Ahıllar unudulmur

Artıq dördüncü ildir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Ahıllar günü”nü Buzovnadakı 9 saylı xüsusiləşdirilmiş əlillər və qocalar evinin sakinləri ilə birlikdə keçirir. Budəfəki görüş də bir çox məqamları ilə yadda qaldı. RK sədrinin müavini Şaiq Əsgərov görüşə toplaşmış əlilləri və qocaları əlaqədar gün münasibətilə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin adından təbrik etdi. Bildirdi ki, ölkə başçısı hörmətli İlham Əliyev başda olmaqla dövlətimiz hər bir vətəndaşın, eləcə də əlil və qocaların cəmiyyətdə qayğı və diqqətlə əhatə olunması üçün böyük işlər görür. Bu sahədə həmkarlar ittifaqları da səylərini əsirgəmir.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, TİAHİ Binəqədi, Əzizbəyov və Yasamal rayon komitələrinin sədrləri çıxış etmişlər.
Qonaqlar ev sakinlərinə “Beko” markalı soyuducu bağışlamış, onlar üçün bayram süfrəsi açmışdır.
Tədbir 1 saylı Uşaq Yaradıcılıq Mərkəzinin “Görüş” xalq çalğı alətləri ansamblının konserti ilə başa çatdı.



«Ahıllar unudulmur»   -
«Ülfət Qazeti»   -