Dövriyyədə saxta pullar aşkarlanır
Aldanmamaq üçün vətəndaşlar diqqətli olmalıdır
Son vaxtlar respublikamızda saxta pul əskinasları hazırlanması ilə bağlı bir neçə fakt aşkarlanıb. "İşbazlar" bu yolla qısa müddətdə varlanmaq istəyir. Belə şəxslərin əməllərindən aldananlar adətən milli pulların nişanələrindən xəbərsiz olan vətəndaşlardır. Saxta pul əskinasları hazırlayan şəxslərə qarşı görülən cəza tədbirləri də problemin tam aradan qaldırılması üçün yetərli olmayıb. Maraqlıdır ki, Azərbaycanda yeni pul əskinasları dövriyyəyə buraxılarkən onların saxtalaşdırılma ehtimalının az olduğunu bildirdilər.
Məsələyə münasibət bildirən Mərkəzi Bank təmsilçiləri isə respublikamızda dövriyyədə olan saxta pulların dünya ölkələri ilə müqayisədə xeyli az olduğu qənaətindədir: "Dünyanın ən inkişaf etmiş ölkələrində belə saxta pulların istehsalı, alqı-satqısı ilə məşğul olurlar. Azərbaycanın milli valyutasında isə kifayət qədər mühafizə elementləri var. İndiyədək aşkarlanan saxta pullar əsasən 20 manatlıq əskinaslardır. Digər kağız əskinasların saxtalaşdırılmasına isə az hallarda rast gəlinir. Amma hər bir nominal üzərində 7 mühafizə elementi var. Bu da digər ölkələrin pulları ilə müqayisədə ən yüksək göstəricidir. Elə mühafizə elementləri seçilib ki, onu saxtalaşdırmaq imkan xaricindədir. Maksimum 2-3 mühafizə elementinin analoqunu çıxarmaq mümkündür". Mərkəzi Bankdan bildirirlər ki, aşkarlanan saxta pul əskinasları çox primitiv formada hazırlandığı üçün cüzi diqqət yetirən şəxs bir-iki mühafizə nişanını nəzərdən keçirməklə fərqliliyi seçə bilər. Aldanmamaq üçün vətəndaşlar da aldığı pullara ciddi diqqət yetirməlidir. Bu həm onların aldanmasının, həm də saxta pulların dövriyyəyə buraxılmasının qarşısını ala bilər. Xalid AZƏR.
|