Müştərilər əcnəbilərin çalışdığı restoranlara getməyi özlərinə "pristij" hesab edirlər
Bu kimi həssas məsələlərlə maraqlanmaq əvəzinə yerli müştərilər əcnəbilərin çalışdığı iaşə obyektlərinə getməyi özlərinə "pristij" hesab edirlər. Bu da restoran və iaşə obyektlərinin rəhbərləri üçün sərfəli olduğuna görə, xarici ölkə vətəndaşlarını, xüsusilə də, təhlükəli infeksiya mənbəyi hesab edilən ölkələrdən gələn əcnəbiləri asanlıqla işə cəlb edirlər. Özü də tibbi müayindən keçirilmədən. Millət vəkili Qənirə Paşayeva mətbuata açıqlamasında bildirib ki, yarana biləcək təhlükənin qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülməlidir: "Ona görə şadlıq saraylarında, restoranlarda istər əcnəbi, istərsə də yerli vətəndaşlar işə cəlb edilərkən mütləq tibbi müayinədən keçirilməli və işəgötürən onların sağlam olduqlarını təsdiq edən tibbi arayış tələb etməlidir. Həmin arayışı verməkdən imtina edənlər isə işə götürülməməlidir. Çünki yaşanacaq fəsadlarda yalnız sıravi işçilər deyil, rəhbərlik də məsuliyyət daşıyır. Müvafiq strukturlar isə bu sahəyə nəzarəti gücləndirməlidirlər". Məsələyə aydınlıq gətirən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu sahədə mütəmadi olaraq yoxlamalar aparıldığını dedi: "Amma buna baxmayaraq, neqativ hallar kifayət qədərdir. Çünki şadlıq saraylarının, restoranların və digər iaşə obyektlərinin 85-90 faizi özəl sektora məxsusdur. İşçilərin işə götürülməsi isə birbaşa həmin müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. Özü də onların tibbi müayinədən keçib-keçmədiyi ilə maraqlanmadan. Bu kimi hallar həkimlər tərəfindən mütəmadi aşkar edilir. Qanunla iaşə obyektlərində çalışan işçilər ildə iki dəfə ərazidəki poliklinikanın tibb kabinetinə müraciət etməlidirlər. Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, bu xidmət artıq bütün poliklinikaların nəzdində yaradılıb". İşçilər arasında əcnəbilərin tibbi müayinədən keçmədən işə cəlb edilməsi məsələsinə də aydınlıq gətirən Ziyəddin Kazımov bildirdi ki, bu qanun əcnəbilərə də şamil olunur. "Ona görə də aparılan yoxlamalar zamanı yerli işçilərlə yanaşı, əcnəbilər də məcburi tibbi müayinəyə cəlb edilir. Tibbi müayinədən keçməyən işçilər aşkara çıxarıldıqda onlar dərhal işdən azad edilirlər. Müəssisə rəhbərliyinə qarşı İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsi ilə cərimə sanksiyası tətbiq edilir". "Cari ildə aparılan yoxlamalar zamanı iaşə obyektlərində aşkar edilən nöqsanlarla bağlı 1176 nəfər fiziki və hüquqi şəxs məsuliyyətə cəlb olunub. 600-dək iaşə obyektində çalışan işçilər cərimə edilib",- deyə o, bildirdi. GÜLƏR.
|