Yeni həmkarlar ittifaqı mərkəzi yaranıb

Əvvəllər Əmman Sultanlığında təqribən 70-ə qədər xırda həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Lakin 2006-cı ildə Sultanın verdiyi qərar ilə bu təşkilatların bir mərkəzdə birləşdirilməsinə başlanılmışdır.

Ötən ay Əmman Ümumi Həmkarlar İttifaqları Federasiyasının (GFOTU) təsis konqresı keçirilmişdir. Bununla da sonuncu Milli Həmkarlar İttifaqı Mərkəzi yaradılmışdır. 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Əmman Ümumi Həmkarlar İttifaqları Federasiyasının 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də vardır. İcraedici Şuranın sədri Saud Əli Abdulla Əl Cəbri seçilmişdir.
Beynəlxalq Həmkarlar Təşkilatının 2009-cu ildə həmkarlar ittifaqları hüquqlarının pozulmasına dair illik məruzəsində deyilir ki, Əmman Sultanlığında bəzi müsbət işlər görülsə də bu sahədə ciddi problemlər qalmaqdadır. Xüsusilə, tikinti və ev xidmətçiliyi daxil olmaqla bir sıra mühüm iş sahələrində nöqsanlar çoxdur.
Konqresdəki çıxışında MOXC baş katibi Qay Rayder yeni təşkilatın zəhmətkeşlərin hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirmişdir.
Novruz İBRAHİMOĞLU.



«Yeni həmkarlar ittifaqı mərkəzi yaranıb»   -
«Ülfət Qazeti»   -