BAKIDA PEKİN OLİMPİADASININ QƏHRƏMANLARI BÖYÜK TƏNTƏNƏ İLƏ QARŞILANDI

Pekində Azərbaycanın idman tarixinə yeni bir parlaq səhifə yazmış gənclərimizi - Olimpiya qızıl medalının sahibi cüdoçu Elnur Məmmədlini, yunan-Roma güləşi üzrə yarışlarda gümüş medallar qazanmış Rövşən Bayramovu və Vitali Rəhimovu Heydər Əliyev adına beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə, gül-çiçəklə, musiqi sədaları ilə qarşıladılar.
Yüzlərlə idmansevər uzaq Çində vətənimizə şöhrət gətirən, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıran qeyrətli oğullarımızı avtomobilə qədər əlləri üstə apardı.
İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla andılar, onun abidəsi önünə gül dəstələri qoydular.



«BAKIDA PEKİN OLİMPİADASININ QƏHRƏMANLARI BÖYÜK TƏNTƏNƏ İLƏ QARŞILANDI»   -
«Ülfət Qazeti»   -