SAHİBKARLIĞA YARDIM MİLLİ FONDUNA BÜDCƏ AYIRMALARI DAYANDIRILACAQ

HEYDƏR BABAYEV: "FONDUN PORTFELİ 500 MİLYON MANATA ÇATANDA, BÜDCƏDƏN HEÇ BİR AYIRMA OLMAYACAQ"

Azərbaycan hökuməti yaxın gələcəkdə Sahibkarlığa Yardım Milli Fonduna büdcə ayırmalarını dayandıracaq. Bu açıqlama ilə çıxış edən İqtisadi İnkişaf naziri Heydər Babayevin sözlərinə görə, qurumun illik portfeli 500 milyon manata bərabər olduqdan sonra bu addım atılacaq.
"Büdcədən Fonda ötən ildə olduğu kimi, bu ildə 80 milyon manat (6 milyon manat Naxçıvan MR üçün) ayrılıb. Bu səbəbdən də Fondun portfeli ilbəil artır. Çünki hər il üçün ayrılan vəsait geri qaytarılmır. Maliyyələşdirmə təkcə büdcənin vəsaitləri hesabına yox, həmçinin geri qayıdan vəsaitlər hesabına da həyata keçirilir. Bununla da Fondun xəttilə sahibkarlığın maliyyələşdirilməsi həcmcə əsaslı şəkildə artıb" - deyə nazir bildirib.
Nazir qeyd edib ki, Fond tərəfindən ayrılmış kreditlərin faizlərinin ödənilməsi ilə yanaşı, əsas borcun da qaytarılmasına başlanılıb. Onun sözlərinə görə, sahibkarlığın fəaliyyətinin dəstəklənməsi üçün yeni proqram hazırlanır: "Aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra layihə təsdiq üçün hökumətə və Prezidentə təqdim ediləcək".



«SAHİBKARLIĞA YARDIM MİLLİ FONDUNA BÜDCƏ AYIRMALARI DAYANDIRILACAQ»   -
«Ülfət Qazeti»   -