Qlobal maliyyə böhranının ikinci dalğası qaçılmazdır

Bunun Azərbaycana təsiri olmayacaq

İsveçrədə növbəti Davos İqtisadi Forumunda bir sıra məsələlər müzakirə olunsa da, diqqət çəkən məqamlardan biri də qlobal maliyyə böhranının ikinci dalğasının gəlməsi ilə əlaqədar səslənən fikirlər olub.
Davos İqtisadi Forumunda qlobal maliyyə böhranının ikinci mərhələsində şirkətlər deyil, dövlətlər müflis olacaq. Dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən müəyyən vəsaitlər ayırır ki, bu da nəticə etibarilə dövlətin üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməsində problemlər yaradır. Artıq Avropa və digər dövlətlərin maliyyə gəlirləri aşağı düşüb.

Qlobal krizisin ikinci dalğasının Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, iqtisadçılar bunun ölkəmiz üçün ciddi təhlükə olmadığını deyirlər. Çünki 2010-cu ildə sosial öhdəliklərin yerinə yetirilməsində problemlərin yaşanmayacağı gözlənilir. Lakin neftin qiymətinin qeyri-stabilliyi nəticəsində bir sıra layihələrin təxirə düşəcəyi də istisna edilmir.
İqtisadçı-ekspert Qadir İbrahimli də qlobal iqtisadi böhranın ikinci dalğasının gəlməsi ilə bağlı yayılan məlumatların və digər sosial problemlərin neftin qiymətinin qalxmayacağını, əksinə, aşağı düşəcəyini deməyə əsas verir.
Q.İbrahimli bu azalmalar nəticəsində neftin qiymətinin 40 dollar təşkil edəcəyini deyib: "Neftin qiyməti hansısa iqtisadi amillərlə bağlı olaraq dəyişmir. "Qara qızıl"ın qiymətində olan hər hansı dəyişiklik müəyyən mənada siyasi amillərlə də bağlıdır. Burada dollarla avro arasında olan rəqabət, bundan başqa, Avropa Birliyi ilə ABŞ arasında olan iqtisadi rəqabət, o cümlədən AB ilə İran və digər ölkələr arasında olan iqtisadi rəqabət də rol oynayır. Xarici fondlar, maliyyə institutları və digər qurumlar qlobal maliyyə böhranının ikinci dalğasının gəlməsi ilə əlaqədar artıq həyəcan təbili çalır. Belə bir şəraitdə neftin qiymətinin artmasının iqtisadi əsası ola bilməz".
İqtisadçıların proqnozlarına inansaq, yaxın vaxtlarda avronun məzənnəsi dollara nisbətən aşağı düşəcək. Çünki ABŞ-ın dolların məzənnəsinin qorunması yönündə həyata keçirdiyi məqsədli siyasət öz bəhrəsini verməkdədir. Bir müddət əvvəl ABŞ-ın Mərkəzi Bankı dünyada dollar investisiyasının azaldılması ilə bağlı qərar qəbul etdi. Həmin bankın bu qərarına nəinki ABŞ-da, eyni zamanda dünyanın bir sıra ölkələri də buna qoşulub. Bu birbaşa onunla əlaqədar idi ki, dolların məzənnəsi avroya nisbətən aşağı düşmüşdü. Dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına və onun valyutasına olan inamın azalması ilə əlaqədar idi.
İqtisadçıların sözlərinə görə, 2010-cu ildə dollar yığım üçün daha etibarlı valyuta olacaq. Bu, cari ildə ABŞ iqtisadiyyatında gözlənilən artımla əlaqədar əsaslandırılır. Hazırda avrozonaya daxil olan bir sıra ölkələrdə kifayət qədər ciddi problemlər var, Yunanıstan və İslandiya kifayət qədər dövlət borcuna malikdir. Bütün bunlara baxmayaraq, avronun bir valyuta kimi sıradan çıxması ehtimalı yoxdur. Avronu Fransa və Almaniya kimi inkişaf etməkdə olan ölkələr dəstəkləyir.

Gülər KƏRİMLİ.



«Qlobal maliyyə böhranının ikinci dalğası qaçılmazdır»   -
«Ülfət Qazeti»   -