloq, geoiqtisadi məsələlər üzrə ekspert Elşad Nəsirli hesab edir ki, Medvedevin səsləndirdiyi fikirlər ciddi siqnaldır və Avropa ölkələri bu barədə düşünməlidirlər. Onlar Rusiyanın şaxtalı qış günlərində ata biləcəyi addımları nəzərə alaraq Ukraynanı kompromisə gəlməyə vadar etməlidir: "Rusiya istənilən anda Avropa İttifaqı ölkələrinə qaz nəql olunan kəmərin fəaliyyətini dayandıra bilər. Çünki belə hallara bir neçə dəfə təsadüf olunub. Sonuncu dəfə Rusiya ilə Avropa Birliyi arasında qaz münaqişəsinin gərginləşməsi Yeni ilin ilk günlərində baş verib. Kreml "qaz spekulyasiyalarından" istifadə edərək Avropa İttifaqı üçün ağır olan yanacaq böhranı yaradıb. Nəticədə Aİ ölkələri Ukraynanı güzəştli saziş imzalamağa razı saldılar. On günlük qaz böhranı Avropa üçün xəbərdarlıq idi". E.Nəsirlinin fikrincə, rəsmi Moskvanın istənilən vaxt siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz amilindən istifadə edəcəyi şübhə doğurmur: "Rusiya Aİ-nin regional siyasətindən və post-sovet məkanında strateji hədəflərə nail olmaq üçün atdığı addımlara dəfələrlə adekvat cavab verib. Aİ-nin bu regionda möhkəmlənmək üçün gerçəkləşdirmək istədiyi layihələr Kremli narahat etməyə bilməz. Qaz nəqli ilə bağlı problemlərin meydana çıxmasına da həmin amillər təsir göstərir". Ekspert hesab edir ki, Avropa İttifaqı mövcud vəziyyəti nəzərə aldaraq problemi birdəfəlik həll etməlidir. Bunun üçün daha etibarlı və təminatlı yanacaq marşrutunun çəkilişini reallaşdırmaq lazımdır: "Avropa uzunömürlü qaz kəməri layihəsini müəyyənləşdirib. Bu marşrut isə NABUCCO kəməri hesab olunur. Aİ həmin marşrutun çəkilməsi üçün təcili addımlar atmalıdır. 2009-cu ilin yanvarında baş verən hadisələrdən sonra Avropa ölkələrinin NABUCCO-ya olan marağı xeyli artdı və onlar kəmərin çəkilişi istiqamətində fəallaşdı. Hətta qaz kəmərinin çəkilməsinə dair hökumətlərarası saziş də imzalanıb. Amma real işə gəlincə, Aİ bir qədər passiv görünür. Hətta Aİ-nin bir sıra ölkələri NABUCCO-nun alternativi olan və Rusiyanın maraqlarına cavab verən layihələrə qoşulmaq barədə sazişə də imza atıb. Bu kimi hallar NABUCCO-nun reallaşmasını ləngidir". Eltac.
|