GƏLƏN İLİN BÜDCƏ PAKETİ HAZIRDIR
BÜDCƏ 10 MİLYARD DOLLARI KEÇƏCƏK
Nazirlər Kabineti dövlət büdcəsi layihəsini ölkə prezidentinə sentyabrın 25-də təqdim etmişdi. Gələn il büdcə gəlirlərinin bu ilkindən təxminən 28 faiz çox, yəni 7 milyard 282 milyon manat həcmində olacağı proqnozlaşdırılır. Büdcə xərcləri isə bu illə müqayisədə 35 faizə yaxın artırılaraq 8 milyard 509 milyon manata çatdırılıb. Büdcənin kəsir hissəsi 1 milyard 126 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da gələn il gözlənilən ümumi daxili məhsulun 4,3 faizi qədərdir. Büdcə ilk dəfə müstəqil Azərbaycanın tarixində 10 milyard dolları keçəcək. Qeyd edək ki, gələn ilin büdcə gəlirlərində neft sektoru üzrə 17 faiz, qeyri-neft sektoru üzrə isə təxminən 43 faiz artım olacaq. Daxilolmaların böyük hissəsi isə Vergilər Nazirliyinin payına düşür. Nazirlik gələn il builkindən təxminən 18 faiz çox, yəni 5 milyard manat məbləğində vergi yığmalı olacaq. Dövlət Gömrük Komitəsinin öhdəliyi 43 faizə yaxın artırılaraq 1,2 milyard manata, Dövlət Neft Fondundan transferlərin məbləği isə 88 faiz artırılaraq 1,1 milyard manata çatdırılıb. Dövlət büdcəsinin xərclər strukturunda isə cari xərclər əsas yer tutur - 4 milyard 737 milyon manat. Bunun isə 2 milyard 787 milyon manatı sosial xərclərdir. İnvestisiya qoyuluşları 3 milyard 688 milyon manat, cəlb edilmiş kreditlərə görə ödənişlər isə 84 milyon manat təşkil edəcək. 2008-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 10 milyard 508 milyon manat, xərcləri isə 10 milyard 184 milyon manat həcmində proqnozlaşdırılır. İcmal büdcəsinin kəsir hissəsi isə 324 milyon manat və yaxud ÜDM-in 1,2 faizi qədər olacaq. "2008-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi hazırda parlamentin ayrı-ayrı daimi komissiyalarında öyrənilir. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, növbəti mərhələdə prosedura uyğun olaraq büdcə bütün daimi komissiyalarda müzakirədən keçməli, müvafiq təkliflər səslənməlidir. Millət vəkili yalnız büdcənin komissiyalarda müzakirəsinin başa çatmasından sonra onun plenar iclasa tövsiyə olunacağını qeyd edib.
|