Avropa əhalisinin etiraz dalğası
Almaniya, Fransa, Yunanıstan, Avstriya və Çexiyada minlərlə insan küçələrə səpələnib. Nümayiş iştirakçıları hökumətdən ixtisarlara son qoyulmasını və əməkhaqqının artmasını tələb edirlər.
Adıçəkilən ölkələr arasında ən böyük aksiya Almaniyada keçirilib. Yerli həmkarlar ittifaqları hökumətin apardığı antiböhran proqramına qarşı çıxıblar. Məlumat üçün bildirək ki, proqram çərçivəsində ixtisarların sayının çoxalması, əməkhaqqının artırılmaması, dövlət sektoruna işçilərin qəbulunun dayandırılması nəzərdə tutulub. Bununla yanaşı spirtli içkilərin, siqaretin və yanacağın qiymətində bahalaşma hallarıda müşahidə olunub. Yunanıstanın özəl sektorunda fəaliyyət göstərən "GSEE" və "ADEDY" həmkarlar ittifaqlarının 30 min nəfər üzvünün iştirak etdiyi tətil nəticəsində paytaxt Afinanın hava limanlarında və ictimai nəqliyyatda uzun müddətli durğunluq yaranıb. Məktəb, xəstəxana, bağça və bir çox müəssisələrdə iş tamamilə dayandırılıb. Aksiyanın ikinci günü isə jurnalistlər də tətilə qoşulublar. Radio və televiziya verilişləri efirə getməyib, qəzetlərin çap olunması dayandırılıb. Nümayiş zamanı iştirakçılar və polis arasında qarşıdurma yaşanıb. 100 nəfərə yaxın iştirakçı saxlanılıb.
Afaq RƏSULQIZI.
|