Ötən il mənzil tikintisinin həcmi 20 faiz azalıb
50-dən çox tikinti şirkəti 2009-cu ildə bina inşa etməkdən imtina edib
Son iki ayda tikinti materiallarının qiymətlərində 5 faizə yaxın ucuzlaşma baş verib. Ən çox istifadə olunan tikinti mallarından qum, sement, çınqıl, mişar daşı, kərpic, taxta, armatur, künyə, dəmir təbəqə, dikt, sink təbəqə, dam örtüyü, şüşə ucuzlaşmaya məruz qalıb. Araşdırmalar göstərir ki, qiymət ucuzlaşmasına səbəb tikinti materiallarına olan tələbin azalması olub. Dekabrın ortalarından başlayaraq tikinti sektorunda sifarişlərin miqyası azalıb, torpaq sahələrində yeni evlərin inşası, eyni zamanda tikinti şirkətlərinin işlərinin həcmi xeyli aşağı düşüb.
"Əmlak Bazarı İştirakçıları Birliyi"ndən verilən xəbərə görə, ötən il ölkə üzrə tikinti-quraşdırma, bərpa, yenidənqurma işləri xeyli azalıb. 2009-cu ildə tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 5 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 1 milyard manat azdır. Belə ki, 2008-ci ildə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərin həcmi 5 milyard 920 milyon manata yaxın olub. Həmin il 1 milyon 845 min kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilib. İstifadəyə verilmiş yaşayış evləri üzrə mənzillərin ümumi sayı 17 min ədəd olub. 2009-cu ildə isə bu sahədə 22 faizə yaxın azalma qeydə alınıb. 2009-cu ildə tikinti sektorunda aparılan işlərin təxminən 20 faizini əvvəlki ildə inşasına start verilmiş layihələrin icrasının davam etdirilməsi təşkil edib. Yəni 2009-cu ildə tikinti sahəsinə sərf olunmuş 1 milyard manatlıq vəsait 2008-ci ildən transfert olunmuş pullar hesab olunur. Bu isə o deməkdir ki, əslində ötən il 2008-ci illə müqayisədə 2 milyard manatlıq az tikinti-quraşdırma işləri görülüb. Məsələ ondadır ki, ötən il tikinti sektoruna yönəlmiş investisiyaların strukturunda özəl şirkətlərin payı azalıb. Bu sahədə dövlətin payı 10 faizə yaxın artıb. Tikinti işlərində daha çox birgə müəssisə və təşkilatlar, iri şirkətlər əsas rol oynayıb. Orta və kiçik müəssisələrin payı 4-5 dəfə azalıb. 2006-2008-ci illərdə inşaat işlərinə cəlb olunmuş daha aktiv tikinti şirkətlərinin sayı 80-dən çox idisə, hazırda bu bazarda 30-a yaxın iri şirkət fəaliyyət göstərir. 2008-ci illə müqayisədə 2009-cu ildə tikinti sektorunda əhalinin xüsusi vəsaiti hesabına inşa olunmuş yaşayış sahələrinin çəkisi isə iki dəfədən çox azalıb. Belə ki, əvvəlki illərlə müqayisədə əhalinin vəsaitləri hesabına tikilmiş yaşayış fondu ümumi tikinti işlərində 15 faiz təşkil edirdisə, ötən il bu rəqəm 4 faiz olub. Həm tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin sayının azalması, həm də ümumilikdə tikinti-bərpa işlərinin həcminin aşağı düşməsi inşaat materiallarının da qiymətlərinin aşağı düşməsinə səbəb olub.
|