Yeni ilin “Endirim" kampaniyası başladı!

Yanvarın birinci yarısınadək bütün yeni il hədiyyələri yoxlanılacaq

Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədiilə qanunvericiliyə dəyişiklik edilib

Yeni ilin gəlişi ilə paytaxtın mağazalarının qapı və pəncərələrində "endirim kampaniyası başladı" yazılarının sayı daha da artıb. Bu yazılar nə qədər reallığa yaxındır? Mütəxəssislərin bu suala münasibətini öyrənməmişdən əvvəl bir neçə mağazaya baş çəkdik. "Endirimlər" əsasən satılmayan, uzun müddət mağazalarda yatıb qalan mallara şamil edilir. Mövsümi, alıcılarda maraq doğuran mallar isə kampaniyaya daxil olunmayıb. Ən təəccüb doğuranı odur ki, endirimlə satılan malların üzərində əvvəlki qiymət yazılmayıb.

İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri hesab edirlər ki, mağazaların bu siyasəti alıcıları çaşdırmaq məqsədi daşıyır. Ona görə də alıcılara diqqətli olmaq tövsiyə edilir.
Ölkəmizdə keçirilən endirim kampaniyalarının bir mənfi cəhəti də satışda saxta malların çəkisinin artmasıdır. Onsuz da paytaxtdakı mağazalarda tanınmış markaların məhsullarına az rast gəlinir. Endirim kampaniyalarında isə Bakıdakı sexlərdə tikilən paltarlar satışa çıxarılır.
Endirim kampaniyalarında diqqətimizi çəkən məqamlardan biri də 150-200 manata satılan malların İtaliya, Fransa kimi ölkələrdə tanınmış markaların adını daşımasıdır. Amma məsələ ondadır ki, tanınmış markalar endirim kampaniyalarında belə 1000-2000 manatdan aşağı geyim satmırlar. Məşhur firmaların məhsullarının qiymətinin xarici ölkələrlə müqayisədə nisbətən ucuz olmasına gəlincə, satıcılar dedilər ki, yeni mövsümün gəlməsi ilə həm dükanı, həm də geyimləri reklam etməkdən ötrü belə endirimlərə start verilib.
Əslində endirim kampaniyaları nə məqsədlə keçirilməlidir? sualına ekspert Rəhim Hüseynov aydınlıq gətirdi. Avropada keyfiyyət problemi olmadığından firmalar öz məhsullarını tanıtmaq, alıcı toplamaq üçün bu üsula əl atırlar. Digər məqsəd ötən mövsümlərdən qalan geyimləri sataraq nağd pula çevirməkdir. Məqsədlərdən biri də daimi alıcılarını qoruyub saxlamaq üçün onlara yeni il ərəfəsində güzəştə getməkdir.
Azərbaycanda isə adətən endirim kampaniyaları mağaza sahiblərinin yaxşı pul qazanmaq mənbəyidir. Çünki əksər "endirim kompaniya"larının monitorinqi göstərir ki, bu heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb. Bəzi ticarət obyektlərinin 50-60 faiz endirim elan edilməsinə baxmayaraq, "endirilmiş qiymətlər" yüsək olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin mütəxəssislərinin qənaətinə görə, "saxta endirimlər" problemi son illərin ən çox diqqəti çəkən məsələlərindəndir. Belə ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu, sadəcə, alıcıları cəlb etmək məqsədi ilə həyata keçirilir.
Ekspertlər hesab edirlər ki, süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir. Buna görə də, İqtisadi İnkişaf Nazirliyi saxta endirimlərə qarşı da mübarizəni gücləndirməlidir. Yeri gəlmişkən, Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericiliyə dəyişiklik edilib. Artıq saxta endirimlərə yol verən ticarət obyektlərini ciddi maliyyə cərimələri gözləyir. Analoji qanunvericilik aktları bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa dövlətlərində də qəbul edilib. Bu baxımdan Azərbaycanda da uyğun addımın atılması olduqca vacibdir.

Gülər KƏRİMLİ.



«Yeni ilin “Endirim" kampaniyası başladı!»   -
«Ülfət Qazeti»   -