“Fazer Amica"da həmkarlar təşkilatı yaradıldı
Bu həftə "Fazer Amica" şirkətinin rəhbərliyi ilə həmkarlar ittifaqının nümayəndələri arasında görüş keçirilib. Görüşdə həmkarlar ittifaqı komitəsinin üzvləri, Ümumrusiya Əmək Konfederasiyası və Beynəlxalq Qida Məhsulları Birliyinin nümayəndələri, müəssisənin rəhbəri Uva Seqlina və qurumun meneceri İrina Kuzina iştirak ediblər. Məlumat üçün bildirək ki, bu görüş ötən ilin noyabrın 27-də şirkətdə yaradılan həmkarlar ittifaqının ilk toplantısı olub.
Görüş çərçivəsində Uva Seqlina şirkətdə həmkarlar ittifaqının yaradılması münasibətilə işçiləri təbrik edib və gələcəkdə onlarla konstruktiv dialoq aparmaq fikrində olduğunu vurğulayıb: "Müştəriyə yüksək səviyyəli xidmət göstərmək üçün ictimai qida sektorunda iş şəraitini yaxşılaşdırmaq və sağlam rəqabət mühiti yaratmaq məqsədi ilə həmkarlar ittifaqının nümayəndələri bütün işçiləri vahid qrupda birləşdirməlidir". Uva Seqlina tədbir iştirakçılarına şirkətin əsas iş prinsiplərindən danışdı və işçilər arasında aparılan illik sorğuları onlara təqdim etdi. Sorğuya əsasən, işçilər "Fazer Amica"nın rəhbərliyindən tam razılıq etsələr də, onlara ödənilən əməkhaqqının heç də rəqabət aparmağa vadar edəcək məbləğdə olmadığını deyiblər. Şirkət rəhbərliyinin sözlərinə görə, işçilər öz problemləri barədə rəhbərliyə müraciət edə bilərlər: "Təəssüf ki, bu günə kimi onlar müraciət etməyiblər. Bunu nəzərə alaraq fevral ayının sonlarında şirkətin bütün filiallarında işləyən işçilərlə görüşməyi və problemləri ilə maraqlanmağı planlaşdırıram". U.Seqlina həmkarlar ittifaqının sədrinə də işçilərlə görüşməyi tövsiyə edib. Yeni yaradılan ittifaqın sədri Sergey Qundalov isə tərtib edilmiş əmək və kollektiv müqavilələri, iş cədvəlini şirkət rəhbərliyinə təqdim edib. Sədr bildirib ki, mövcud əmək sistemində tarazlıq yaratmaq və müəssisədə vahid əmək standartlarını tətbiq etmək üçün sözügedən sənədlərə ciddi riayət etmək lazımdır.
Afaq RƏSULQIZI.
|