Böyük Britaniya metro işçilərinin tətili

Rəhbərlik isə yeraltı nəqliyyatın hərəkətinin iflic olacağından narahatdır

Böyük Britaniyanın ictimai nəqliyyat idarəsində fəaliyyət göstərən həmkarlar ittifaqının nümayəndələri fevralın 5-dən başlayaraq metropoliten işçilərinin etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər. Tətillərin fevralın 14-dək davam edəcəyi nəzərdə tutulub.
Təşkilat nümayəndələri bildiriblər ki, aksiyalarda 700 nəfər metro işçisinin iştirak edəcəyi gözlənilir. Həmkarlar ittifaqının məlumatına görə, aksiyanın keçirilməsinin əsas səbəbi işəgötürənin yeni siyasət yürüdərək işçiləri iş yerlərini itirmə təhlükəsi ilə üzbəüz qoymasıdır.
İşçilər isə yaranmış narazılığı rəhbərliyin onları qanunla nəzərdə tutulan vaxtdan artıq işləməyə məcbur etməsi ilə əlaqələndirirlər: "Bununla yanaşı, bizim görə biləcəyimiz işləri ştatdan kənar işçilərə həvalə edirlər. Əgər sahibkarlar bizim mövcud duruma bitərəf qalacağımızı düşünürlərsə, səhv edirlər. Biz kütləvi etiraz aksiyaları keçirməklə, istəklərimizi tələb edəcəyik".
London yeraltı nəqliyyatının rəhbərliyi isə işçilərin və həmkarlar ittifaqının bu addımını məsuliyyətsizlik kimi qələmə verməyə çalışır. Bu isə yeraltı nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşəcəyi ilə əlaqələndirilir.



«Böyük Britaniya metro işçilərinin tətili»   -
«Ülfət Qazeti»   -