5 Mart - İdman və Bədən Tərbiyəsi Günüdür
Tədbiri giriş sözü ilə açan RK-nın sədri Cəmilə Səttarova idmançıların dövlətin, xalqın beynəlxalq aləmdə tanınmasında rolunun danılmaz olduğunu bildirdi: "Ona görə də onlara daim diqqət və qayğı göstərilməlidir. Çünki idmançı olmaq çox məsuliyyət və dözüm tələb edir. Müstəqillik qazandıqdan sonra bu sahədə daha çox uğurlar əldə edilib. Çünki artıq fəxr edəcəyimiz və Azərbaycanı dünya arenalarında tanıdacaq kifayət qədər idmançımız var". İdmanın uğurları ilə yanaşı, problemlərinin də kifayət qədər olduğunu vurğulayan C.Səttarova bu sahədə kütləviliyin təmin edilməsinin vacib olduğunu qeyd etdi: "Kütləvi idmana yalnız kişilərin deyil, qadınların da cəlb edilməsi önəmlidir". Tədbir çərçivəsində həmçinin idman aləmində öz sözünü demiş veteran idmançıların davamçılarının hazırlanmasının çox vacib olduğu vurğulandı. Tədbir iştirakçıları idmançıların pensiya təminatı məsələsinə də toxundular. Tədbirin sonunda bütün idmançılar Fəxri fərman və mükafatlarla təltif edildilər. GÜLƏR.
|