Dövlət və həmkarlar ittifaqları arasında qarşıdurma

Fransada rəsmi olaraq beş həmkarlar ittifaqı mərkəzi fəaliyyət göstərir. Bu təşkilatların sırasına Ümumxalq Əmək Konfederasiyası da daxildir. Sözügedən təşkilatların hər birinin nəzdində dövlət və ya özəl təhqiqat qurumların Elmi İşçilərinin Həmkarlar İttifaqı Komitələri də fəaliyyətdədir.

Qeyd edək ki, ABŞda alimlərin 2/3 hissəsi özəl elmi mərkəz və laboratoriyalarda işlədiyi halda, Fransada fundamental təhqiqatlar aparan alimlərin 2/3-ü dövlət müəssisələrində çalışırlar. Alimlərin əksəriyyəti təhqiqat aparmaqla yanaşı, müxtəlif universitetlərdə dərs deyirlər.
Son illər ərzində ticarət , sənaye, təhsil və elm sahələrində qeyri-stabil məşğulluq müşahidə olunur.. Sahibkarlar müddətsiz əmək müqavilələrinin əvəzinə, müəyyən müddətli əmək müqavilələri bağlamaq niyyətindədirlər. Çünki daimi işçiləri ixtisara salmaq çətindir. Müddətli müqavilələr isə sahibkarların bu işini asanlaşdırır. Fransanın və ümumilikdə bütün Avropanın həmkarlar ittifaqları mövcud durumu neqativ faktor adlandırırlar.
Qeyri-stabil məşğulluğu minimuma salmaq üçün Elmi İşçilərin Həmkarlar İttifaqının nümayəndələri hökumətdən dövlət elm mərkəzlərində elmi işçilər üçün iş yerlərinin ayrılmasını tələb edirlər. Lakin ölkə rəhbərliyi təşkilatın bu tələbinə laqeyd yanaşır. Məhz bu səbəbdən artıq uzun müddətdir Fransada dövlət və həmkarlar ittifaqları arasında qarşıdurma yaşanır.
Həmkarlar ittifaqları nümayəndələrinin fikrincə, yeni elmi strukturların yaranması məşğulluğun artmasına və alimlər üçün vakant iş yerlərinin açılmasına səbəb ola bilər.
Məlumat üçün bildirək ki, bir neçə il öncə Fransa hökuməti "Elmi təhqiqatlara dair pakt" adlı yeni qanun layihəsini qəbul edib.. Həmkarlar ittifaqları isə sözügedən qanunu "Antielmi pakt" adlandırırlar. Çünki qanun elm və iqtisadiyyatı birləşdirən strukturun yaradılmasını tələb edir Təşkilat nümayəndələri isə düşünürlər ki, elm və iqtisadiyyat fərqli sahələrdir: "Onlar üçün eyni strukturun yaradılması qəbuledilməzdir".
Afaq RƏSULQIZI.



«Dövlət və həmkarlar ittifaqları arasında qarşıdurma»   -
«Ülfət Qazeti»   -