2012-Cİ İLDƏ QEYRİ-NEFT SEKTORU APARICI SAHƏ OLACAQ
NATİQ ƏLİYEV: HÖKUMƏTƏ YENİ İNKİŞAF PROQRAMI TƏQDİM EDƏCƏYİK
Sənaye və Energetika Nazirliyi qeyri-neft sektorunun inkişafına dair Dövlət Proqramını hökumətə təqdim etməyə hazırlaşır. 2007-2012-ci illəri əhatə edən sənəddə neftdən kənar sahələrə sərmayə axınlarının konkret istiqamətləri müəyyən olunacaq. Sənaye və Energetika naziri Natiq Əliyev bildirib ki, ölkənin qeyri-neft sənayesinin vəziyyəti təhlil edildikdən sonra bu sahənin gələcək inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək. Mütəxəssislər qərara gəlib ki, yerli xammal bazası həmin sahələrin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. N.Əliyev deyib ki, özünün ciddi xammal bazasına malik olan sahələr proqramda prioritet təşkil edir. Nazirin qənaətinə görə, qeyri-neft sektorunun inkişafı respublikamıza başqa dövlətlərdən asılı olmamaq üçün lazımdır. İqtisadiyyatın müvafiq sektorlarının inkişafı üçün əsas amil texnologiyaların əldə edilməsidir. "Əgər biz rəqabətədözümlü istehsal səviyyəsinə çıxmaq və məhsulun Avropa standartlarına uyğun olmasını istəyiriksə, yeni texnologiyalar lazımdır. Biz hər bir sahədə texnologiyaların mövcudluğunun səviyyəsini müəyyənləşdiririk" - deyə, nazir bildirib. Hesablamalara görə, hazırda ölkəmizdə mövcud kimya sənayesi müəssisələrinin fəaliyyətinin tam bərpası üçün 1 milyard dollardan çox vəsait lazımdır. N.Əliyev xatırladıb ki, əcnəbi məsləhətçilərin qiymətləndirməsinə görə, hələ 1994-95-ci illərdə Azərbaycanın kimya sənayesinin bütün gücü ilə işə düşməsi yarım milyard dollar həcmində dəyərləndirilirdi. Müəssisələrdəki avadanlıqlar istismar müddətini başa vurub. Bunların yenidən qurulması və ya əsaslı təmiri ciddi vəsaitlər tələb edir. Bütün bu problemlərin həlli yollarının qeyri-neft sektorunun inkişafına dair Dövlət Proqramında əks olunduğunu deyən nazir, dünya bazarında rəqabət qabiliyyətlilik üçün idarəetmə sisteminin modernləşdirilməsini və xüsusi vergi-fiskal sisteminin tətbiqini zəruri sayır: "İlk növbədə təkmilləşmiş yeni vergi, gömrük rejimi yaradılmalıdır. Bundan ötrü qanunvericilikdə yol verilən boşluqlar doldurulmalıdır. Başqa sözlə, yeni qanunlar hazırlamaq gərəkdir ki, onlar insanları və kapitalı qeyri-neft sektoruna cəlb etmək iqtidarında olsun". Nazir vergi rejimi çərçivəsində pul qoyuluşlarının azaldılması və avadanlıqların gömrük rüsumlarından azad edilməsinin planlaşdırıldığını deyib.
|