Dünya Bankı Azərbaycana 450 milyon dollar kredit ayıracaq
Sürət qatarları sərnişinləri vaxtından da tez mənzil başına çatdıracaq
Bir müddət öncə ölkəyə sürət qatarlarının gətiriləcəyi bildirilsə də, nədənsə sözügedən məsələ bu günə kimi öz həllini tapmayıb. Lakin son günlər sürət qatarlarının gətiriləcəyi məsələsi yenidən gündəmə gəlib. Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, sürət qatarlarının gətirilməsi məsələsi maliyyə probleminə görə ləngiyir: "Gələcəkdə Bakı-Böyük Kəsik-Bakı dəmir yolu xətti ilə sürət qatarları xəttinin çəkiləcəyi planlaşdırılır. Bunun üçün sözügedən istiqamətdə dəmir yolu xəttinin açılışı da nəzərdə tutulub".
Söhbət əsnasında öyrəndik ki, artıq bu ideyanın reallaşdırılması üçün paytaxta koreyalı mütəxəssislər dəvət olunublar. Onlar ölkənin dəmir yolu xətlərinin vəziyyəti ilə tanış olduqdan sonra bildiriblər ki, yüksək sürət qatarlarının hərəkətini gerçəkləşdirmək üçün ilk növbədə ölkə ərazisində yeni dəmir yolu xətlərinin salınmasına ehtiyac var. Bu işlərin həyata keçirilməsi üçün isə Dünya Bankının Azərbaycana 450 milyon dollar həcmində kredit ayıracağı ilə bağlı razılaşma əldə olunub. Həmin vəsait hesabına 240 km. uzunluğu olan dəmir yolu xəttinin tikintisi nəzərdə tutulub. Bununla yanaşı, yeni lokomotivlər alınacağı, siqnalizasiya, enerji sistemi quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda sərnişin qatarlarının sürət xətti saatda 100 kilometr təşkil edirsə, sözügedən layihə həyata keçiriləndən sonra bu hədd saatda 120-150 kilometrə çatacaq. N.Əzməmmədov adıçəkilən layihənin həyata keçirilməsinin vaxtının dəqiq məlum olmadığını da dilə gətirdi. Hələlik Beynəlxalq Bank tərəfindən kredit üçün nəzərdə tutulan vəsait ayrılmayıb: "Pul ayrılandan sonra bu barədə dəqiq məlumat vermək mümkün olacaq və nəzərdə tutulan istiqamətdə işlərə başlanılacaq".
Gülər KƏRİMLİ.
|