Yeni ənənə

Şadlıq evinə gedən yol niyə məhz İTRYŞ-dən keçdi?
Sualımızı Şirkətin HİK sədri İ.Əliyev belə cavablandırdı:
- İşçilərimizin böyük əksəriyyəti subay gənclərdir. Onların bir çoxu öz "yarısını" elə iş yoldaşları arasından seçirlər. Haqqında söhbət açdığımız cütlük də kollektivimizin üzvləridir. Natiq bəy televiziyada səs rejissorudur. Gəlinimiz Xuraman xanım isə radiomuzda xəbər aparıcısıdır. Onlar yaranmış yeni ənənəyə uyğun olaraq toydan bir neçə saat əvvəl Şirkətə kollektivin xeyir-duasını almağa gəlmişdilər. Natiqlə Xuramana qədər kollektivimizdən 16 cütlüyə xeyir-dua vermişik.
İ.Əliyev daha sonra dedi:
- Kollektiv içərisindən yaranan cütlüklərin öncə Şirkətdə təbrik edilmələri təşəbbüsünü Şirkətin baş direktoru cənab İsmayıl Ömərov irəli sürmüşdür. Həmkarlar ittifaqı təşkilatı olaraq biz də bu təşəbbüsü dəstəkləmişik. İsmayıl müəllimin bu təşəbbüsdə məqsədi kollektivdə ailə doğmalığı, istiliyi yaratmaqdır. Təsadüfi deyil ki, o, həmişə "bizim kollektivimiz" deyil "bizim ailəmiz" deyir.
Yeri gəlmişkən deyim ki, İTRYŞ-də gənc ailələrin sosial durumu diqqət mərkəzində saxlanılır. Kollektiv müqaviləyə əsasən, yeni qurulan ailələrə, körpəsi dünyaya gələnlərə maddi yardımlar göstərilir. İ.Əliyev vurğuladı ki, kollektiv müqavilənin digər tələbləri kimi bu maddəni də nəzarətdən çıxarmırıq.
O, sözünün doğruluğuna məni inandırmaq üçün konkret rəqəm də söylədi: “Kollektivimizdə son vaxtlar 50-yə yaxın gənc ailə qurub. Bu cütlüklər dünyaya 41 körpə gətiriblər”.
Yaxşı, təqdir olunmağa layiq ənənədir. Güman edirik ki, digər kollektivlər də İTRYŞ-nın bu ənənəsinə qoşulmağa tələsəcəklər.
"Ülfət"



«Yeni ənənə»   -
«Ülfət Qazeti»   -