Nəqliyyat Nazirliyinin vədləri özünü doğrultmur
Məsələyə münasibət bildirən "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Samir Həsənov paytaxtda sərnişindaşıma sahəsində normal vəziyyətin yaradılması istiqamətində mütəmadi olaraq iş aparıldığını vurğuladı: "Sərnişindaşımada ciddi qayda-qanun yaradılması iri və ortatutumlu avtobusların tam gətirilməsindən sonra mümkün olacaq. Biletlərin tətbiqi də bundan sonra həyata keçiriləcək. Amma avtobus sürücülərinin sərnişinlərlə normal davranması üçün mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Avtobuslarda təmizliyə riayət edilməsi, sərnişinlərin normal daşınması üçün şərait yaradılmasına nəzarət edilir. Bu qaydaları pozan və sərnişinlərlə etik-davranış qaydalarına riayət etməyən sürücülərə qarşı tədbirlər görülür. Bu tədbirlər həmin sürücünün işlədiyi xəttin sahibkarına xəbərdarlıq məktubu göndərilməsi və cərimələrdən olur". S.Həsənov taksi fəaliyyəti sahəsində qayda-qanun yaradılması üçün mütəmadi olaraq monitorinq aparıldığını bildirir: "Taksi kimi fəaliyyət göstərən bütün avtomobillər fərqlənmə nişanı almalıdır. Aparılan monitorinqlər zamanı da taksilərin fərqlənmə nişanı alması araşdırılır. Fərqlənmə nişanı almayan sürücülərə qarşı müvafiq tədbirlər görülür. Taksi parklarının yaradılması işi tam başa çatdırıldıqdan sonra bütün taksilərin leqal fəaliyyət göstərməsi mümkün olacaq. Ondan sonra taksilərə sayğac quraşdırılacaq və qiymətlər məsafəyə görə alınacaq. İndiyədək paytaxtda 40-a yaxın taksi parkı yaradılıb".
|