Ermənilər Azərbaycan proqramlarının onların efirlərinə müdaxilə etməsindən narazıdırlar
"Ermənistanın Rabitə və Nəqliyyat naziri Beynəlxaq Telekommunikasiya İttifaqına Azərbaycanla bağlı şikayət məktubu göndərib"- deyən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirdi ki, ermənilər son zamanlar Azərbaycanın televiziya və radio proqramlarının onların efirinə müdaxilələr etdiyindən narazıdır: "Ötən il Prezident Fondundan ayrılan vəsait hesabına sərhəd bölgələrində həyata keçirilən tədbirlər gücləndirilib. Yayım işinin gücləndirilməsi nəticəsində müdaxilələr müşahidə olunmaqdadır. Lakin bu, Azərbaycan tərəfinin təcavüzü deyil, qarşı tərəfin beynəlxalq yayım tələblərini həyata keçirməməsindən irəli gəlir.Azərbaycan yayımı Beynəlxalq Telekommunikasiya İttifaqının tələbləri çərçivəsində həyata keçirir. Artıq Prezident İlham Əliyevin sərəncamı əsasında sərhəd rayonlarında 13 böyük ötürücü stansiya quraşdırılır. Stansiyalar quraşdırılandan sonra Azərbaycanın efirinə olan müdaxilələrin qarşısı tamamilə alınacaq". Nazir həmçinin Ermənistan saytlarının dağıdılması məsələsinə də aydınlıq gətirdi: "Ermənistan 100-ə qədər erməni saytının dağıdılmasını Azərbaycan tərəfi ilə əlaqələndirməməlidir. Çünki həm Azərbaycan, həm də Ermənistan Beynəlxalq Kibercinayət Konvensiyasına qoşulub və Azərbaycan bu sənədin şərtlərinə riayət edir. Bu gün Ermənistan saytlarının dağıdılmasının səbəbkarı da Azərbaycan deyil. Ermənistan bunun səbəbini başqa yerdə axtarsa, yaxşı olar".
|