Avro ilə pul saxlayanlar, tələsin!
Avro "ölür", dollar zəifləyir, manat isə möhkəmlənir
Dünya iqtisadi böhranı Avropa valyuta bazarını silkələməyə başlayıb. Artıq dünyanın ən dəyərli valyutalarının məzənnəsi ucuzlaşmaqda davam edir. Dolların ardınca avronun da kəskin şəkildə ucuzlaşması müşayiət olunmaqdadır. Məsələ ondadır ki, indi dollar bahalaşmağa, avro isə dəyərdən düşməyə başlayıb. 2009-cu ilin noyabr-dekabr aylarında avro etibarlı valyuta kimi mövqeyini qismən itirsə də, 2010-cu ilin əvvəllərindən avronun məzənnəsi yenidən aşağı düşüb. Avropa İttifaqı dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri isə avronun etibarının aşağı düşməsini daha da sürətləndirib. Yunanıstanda iqtisadi vəziyyətin gərginləşməsi isə avrozonanın perspektivlərini sual altına alıb. Qeyd edək ki, Yunanıstan iqtisadiyyatı son 2 ildə geriləməyə doğru davam edir və artıq bu ölkədə büdcə vəsaitlərinin 40 faizindən çoxu xarici borc hesabına formalaşmaqdadır. Xarici borcların həcmi 300 milyard dollara çatıb. Bu təhlükəli tendensiya xarici investorları və Avropa İttifaqının maliyyə institutlarını ciddi şəkildə narahat etməyə başlayıb. Təbii ki, Aİ Yunanıstandakı defoltun avrozonaya yayılmasının geniş xarakter almasından narahatdır. Ekspertlər böhranın İspaniya və Portuqaliyaya keçməsi riskinin çox böyük olduğunu bildirirlər. Artıq həmin ölkələrin də büdcə kəsiri ilə bağlı eyni problemlər müşahidə olunur və bu, daxili bazarlara təsir etməyə başlayıb. Proseslərin mənfi məcrada inkişaf etməsi vahid maliyyə sisteminin dağılmasını sürətləndirə bilər. Nəticədə Avropanın 16 ölkəsinin ortaq valyutası olan avronun tədavül aləti kimi sıradan çıxması da qaçılmaz olar. Avronun taleyi ilə bağlı dünyanın tanınmış maliyyə institutları müxtəlif proqnozlar verirlər. Ekspertlər avronun növbəti aylarda daha 6 faiz aşağı düşəcəyini proqnozlaşdırırlar. Avronun dəyərini itirməsi manat-avro münasibətlərinə də təsirsiz ötüşməyib. Ötən ilin noyabr ayında Azərbaycanın milli valyutası olan manat bir sıra dünya valyutalarına, o cümlədən dollar və avroya nisbətdə 4 faiz bahalaşıb. Dekabrda isə manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Manat Böyük Britaniya funt-sterlinqi ilə nisbətdə də bahalaşıb. Son 3 ayda milli valyutamız bu pula nisbətdə 0,8 faiz artıb. Mərkəzi Bankdan verilən məlumata görə, 2010-cu ildə həyata keçiriləcək monetar siyasətin başlıca istiqamətlərindən biri milli valyutanın məzənnəsini sabit qorumaqdan ibarət olacaq. Bu il manatın dollar və avro ilə nisbətdə məzənnəsi təxminən 2009-cu ildəki səviyyədə saxlanılacaq. Hətta MB dolların və avronun kəskin şəkildə ucuzlaşmasına da imkan verməyəcəyini bildirir. ELTAC.
|