TİKİNTİ ŞİRKƏTLƏRİNDƏ ARAŞDIRMA DAVAM EDİR
Dövlət Əmək Müfəttişliyi tərəfindən sentyabr ayı ərzində 133 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Müfəttişlikdən verilən məlumata görə, bu müəssisələrin hamısına icrası məcburi göstərişlər verilib. Araşdırma aparılan müəssisələrdən 39-u tikinti şirkəti, 74-ü isə daş karxanasıdır. Müfəttişlik tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində 74 təşkilatda 1630 işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmaması aşkarlanıb. 29 müəssisədə isə 3342 işçinin əmək müqaviləsində dəyişikliyə nail olunaraq işçilərin əmək haqqı artırılıb. Qanun pozuntusu aşkar edilən müəssisələrə təxminən 4900 manat məbləğində cərimə təyin edilib. Cərimə sanksiyasına məruz qalan təşkilatlardan 29-u tikinti şirkətidir. Tikinti şirkətlərinin sahibləri 2871 manat, 26 daş karxanasının vəzifəli şəxsləri isə 2002 manat məbləğində cərimələnib.
|