Nəticələr qənaətbəxşdir
Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad HİRK-in və «Gənclik» Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil məktəblərinin tələbələri arasında oktyabrın 15-dən start götürən IX Respublika Spartakiadası davam edir.
Atletlərin (oğlanlar) yarışmasında Bakı Texniki Kollecinin tələbələri 1-ci, Bakı Biznes və Kooperasiya, Bakı Neft Energetika kolleclərinin tələbələri müvafiq olaraq 2-3-cü yerlərə layiq olmuşlar. Qızlar arasında isə Bakı Məktəbəqədər Pedaqoji Texnikumun yetirmələri fərqlənmişlər. Sonrakı mükafatalayiq yerləri Bakı Baza 2 saylı Tibb Məktəbi və Bakı Mədəni Maarif Texnikumun tələbə-idmançıları tutmuşlar. Damaçıların (oğlanlar) mübarizəsində Bakı Neft Energetika Kollecinin yığması hamıdan güclü olmuşdur. Bakı Rabitə və Nəqliyyat Kollecinin idmançıları ikinci nəticə ilə kifayətlənmişlər. Bakı Yeyinti Sənayesi Texnikumun təmsilçiləri isə 3-cü olmuşlar. Qızlar arasında Bakı Baza 2 saylı Tibb Texnikumu 1-ci, Bakı Rabitə və Nəqliyyat, həmçinin Bakı Biznes və Kooperasiya kollecləri 2-3-cü yerləri bölüşmüşlər. Qalib olmuş hər 3 yerin sahibinə «Gənclik» Tələbə İdman Cəmiyyətinin diplomları verilmişdir.
|