VERGİLƏRİ TERMİNALDA ÖDƏYİN!
VERGİLƏR NAZİRLİYİ İLİN SONUNADƏK BÜTÜN REGİONLARDA KOMPYUTER TERMİNALLARI QURAŞDIRACAQ
Azərbaycanda elektron bəyannamələrin tətbiq olunmağa başlandığı vaxtdan vergi ödəyiciləri bu imkandan geniş istifadə etməyə başlayıblar. Təkcə sentyabrın 1-dən bu günədək onlardan 3000-ə yaxını bəyannamələrini elektron variantda təqdim edib. Bütövlükdə Azərbaycanda 200 minə yaxın vergi ödəyicisi var. Vergilər Nazirliyinin (VN) Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, hər gün quruma 200-300-ə yaxın elektron bəyannamə daxil olur. Qeyd edək ki, bəyannamələrin elektron formada qəbuluna bu ilin martından başlanılıb. E.Məmmədov bildirib ki, vergi ödəyiciləri tərəfindən elektron formada göndərilən bəyannamələrdə əks olunan informasiyaların işlənilməsi, eləcə də artıq ödəmələrlə bağlı bütün hesablama işləri xüsusi proqram - Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) tərəfindən aparılır. E.Məmmədov bəyannamələrin elektron formada təqdimlənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, elektron bəyannamə sisteminin tətbiqi vergi ödəyicilərinə şəxsi vərəqələrinə birbaşa baxma imkanı verir. Artıq əvvəllər olduğu kimi, onların öz şəxsi vərəqələrində hər hansı bir məlumatla tanış olmaq üçün nə vergi orqanına gəlib növbələrə durmağa, nə də vergi əməkdaşları ilə hər hansı mübahisəyə səbəb qalmır. İri vergi ödəyiciləri tərəfindən 700-ə yaxın elektron bəyannamənin daxil olduğunu deyən E.Məmmədov bəyannamələrin göndərilməsi qaydalarını da izah edib. Bəyannamələri elektron formada təqdim etmək üçün öncə vergi orqanından şifrə alınmalıdır. Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytına daxil olmaqla orada yerləşdirilmiş ərizə formasını və müqaviləni doldurmalı, ərizə formasından 1 nüsxə, müqavilə formasından isə 2 nüsxə vergi orqanına təqdim edilməlidir. Bu prosesdən sonra gizli şifrə verilir. E.Məmmədov ölkənin bütün yerlərində elektron bəyannamələrin tətbiqini intensivləşdirmək üçün kompyuter terminallarının quraşdırıldığını da qeyd edib. O bölgələrdə ki vergi orqanları yoxdur, həmin ərazilərdə kompyuter terminalları quraşdırılacaq və hər kəs bu sistemdən istifadə etmək imkanı əldə edəcək. Artıq Bakıda, Sumqayıtda, Qəbələdə, Göyçayda bu tip kompyuter terminalları quraşdırılıb və müsbət nəticələr də əldə edilib. İdarə rəisinin dediyinə görə, 2007-ci ilin sonuna kimi bütün regionlarda kompyuter terminallarının quraşdırılması başa çatdırılacaq.
|